15 Aprel 2025 18:41
508
SİYASƏT

Zərifə xanım Əliyeva oftalmologiya tarixinə zəngin töhfələr verib

“Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəlliflərindən biridir. Belə ki, XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım Əliyeva  traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində, keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanım Əliyevanın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub: “İnstitutda çalışan dövrdə Zərifə Əliyeva bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, onun fəaliyyəti bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır. Zərifə xanım Əliyeva traxoma ilə yanaşı, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi”.

Malik Həsənov vurğulayıb ki, illəri sistemli şəkildə nəzərdən keçirdikdə Zərifə xanım Əliyevanın oftalmologiya tarixinə zəngin səhifələr yazdığını daha aydın görürük: “Zərifə xanım Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, bir çox elmi məqalələri və monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” və “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Bu əsərlər indi də hər bir oftalmoloq üçün stolüstü kitablar olaraq qalır. Onun zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapıb. Zərifə xanım Əliyevanın xidmətləri daim yüksək dəyərləndirilib. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. O, bütün fəaliyyəti boyu böyük ictimai iş aparmış, keçmiş İttifaqın Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub. Zərifə xanım Əliyeva bir sıra orden və medallarla təltif olunmuş, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü.
Təbii ki, bu qiymətləndirmələr sırasında Zərifə xanım Əliyevaya milyonların sevgisi daha əsas yer tutur”.

Millət vəkili bildirib ki, Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olmuşdur. Zərifə xanım Əliyeva bu çağırışı etmişdir ki, əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Buna görə də hər dəfə xəstələri qəbul edəndə, onlarla söhbət aparanda həkim həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında mənəvi məsuliyyət hiss edir. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o bizimlə üz-üzə dayanıb soruşacaq: “Sənin ağ xalat geyinməyə haqqın varmı?” Onilliklər boyu təkcə biliklərini deyil, həm də ürəyinin hərarətini öz əllərinlə insanlara çatdırmalısan. Zərifə Əliyeva rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib.

Malik Həsənov qeyd edib ki, akademik Zərifə Əliyeva əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib.