adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
10 Noyabr 2022 17:28
594
ƏDƏBİYYAT

MƏKTUB YETİŞMƏDİ...

elegiya

Susuzluqda su təki, bəlkə yadına düşəm;
Mənə bir məktub göndər, bilim ki, ölməmişəm.
Səndən başqa bilən yox, dərdimə bir dərman yaz,
İki kəlmə nədi ki, ay gözünə qurban, yaz.

Çox yox, bir varaq göndər, vaxtın yoxsa ağ göndər,
Əllərinin izini evimə qonaq göndər.
Bilim harda solursan, ay gülüm, ay bənövşəm.
Mənə bir məktub göndər, bilim ki, ölməmişəm...


Bu şeirin müəllifi məndən cəmi 4-cə gün kiçik olsa da, özünü illərlə kiçik kimi aparar, həmişə mənə hörmət və sayğı ilə yanaşardı. Deməzdim ki, hər gün görüşər, ya zəngləşərdik. Amma azından ayda bir-iki dəfə zəng edərdi. Poeziya klubunda keçirilən tədbirlərə gedəndə yolunu mütləq mənim iş yerimdən - poçtdan salardı, görüşər, ayaqüstü söhbətləşərdik. Hər dəfə də görüşəndə gülümsəyərək deyərdim:

-Sənə məktub yoxdur, şair. Narahat olma mütləq yazacaqlar.

O da gülümsər çöhrəsinə yaraşan bir şirinliklə qoluma girib deyərdi:

-Mən artıq unudulmuşam. Heç kimdən məktub gözləmirəm. Səninlə görüşmək üçün gəlmişəm.

Son dəfə təxminən 10 – 15 gün bundan qabaq gəlmişdi. Həmişəki mehriban görüşümüzdən, həmişəki dialoqumuzdan sonra qəfil qayıtdı ki;

-Dostum, ürəyimdən bu yaxınlıqdakı kafedə səninlə nahar eləmək keçdi. Tək oturmaq ləzzət eləmir!

İşin qızğın vaxtı olduğundan gedə bilməyəcəyimi dedim və əlavə etdim:

-Yox, Sabir, mən işdəyəm, alınmayacaq. Həmkarlarımızdan birinə zəng elə gəlsin, birlikdə oturun.

Üzü sərtləşdi, ötkəm və bir az da incik səslə cavab verdi:

-Mən həmkarlarımızdan biriylə yox, səninlə oturmaq istəyirəm.

Könlünü aldım, kabinetdə bir stəkan çay içəndən sonra əhvalı düzəldi. Gedəndə - Məktubum gələndə xəbər elə, gəlim, - dedi.

-Narahat olma şair. Lazım olsa özüm gətirərəm evinizə, təki sənə məktub göndərsinlər.

Sabirin uzun müddət nigarançılıqla gözlədiyi məktub axır ki, dünən işin sonunda şöbəyə daxil oldu. Zəng etdim, telefona cavab vermədi. Düşündüm ki, səhər çatdıraram...

Qatarda Bakıdan Sumqayıta yol gələrkən adətim üzrə ya kitab oxuyar, ya da FB-da gəzişərək dostların yazılarını gözdən keçirirəm. Səhifəmi açanda

ilk gözümə sataşan şair dostum İbrahim İlyaslının yazısı oldu... Sumqayıta kimi gözümdən yaş sel kimi axdı...

Şöbənin həyətində ilk qarşıma çıxan da poçtolyon oldu:

-Rəis, dostunuz şair Sabir Yusifoğlunun adına gələn məktubu geri qaytarım, ya sizə verim? Deyirlər şair bu axşam...

Məktubu ondan alıb otağıma keçdim...

Əziz dostum Sabir Yusifoğlu!..

Yadına gəlirmi, sənə söz vermişdim, təki məktub gəlsin, onu sənə çatdıracam. Məktubun gəlib. Məktubundan narahat qalma. Onu göz bəbəyim kimi

qoruyacam. Səndən böyük olsam da, bu dəfə qardaş, dost kimi mən özüm görüşünə gələcəm və məktubu şəxsən özünə təqdim edəcəm!

Rahat uyu dostum! Məqamın uca olsun!

Allah sənə qəni-qəni rəhmət eləsin, Şair!


ARİF ƏRŞAD
28-09-2022-ci il.