Meşələrə ziyan vuranlar cərimələndilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 18-26 noyabr tarixlərində reydlər keçirilib.
Nazirlikdən bildirilib ki, Lənkəran rayonu ərazisində keçirilən reydlər zamanı Lerik rayonu Bibiyanlı kənd sakini Rasim Ağayevə məxsus "Ural” markalı 43 BB 952 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 10 m3,Lerik rayonu Piran kənd sakini Qurbanəli Nəzərova məxsus "Qazel” markalı 43 BB 132 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 5.53 m3və Lənkəran rayonu Təngivan kənd sakini Qəhrəman Əliyevə məxsus "Qazel” markalı 10 XM 184 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində isə 3.5 m3həcmində qanunsuz yolla əldə edilmiş vələs, fıstıq cinsli meşə materiallarının aparıldığı aşkar olunub. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 1631,04 manat məbləğində ziyan tətbiq edilib.
İsmayıllı rayonu ərazisində keçirilən reydlər zamanı Qəbələ şəhər sakini Fazil Tahirzadəyə məxsus "Ford Transit” markalı 99 GV 536 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 184 kisə, ümumi çəkisi 920 kiloqram, İsmayıllı rayonu Mican kənd sakini Heydər Kərimova məxsus "Ford Transit” markalı 31 BD 659 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində isə 300 kisə, ümumi çəkisi 900 kiloqram olan ağac kömürü aşkar olunub. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib edilib.