adalet.az header logo
  • Bakı -°C
02 Dekabr 2025 10:20
27
İQTİSADİYYAT
A- A+

Mikayıl Cabbarov ƏDV-nin qaytarılması ilə bağlı qərar imzaladı

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar bəzi hüquqi aktlarda dəyişiklik edib.

Adalet.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, vergi inzibatçılığına dair mövcud qaydalar yenilənir və təkmilləşdirilir. Dəyişikliklər fiziki şəxslərin vergi uçotuna alınması və yenidən uçota alınması prosedurlarına, kameral və səyyar vergi yoxlamalarının aparılması mexanizmlərinə, eləcə də əlavə dəyər vergisinin (ƏDV) qaytarılması sisteminə şamil edilir.

Ən mühüm yeniliklərdən biri ƏDV-nin qaytarılması mexanizminin genişləndirilməsidir. Belə ki, bundan sonra yalnız qeyri-kommersiya məqsədilə alınmış mallara deyil, həm də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması mümkün olacaq. Qaydaya əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlər üzrə ödənilmiş ƏDV-nin həmin şəxslər tibbi xidmətlərin göstərilməsi tarixindən 90 gün müddətində ölkə ərazisini tərk etdikdə və yalnız nağdsız ödənişlər üzrə qaytarılması nəzərdə tutulur.

Qərarla, həmçinin kameral və səyyar vergi yoxlamalarının əhatə dairəsi genişləndirilib. Xarici dövlətlərin səlahiyyətli orqanlarından daxil olan sorğular və ya xaricdə əldə edilmiş gəlirlərlə bağlı məlumatlar əsasında vergi yoxlamalarının aparılması qaydaları dəqiqləşdirilib, bəzi hallarda yoxlama müddəti 5 ilədək artırılıb. Uzunmüddətli müqavilələr üzrə gəlir və xərclərin illər üzrə düzgün bölüşdürülməsinə nəzarət gücləndirilib.

Bundan başqa, həyatın yığım sığortası ilə bağlı vergi güzəştləri üzrə qaydalara aydınlıq gətirilib. 2025-ci il yanvarın 1-dək bağlanılmış müqavilələr üzrə mövcud güzəştlərin bütün işəgötürənlər üçün saxlanıldığı xüsusi qeyd olunub.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.