24 Iyul 2024 17:11
64
ELM VƏ TƏHSİL

Memarlıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin (subbakalavrların) qabiliyyət imtahanında iştirak etməsi üçün ərizə qəbulu iyulun 17-dən 23-dək aparılıb və bu müddət ərzində 399 nəfər qeydiyyatdan keçib.

Dövlət İmtahan Mərkəzindən Adalet.az-a bildirilib ki, qabiliyyət imtahanı iyulun 30-dan avqustun 2-dək Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi, 11) keçiriləcək.

İştirakçılar imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Onlar buraxılış vərəqəsində göstərilən tarix və saatda şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

Abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən qabiliyyət imtahanı verirlər. İmtahanın müddəti 3 saat 45 dəqiqədir. İştirakçılar A3 formatlı kağız üzərində naturadan gipsdən hazırlanmış antik başın təsvirini çəkirlər. 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alanlar imtahandan məqbul qiymət almış hesab edilir və xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.

Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2024-cü ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Təsviri sənət və memarlıq” adlı xüsusi buraxılışında verilib.

İmtahanın nəticələri ilə bağlı abituriyentlərin (subbakalavrların) apellyasiya müraciətlərinə avqustun 3-də saat 09:00-dan 12:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərəcək Apellyasiya Komissiyası tərəfindən baxılacaq.