adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7
07 Iyun 2022 11:32
41741
MƏDƏNİYYƏT

Mənfi obrazların mahir ifaçısı: Nifrət etdiyimiz “Xaçaturyan” - 98

O vaxt hələ gənc idim və doğma yurdumun erməni işğalı altında qalmasının , camaatımızın el-obasından pərən-pərən düşməsinin, kəndimizin igidlərinin şəhid olmasının ağır yükünün altında əzildiyimiz vaxtlar idi. Bir səhər məskunlaşdığımız Quzanlı-1 köçkün qəsəbəsində “Çiçəyin kafesi” nin yanındakı yerdən qaynama bulağın başına yığılmışdıq, qadınlar, uşaqlar, qocalar... Hamı pəjmürdəydi. Hamı kədərliydi, çünki hamı ötən axşam göstərilən “Fəryad” filminin təsiri altındaydı. Müharibədə - döyüşlər zamanı itkin düşmüş 25 yaşlı polis Vüqarın bacısı Məlahət Laçının işğal olunması xəbəinə qol götürüb oynayan “qalib erməni” dən danışanda gözlərindən yaş muncuq-muncuq olub süzüldü.

 

Qarabağı işğal etmiş erməni düz 30 ildir ki, gözümüzə, yaddaşımıza o “qalib erməni” kimi həkk olunmuşdu. Bəli söhbət böyük sənətkar, təkrarsız istedad sahibi, Azərbaycanın teatr və kino aktyoru Məlik Dadaşovdan gedir.

Məlik Dadaşov həmin filmdə Xaçaturyan obrazını canlandırır. Oynadığı rolda peşəkarlıq göstərən aktyor bu filmdə ermənilərin iç üzünü açmağı bacarmışdı. Onların necə bir qaniçən, uşaq qatili olduğunu öz rolu ilə "Fəryad" filmində xalqa çatdırmışdı.

 

 Şeyx Nəsrullah, Qəmlo, Molla Sadıq, Xaçaturyan...

 


 

Məlik Dadaşov 7 iyun 1924-cü ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Neft sənayeçisi olan atası Nobellə birlikdə işləyib. Aktyor təhsilini 174 saylı orta və  A. Zeynallı adına musiqi məktəbində alıb. Buranı bitirdikdən sonra başqa gənclər kimi, Məlik də müharibəyə yollanıb. Kontuziya alıb və 1943-cü ildə müalicəsini başa çatdırıb, yenidən hərbi hissələrdə musiqiçi kimi xidmət göstərib.

 

1945-ci ildə ordudan tərxis olunduqdan sonra Məhərrəm Haşımovun təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. Bir müddətdən sonra Zaqatala Dövlət Teatrı açılıb. Aktyorluq fəaliyyətinə yenicə qədəm qoymuş Məlik bu teatra göndərilib. 1946-cı ilin mayında isə Şəmkir teatrına göndərilib. Burada bir il işlədikdən sonra 1947-ci ildə Teatr İnstitutuna - Adil İskəndərovun kursuna daxil olub. Həmçinin, filarmoniyanın mahnı və rəqs ansamblına rəqqas kimi işə götürülüb.

1950-ci ilin oktyabrında Milli Dram Teatrında fəaliyyətə başlayıb. Məlik Dadaşov 35-ə yaxın bədii filmdə çəkilib. “Axırıncı aşırım”da Qəmlo, “Dəli Kür”də Molla Sadıq, “Koroğlu” da Bolu bəy, “O dünyadan salam”da Şeyx Nəsrullah, “Birisi gün gecə yarısı”nda Nəriman Nərimanov, “Babək”də İbn Bəis, “Nəsimi”də Şirvanşah İbrahi obrazları hamının yaddaşındadır.

Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov 2 dekabr 1996-cı ildə vəfat edib.
 

Mediayadan: Ermənistanın xalq artisti

 

Bir dəfə də Məlik Dadaşov instituta gedəndə “Malakan” bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır. “Ay camaat, bu adam ermənidi”, - deyib camaatı yığır başına. Bu zaman bir əsgər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu üçün aktyoru tanıya bilməmişdi. Qadın isə dediyinin üstündə təkid edirdi: “Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir”. Axırda aktyor əsgərə deyir, “bala mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə filmdə erməni obrazını yaratdığım üçün qadın məni qarışıq salıb”. Hətta “Fəryad” filmindən sonra erməni diasporu Məlik Dadaşova “Ermənistanın xalq qəhrəmanı” adını vermişdi. Aktyor isə Azərbaycan efirinə çıxaraq bəyan etmişdi ki, o, bu titulu qəbul etmir. Bu hadisədən sonra Məlik Dadaşov özünü çox pis hiss edirdi. Bəlkə də peşmançılıq çəkirdi: “Axı mən demişdim bu rolu oynamamalıyam. Bununla bütün xalqın sevgisini itirə bilərəm”.

 

Tanınmışların “nifrət” etdikləri aktyor adı: Məlik Dadaşov

 

 

Strategiyua.az saytı “Ən nifrət edilən aktyorumuz” kimdir? Sualına tanınmışlardan gələn cavablar:

1. Rüstəm Behrudi: Rza Təhmasib (“Mehman” - Qaloş)

2. Mənsum İbrahimov: Məlik Dadaşov (“Fəryad” - Xaçaturyans, “Axırıncı aşırım” - Qəmlo)

3. Qan Turalı: Məlik Dadaşov (“Fəryad” - Xaçaturyans)

4. Dilqəm Əhməd: Məlik Dadaşov (“Fəryad” - Xaçaturyans)

5. Vüqar Əhməd: Nifrət etməmişəm, bilirəm ki, roldur. Aktyor mənfi rolunu məharətlə ifa edəndə film boyu şübhəsiz nifrət olur. Uşaqlıqda "Yeddi oğul istərəm" filmindəki roluna görə İsmayıl Osmanlıya nifrət edirdim. Böyüyəndə "Fəryad" filmində erməni Xaçaturyans, "Axırıncı aşırım” filmində isə Qəmlo roluna görə böyük aktyorumuz Məlik Dadaşova qarşı məndə qəzəb yaranıb. Teatrlarda isə mənfi rolların peşəkar ustası Fuad Poladova qarşı "nifrət" yaranıb məndə.

6. Nəsimi Nəbizadə: Məlik Dadaşov

7. Kənan Hacı: Azərbaycan kinosunda ən çox nifrət elədiyim obraz Kələntər dayı olub. Bu obrazı da rəhmətlik İsmayıl Osmanlı oynayıb. "Yeddi oğul istərəm" filmində bu obraz az görünür, amma tamaşaçının yaddaşında çox dərin iz buraxır.

8. Nilufər Muğantürk: Yəqin indi hamı filmlərin, 80-90% də Məlik Dadaşovun adını çəkib, mən tamaşadan deyim. Teatr səhnəsində çox sevdiyim aktyorlardan biri - İlqar Cahangirin "Məkkəyə gedən yol" tamaşasında oynadığı Xudayar bəy roluna görə zəhləm getmişdi o anlıq ondan, yəni o qədər gözəl oynamışdı ki, o cür sevdiyim aktyor əsəbləşdirə bilmişdi məni. "Məkkəyə gedən yol" tamaşasındakı Xudayar bəy roluna görə İlqar Cahangir.

9. İntiqam Hacılı: Məlik Dadaşov (“Fəryad” - erməni obrazı)

10. Cəlil Cavanşir: "Fəryad" filmindəki erməni roluna görə Məlik Dadaşova, "Yeddi oğul istərəm" filmindəki Kələntər roluna görə İsmayıl Osmanlıya uşaq vaxtı ciddi şəkildə nifrət edirdim.

11. Sərdar Amin: Məncə, Azərbaycan filmlərində mənfi obrazları ən yaxşı canlandıran obraz Məlik Dadaşovdur - “Fəryad” filmindəki Xaçaturyans, “Axırıncı aşırım” filmindəki Qəmlo obrazına görə.

12. Ərəstun Oruclu: İsmayıl Osmanlı (“Yeddi oğul istərəm” - Kələntər dayı)

13. Yafəs Türksəs: Məlik Dadaşov, İsmayıl Osmanli, Muxtar Maniyev.

14. Şahnaz Kamal: Məlik Dadaşov.

15. İradə Musayeva: Mənfi rolun öhdəsindən gələn ən yaxşı aktyor Məlik Dadaşov (“Axırıncı aşırım” filmində Qəmlo, “Fəryad” filmində erməni), Adil İskəndərov (“Mehman” filmində Kamilov) və s. Amma aktyora nifrət etmirəm qətiyyən.

16. Kürçaylı Məmmədov: Məlik Dadaşov (“Fəryad” - Xaçaturyans), Muxtar Manıyev (“Ölsəm bağışla” - Seyidrza), Rasim Balayev (“Otel otağı - Sədyar)

17. Qulu Ağsəs: Məlik Dadaşov.

18. Məti Osmanoğlu: Ağlım kəsəndən aktyorla onun oynadığı rolu eyniləşdirməyim yadıma gəlmir. Əksinə, mənfi rolları məharətlə oynayan aktyorlara böyük rəğbətim olub. Məsələn, İsmayıl Dağıstanlı Kələntər obrazını böyük ustalıqla yaradılıb və bu rola görə onu çox sevmişəm. Şeyx Nəsrullahı Məlik Dadaşov gözəl oynayırdı...

19. Rəşad Məcid: Məlik Dadaşov. Amma nifrət etmirəm, peşəkarlığına hörmət edirəm.

20. Narıngül Nadir: Məlik Dadaşovun oynadığı Xaçaturyansa görə bir müddət bu aktyoru görəndə ona qarşı mənfi hisslər yaranırdı. Düşünürəm ki, Məlik Dadaşov bu rolun öhdəsindən olduqca məharətlə gəlib. İstər üzünün ifadəsi, mimikası, istərsə də aktyor oyunu son dərəcə uğurludur.

 

  Qeyd edək ki, böyük aktyor 3 dəfə ailəli olub. Xalq artisti Sofa Hüseynova ilə ailəliyindən Xalq artisti Rafael Dadaşov, ikinci evliliyindən iki qızı dünyaya gəlir. Qızın biri yeniyetmə çağına xəstəlikdən vəfat edir. O biri qızı isə ailə qurub ABŞ- köçür. 3-cü evliliyindən Dolores adlı xanımla evlənir və Gülnarə adlı qızı dünyaya gəlir.

 

 Əntiqə Rəşid