06 Iyun 2024 16:22
1742
ƏDƏBİYYAT

MƏRTƏBƏ PULU - Əlisəfa Azayev

Əsəd buz baltası kimi sağlam bir kişi idi. Uzun müddət idi ki, ticarət sahəsində işləyirdi. Baməzə söhbətləri ilə çoxlarının sevimlisinə çevrilsə də, onu istəməyənlər də vardı. Xüsusilə pulgirliyinə, tamahkarlığına görə. Bir dəfə biri ondan soruşdu:
˗    Əsəd, əyib döyülmü, yalandan and içib oğlunu öldürürsən ki, bu elə mayasıdı, artıq pul almıram səndən. 
Onda Əsəd gülümsər halda ona cavab verdi:
˗    Qadası, belə şeylər ticarətcilər arasında olan söhbətlərdi. Bizim də öz andımız var axı. And içəndə barmağımızın mayasından yapışıb and içirik. Bu da keçərli deyil. 
Əsəd həmişə rayonun gur ticarət mərkəzində olardı. İndi də belə bir yerdə mağaza tikdirmişdi. Özü də o mağaza ona nə az, nə çox, düz otuz minə başa gəlmişdi. Tikintisinə yox ey, yuxarılara ötürdüyü pul bu qədər eləmişdi.
İcrada onun adamı müavin, memar idi. Başçıya əli çatmırdı. Son günlər bu həvəsə düşmüşdü ki, tikintini genişləndirsin, binanı ikimərtəbəli eləsin. Bu səbəbdən də müavinə zəng çaldı:
˗    Qohum...
˗    Bəli eşidirəm...
˗    Mənəm ey...
˗    Bilirəm.
˗    İstəyirəm bu binanı bir mərtəbə də qaldırım. 
˗    Qaldır da.
˗    Başçı bir söz deməz?
˗    Puluna minnət.
˗    Bunun üçün də pul lazımdı?!
˗    Əlbəttə ki...
Bu söhbət sonralar da təkrarlandı. Əsəd kimi görürdüsə dərdi təzələnirdi:
˗    Ə, sən mənim canım belə şey olar. Binanı tikdirəndə də otuz min, indi mərtəbəni artıranda da. 
˗    Onların dilini yenə sən bilərsən.
˗    Ey... Daha demə.
˗    Bir də məcburi deyilki. Tikmə, artırma da. 
˗    Sahəm azdı axı. 
˗    Onda pulunu ödə də. 
˗    Daha bu qədər?
Bu gün də bu məqsədlə memarın yanına getmişdi. Növbətçi zəng çaldı. Onu içəri buraxdılar. Memar Həzi onu görəndə elə bil ki, ən yaxın, əziz adamını gördü:
˗    Salam...
˗    Salam, bacıoğlu.
˗    Bir şey gətirmisən?
˗    Nəyi?!
˗    Pulu da...
˗    Otuz mini?!
˗    Hə...
˗    Çoxdu axı. 
˗    Artıq bu barədə başçı da məlumatlandırılıb! Necə çoxdu?! Bizi biabır etmək istəyirsən!
O gündən Əsədi əsl mənada gipnoz elədilər, tələyə saldılar. Aşağı düşməklə də araları yox idi. Otuz min deyib durmuşdular. O isə hey düşünər, öz-özünə hesabat verərdi, nə günah etmişdi ki, belə işlər onun başına gəlirdi. 
Həyatda günahsız insan olmasa da, onun bir günahı daha böyük idi. Mağazaya satıcı qız götürmüşdü. İlk andan onu təsirləndirdi. Cazibə qüvvəsindən çıxa bilmədi. Qıza toxunduqca ona yalvarardı:
˗    Qızam məni bədbəxt eləmə...
˗    Ölürəm axı...
˗    ...
˗    Deyirsən ki, mən məhv olum?!.
˗    ...
˗    İtim, torpağa qarışım?!. Niyə başa düşmürsən?!
Beləcə, arxayın bir vaxtda qapıları bağladı. Qızı sakit bir güşəyə çəkdi. Daha doğrusu, arxa qapıya, anbara tərəf. Elə təzə top parçalar üstünə uzandırdı onu. Ona əl vurduqca qız yalvarır, göz yaşı tökürdü:
˗    Toxunma...
˗    ...
˗    Bir insafın...
˗    ...
˗    Allahın olsun...
Sonradan bu kef səhnələri təkrarlansa da, arada qorxuya düşdü. Qız hamilə qalmışdı. Arada onu şəhərə, həkimə aparası oldu. Yenə də yaxşı ki, hər şey sakitliklə, qalmaqalsız başa çatdı. 
Sonradan lap ayılan kimi olub, bu sərgüzəştlə son qoydu. Qız ondan ayrılmaq istəmirdi. Qorxudası çəkindirəsi oldu. Hətta arada arvadını bu işə cəlb elədi. Onu heç nədən bir bəhanə edərək saçladı, yoldu, mağazadan qovdu:
˗    Alçaq ləçər!..
˗    ...
˗    Mənim ərimə tamah salmısan?!
˗    ...
˗    Səni qurd-quş tək didər, parça-parça edərəm!..
O gündən sonra həmin qızın – Afaqın bir müddət xiffətini çəksə də, sonradan tamam unudan kimi oldu. 
Bir müddət sonra onu bazarda görəndə, əvvəlki günlər, sərgüzəştləri, xoş anları gözləri önündə canlandı. Qız indi xeyli yaxşılaşmış, gözəlləşmişdi. Onu salamladı:
˗    Salam!..
˗    ...
˗    Bu sənsən?!.
˗    Rədd ol!
˗    Axı belə yaxşı deyil
˗    Sən də kişisən?!
˗    ...
˗    Arvaddan qorxan əclaf!
˗    ...
˗    Nə boğub öldürərdim səni!..
Sonradan onunla maraqlansa da, ələ ala bilmədi. Ərə də getməmişdi. 
Onların kəndindən adam görəndə soruşardı. İndi də biri gəlmişdi:
˗    Afaq necədi?
˗    Belə də.
˗    Bizim mağazada işləyib.
˗    Bilirəm.
˗    İndi işləyirmi?
˗    İşləyir. Kitabxanada. 
˗    Çox yaxşı. Salam deyin. 
Bu salam da sonralar başına bəla oldu. Bir gün yanına gəlib onu o ki var abırsız elədi, göy əskiyə bükdü:
˗    Ə, utanıb-qızarmırsan?! Sən kimsən ki, mənə salam göndərmisən?!
˗    Mən?!.
˗    Bəli, sən əclaf!
Günlər, aylar, illər elə sürətlə ötüb keçirdi ki. Onunla bağlı həzin xatirələr bir gün də olsun onu tərk etmirdi. Bir gün təsadüfən dəmir yolunun üstündə qarşılaşdılar. Bura da sakit bir yer idi. Dilləndi:
˗    Salam, mənim əzizim...
˗    Lağ edirsən?
˗    İnan, yox...
˗    Əzizin evdədi...
˗    ...
˗    Sənin iri, gonbul somavarın. Qoy səni nə qədər qızdırır qızdırsın. Bu soyuq havada ləzzət verər..!
˗    ...
˗    Eləmi?!
˗    Yox...
˗    Nə tez şirinliyi qaçdı?
˗    Təzə qovun, meyvə yeməli, ətirli olur. 
˗    Yavaş, boğazında qalar.
˗    Bəs niyə evlənmirsən?
˗    Sənin günahın səbəbindən...
˗    ...
˗    Bizim kənddə bu bilinsə, sonu faciədi. 
˗    Dul adam da yoxdur?..
˗    ...
˗    Etiraf elə, bildir...
˗    Məsləhətinə görə çox sağ ol.
˗    Pul da verərəm, kömək edərəm.
˗    Başına dəysin... Tfu!..
Qız bu sözləri deyərək oradan uzaqlaşdı. Həqiqətən də, münasibətdə olanda onu subay bilmişdi. Evli olduğunu bilsəydi, onu yumruqlar, müqavimət göstərər, başına vurub yarardı. 
Əsəd yenə də mağazada tək idi. İçəri girən də yox idi. Pul elə bil ki, nissə çəkilmişdi. Camaatı da nə qınayasan. Aldıqları nə idi ki. Alıcılıq qabiliyyətləri çox aşağı idi. 
Sahə müvəkkilinin gəlişi onu heç də sevindirmədi. Cibinə nə isə qoymaq lazımdı. Səsləndi:
˗    A kişi, salam!
˗    Kişi atandı.
˗    Olsun da. 
˗    Pul yoxdu.
˗    Ağlama.
˗    Canım üçün, olanı, həqiqəti deyirəm də.
˗    Mənə yox da... Bəs deyirlər ki, buranı bir mərtəbə də yuxarı qaldırırsan?
˗    Hə...
˗    Bəs deyil?
˗    Çox olsa, pis olmaz. 
˗    Pulunu vermisən?
˗    Nə pul?!
˗    Otuz mini də...
˗    Bunu sənə kim dedi?
˗    Guya bilmirik.
˗    Hə, tikiləndə...
˗    Yox ey, ikinci mərtəbəsi üçün.
Əsəd sahə müvəkkilinin cibinə pul qoyub yola salanda, kapitan qayğıkeşliklə dedi:
˗    Yox ey... Məni başa düş... Mən bunun üçün gəlməmişdim bura...
˗    ...
˗    Vəzifə səlahiyyətimi icra etmək üçün gəlmişdim bura.
˗    ...
˗    Səni xəbərdar etmək üçün ki, sonra heç nədən bədbəxt olarsan, başın ağrıyar. Bura bina yeri deyil axı. 
˗    Allah xeyir versin de...
˗    Mən nə deyirəm ki... Allah xeyir versin. Bəs Fövqəladə Hallar Nazirliyinin işçiləri nə deyir bu tikiliyə?
˗    Nə deyəcəklər ki... Bir az mız-mız elədilər, razılaşdıq da. Bilmirsən, pul açmayan qapını, o kişi də aça bilməz. 
“O kişi” kəlməsi, ifadəsi onu təsirləndirdiyi üçün özünü saxlaya bilməyib dedi: 
˗    Qoca qurd!..
˗    Hə...
˗    Eşə-eşə gedirsən də...
˗    Belə də...
˗    O vaxt o qızın bəkarətini burada harada pozmuşdun?
˗    Sən də söz tapdın da danışmağa?
˗    Zorlamışdın, yoxsa öz razılığı ilə?
˗    Daha ağ eləmə də.
˗    Xəbərin var, hələ də ərə getməyib. Qarıyıb... Un çuvalına tay olacaq da. Bundan böyük günah iş var?!
Sahə müvəkkili təzəcə getmişdi ki, müavin Yaqubəli bir hay-küylə ona zəng çaldı ki:
˗    Ə, Əsəd!..
˗    Bəli...
˗    Dinəndə qohum deyirsən. Bizi nə pis vəziyyətdə qoymusan?
˗    Nə etmisəm ki?
˗    Mərtəbə pulu yadından çıxıb? Tez ol! Başçı şəhərə gedir. Təcili pul lazımdı. 
˗    Çoxdu axı. 
˗    Ağ eləmə. Bu dəqiqə memarı göndərirəm yanına. 
Əlacsız halda pıçıldadı:
˗    Gəlsin də...
Memar da üzlər görmüşün biri adı. Mağazaya girən kimi o köynəkdən, bu kostyumdan, ayaqqabıdan yapışdı:
˗    Əmi, bizə bir şey vermirsən?
˗    Könlün istəyəni seç də.
˗    Pulum yoxdu axı...
˗    Sizi doğanı, əkəni mən nə deyim. Bəs bu qazandıqlarınızı neyləyirsiniz?
˗    Pulun dəyəri var?! Çatmır da. 
˗    Yaxşı, bir şey götür də. 
˗    Bu kostyum pis deyil. Əsl razmerimdi. 
˗    ...
˗    Köynək, ayaqqabı da ona yaraşar...
˗    ...
˗    Cibimə pul qoysaydın da əla olardı...
Əsəd memar gedəndən sonra dərin düşüncələrə daldı. Verdiyi otuz min onu elə yandırıb yaxırdı ki... O qədər fikirli olmuşdu ki, pul götürdüyü seyfi də hələ bağlamamışdı. Açıq qalmışdı. Mızıldandı:
˗    Bağlamağın nə adı var ey...
˗    ...
˗    Orada nə qalıb...
˗    ...
˗    Siçanlar oynayır da...
Bu an amansız bir səs, gurultu eşidildi. Sanki yer kürəsi məhvərindən qopdu...Demə, onun mağazasına sürətlə gedən, sürücüsünün idarəetməni itirdiyi iri bir “KAMAZ” maşını çırpılmışdı. Bir andaca uçub dağılmış mağazasına baxan yolla keçənlər səslənirdilər:
˗    Aman Allah!
˗    Bədbəxtliyə bax!
˗    İçərisində adam vardımı?!.
˗    Əsəd orada idi!..
Bir azdan orada başqa maşınlar da cəm oldu. Təcili yardım maşını həyəcanlı sirena siqnalı verə-verə gəldi. Ona, tibb işçilərinə yol verdilər. Sonra da yanğınsöndürənlər. Maşın hələ də tüstülənirdi axı. Onların gur səsi eşidildi:
˗    Çəkilin!
˗    Yol verin!
˗    Şlankı, suyu düz tut, vur! 
Təsadüfən başçı da buradan keçirmiş. O maşınını saxlayıb, yerə düşəndə tibb işçilərinin nasılkaya qoyub apardıqları Əsədi gördü. Həkimdən onun vəsiyyətini soruşdu. Həkim:
˗    Çox əzilib... Vəziyyəti heç də yaxşı deyil.
Yaralı isə heç nədən xəbəri yoxmuş kimi hey çığırırdı:
˗    Bu bina mənim əmlakımdı... Düz altmış min manat vermişəm. Tikintisindən əlavə... Otuz min əvvəl, otuz min də sonra... Mərtəbə pulu üçün...