25 Yanvar 2024 11:52
2171
MƏDƏNİYYƏT

Mənəvi və milli sərvətlərimiz: Üzeyir Hacıbəyov və "Leyli və Məcnun" - 116

Tanrı Azərbaycana təkcə neft, qaz, dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri kimi qiymətli sərvət verməyib.

Həm də Üzeyir Hacıbəyov kimi bir düha, bir vətənpərvər, bir maarifçi verib, müsəlman və şərq aləmində bir ilk olacaq şəxsiyyətlə mükafatlandırıb bizə. Üzeyir Hacıbəyov mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi təkrarsız azərbaycanlı, unudulmaz şəxsiyyət əsl sərvətdir.
Dahi bəstəkar 1907-ci ildə, mütəfəkkir şair  Məhəmməd Füzuli tərəfindən XVI əsrdə yazılmış "Leyli və Məcnun" faciəsinin motivləri əsasında ilk milli Azərbaycan operasını yazdı.  "Leyli və Məcnun" nəinki Azərbaycanda həm də bütün İslam dünyasında ilk opera idi.
Operanın ilk dəfə səhnəyə qoyulması da böyük olay oldu.
 12 (25) yanvar 1908-ci ildə Bakı şəhərindəki Tağıyev Teatrında baş tutan, klassik sevgi əfsanəsi kimi Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada məşhur olan bu əsər Üzeyir bəyin dühası və fitri istedadı sayəsində Azərbaycan mədəniyyətinin mirvarilərindən biri, şərq sənət aləmində ilk inqilab hesab edilə bilər. Elə səhnədə ilk baxışından sonra “Leyli və Məcnun” xalq tərəfindən çox sevildi və bu günə kimi də Azərbaycan opera və balet teatrının səhnəsində oynanılır. 

Musiqişünasların fikrincə, "Leyli və Məcnun" operası müasir musiqi inkişaf etdirmə vasitələri və xalq incəsənətinin milli-orijinal xüsusiyyətlərinin sintezinin əsasını qoyu. Zəngin folklor materialı (əsasən muğamlar və lirik mahnılar) əsasında qurulmuş bu opera, əsrlər boyunca toplanmış musiqi ənənələrinin beynəlxalq qəbul edilmiş musiqi incəsənəti formaları ilə ümumiləşdirilməsinə ilk cəhddir. Bu yolla da, not yazısı və solo vokal improvizasiyanı (muğam) birləşdirən muğam-opera janrı yaradılıb.

Doseni,sənətşünaslıq namizədi Cəmilə Həsənova mühazirəsində operanın sevilmə və uzunömürlü olma səbəblərindən danışaraq deyir:"Ü.Hacıbəyov öz məqalələrindən birində «Leyli və Məcnun»un yaranma tarixini işıqlandıraraq yazırdı ki, təxminən 1897-1898-ci illərdə hələ on üç yaşında olarkən, doğma şəhəri Şuşada «Məcnun Leylinin məzarı üstündə» adlı musiqili səhnəyə baxır. Bu, Füzulinin «Leyli və Məcnun» poemasından sonuncu hissənin teatrallaşdırılmış şəkildə muğamla oxunması idi. Həmin musiqili səhnəni görkəmli Azərbaycan yazıçısı və dramaturqu Əbdülrəhim bəy Haqverdiyev Şuşanın tanınmış musiqiçilərinin köməyi ilə tamaşaya qoymuşdu. Məcnun rolunun ifaçısı dövrünün ən məşhur xanəndələrindən biri – Cabbar Qaryağdı oğlu idi. Onu tarzən Mirzə Sadıq oğlu müşayiət edirdi. Xor epizodlarına yaxşı səsi olan uşaqlar cəlb olunmuşdu. Üzeyir Hacıbəyov da bu uşaqların cərgəsində idi.
Üzeyir bəyin yazdığına görə, bu musiqili tamaşa onu çox həyəcanlandırır və yaddaşına həkk olunur. Bir neçə ildən sonra Qori müəllimlər seminariyasını bitirib Bakıya gələrkən o, məhz Füzulinin «Leyli və Məcnun» poeması əsasında opera yazmaq haqqında düşünür və tezliklə bu fikrini həyata keçirir".


"Leyli və Məcnun" operasının İlk səhnələşdirmə rejissoru Hüseyn Ərəblinski, drijoru Əbdürrəhim bəy Haqverdiyev olur. Rolları Hüseynqulu Sarabski (Məcnun), Əbdürrəhman Fərəcov (Leyli), C. Dağıstani (İbn Salam), Mirmahmud Kazımov (Məcnunun anası), Mirzə Muxtar (Əbülqeys, Məcnunun atası), İmran Qasıçov (Kəngərli) (iki rolu ifa edir: Leylinin atası – Fəttah və Zeyd) , C. Vəzirov (Leylinin anası), həmçinin yeddi ərəb rolunda Məmmədov, Səfərov, V. Vəzirov, İsmayılov, Əliyev və başqaları çıxış edirlər. Tarda solo partiyalar Qurban Pirimov və Şirin Axundov tərəfindən ifa olunur. 

İlk tamaşanın xoreoqrafı Bəhram Vəzirov, suflyoru A. Rzayev, məsul idarəçi isə Bala bəy Aşurbəyov (Sara Aşurbəylinin atası) olur. Üzeyir Hacıbəyov özü isə orkestrda skripka partiyasını ifa edir.
Premyera problemsiz də ötüşməmişdir. Tamaşanın başlamasına iki saat qalmış skripkaçılardan ikisi gəlməyəcəyini xəbər etmişdir. Hacıbəyov skripka musiqisinin bir hissəsini təcili dəyişməli olur, həmçinin bu alətdə ifa etmək üçün şəxsəx orkestra qoşulur. Hacıbəyovun operasına qarşı çıxanlar da olur. Bunlar, yerli mollalar və konservativ əhvala malik yerli avtoritetlər – qoçular idi. Bəzi məlumatlara görə, yerli mollanın göstərişi ilə premyeradan sonra H. Sarabskiyə hücum olunur. Sonradan 1930-cu ildə nəşr edilmiş xatirələrində Sarabski yazır:
...Bu tamaşadan sonra çoxları məni Məcnun adlandırmağa başladılar. Mən bu ada yüksək dəyər verir və onunla fəxr edirdim. Əvvəl mənə küçədə lağ edən xalq, indi hörmət və sevgi ilə qəbul edirdi..
116 ildir ki, Azərbaycan opera sənəti var və dünyanın bir çox ölkələrində məhz bu əsər müvəffəqiyyətlə oynanıldı. Tamaşa uğurları ilə Azərbaycan opera sənətini dünyaya tanıtdı. Bunun üçün Azərbaycanın milli və mənəvi sərvəti Üzeyir Hacıbəyova bu gün də təşəkkür borcluyuq.

 Əntiqə Rəşid