adalet.az header logo
  • Bakı -°C
13 Fevral 2026 14:16
71
MEDİA
A- A+

Mətbuat Şurası Azərbaycan Televiziyasını təbrik etdi

Azərbaycanda ilk televiziyanın fəaliyyətə başlamasından 70 il ötür. Bu əlamətdar yubiley münasibəti ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin fədakar kollektivinin hər bir üzvünü təbrik edir, 70 il əvvəl əsası qoyulmuş ənənələrə sadiqlikdən məmnunluğumuzu bildiririk.

Azərbaycan Televiziyası respublikamızın ötən 70 ildəki tarixinin şahidi olmaqla yanaşı, bu tarixin şanlı səhifələrinin yazılmasında bilavasitə iştirak edib. Yüksək peşəkarlığa, özünəməxsus efir mədəniyyətinə əsaslanmış bu iştirakçılıq mavi ekranın milyonların qəlbinə yol tapmasını şərtləndirib. Son dərəcə müstəsna ictimai məzmun daşıyan belə bir missiya televiziya mühitimizi intellektual məkana, ziyalı sözünün möhtəşəm tribunası çevirib. O tribunaya ki, həm də Azərbaycanın azadlığı ideyasını qürurla daşıyıb və onun reallaşmasına əvəzsiz jurnalist dəstəyini göstərib.

Adalet.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının Azərbaycan Televiziyasının 70 illiyi ilə bağlı təbrik məktubunda deyilir.

Bildirilir ki, Azərbaycan Televiziyasının peşəkar dəst-xətti müstəqil respublikamızda hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu prosesinin dərinləşməsinə göstərilən töhfənin bənzərsiz nümunəsidir. Bu nümunənin özü də bir ənənədir. Tam qətiyyətlə demək olar ki, AZTV həm də öz ənənəsini yaradan media orqanıdır. Elə bir ənənə ki, ümumən ölkəmizin televiziya məkanının hər guşəsində onun müxtəlif təzahürləri var. Ona görə də 70 illik yubiley bütövlükdə bu məkanda fəaliyyət göstərən şəxslərinin hər birinin bayramıdır və onlara təşəkkür duyğularımız sonsuzdur.

Azərbaycan Televiziyasının hazırkı fəaliyyəti ana dilimizin saflığının qorunmasının misilsiz praktik örnəyidir. Onun hər veriliş və proqramları bu dəst-xəttin çoxsaylı göstəriciləri ilə zəngindir. AZTV, eyni zamanda, müasir informasiya texnologiyalarının tətbiq platformasının, dövrün tələblərinə uyğunlaşmanın, keçmişlə müasirlik arasındakı vəhdətin uğurlu modelidir. Bütün bunlar, həmçinin, yayım siyasətini yeni texnologiyalar əsasında qurma öncüllüyü AZTV-ni nəinki ölkəmizdə, ümumən dünyada populyar media orqanına, daim dəyişən və inkişaf edən Azərbaycanla bağlı etibarlı informasiya mənbəyinə çevirib.

Əməli fəaliyyəti ilə əsl telejurnalistika məktəbi adını daşıyan Azərbaycan Televiziyasının rəhbərliyini və əməkdaşlarını bir daha təbrik edir, onlara ən xoş və səmimi arzularımızı çatdırır, 70 illik yubiley sevincinin yeni uğurlara və müvəffəqiyyətlərə vəsilə olmasını diləyirik.