05 Dekabr 2023 14:59
73
ANALİZ

Millət Məclisdə Ordubad və Culfa ilə bağlı təkliflər səsləndirildi

2023-cü il ölkəmiz üçün tarixi nailiyyətlərlə dolu bir il oldu. Ötən il ölkə başçısının müvafiq sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ölkəmiz üçün uğurlarla dolu bir il olacağının siqnalı vermişdir. Suveren ərazimizin 30 ildən sonra tam bərpa edilməsi, ölkəmizin beynəlxalq arenada uğurlar qazanması, iqtisadi-siyasi sabitliyin tam təmin olunması ölkəmiz üçün qarşıdaki uğurların da göstəricisidir.

Bu il Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün də uğurlu illərdən olmuşdur. Bütün uğurların təməlində Naxçıvan əhalisinin böyük sevinclə qarşıladığı, bu ilin əvvəlində ölkə başçısının “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının” təsdiq edilməsi haqqında Sərəncamı dayanır. Sərəncamda Muxtar Respublikanın mövcud bütün imkanlarından istifadə etməklə sosial-iqtisadi inkişafına, iqtisadi və sənaye potensialının artırılmasına, ixracyönümlü iqtisadiyyatın yaranmasına və bütün bunların nəticəsində Muxtar Respublikada yaşayan əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcək. Muxtar Resublikaya göstərmiş olduğu bu xüsusi diqqət və qayğıya görə cənab Prezidentə muxtar respublika ictimaiyyəti adından dərin minnətdarlığımı bildirirəm.

Fürsətdən istifadə edib büdcə layihəsi zamanı təmsil etdiyim Ordubad və Culfa rayonu ərazisində olan bir sıra məsələləri diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi Ordubad rayonu özünəməxsus ənənələrini, tarixi quruluşunu qoruyub saxlayan bölgələrimizdəndir. Ordubadın ən məşhur tarixi abidələri sırasında demək olar ki bütün kəndlərin mərkəzində hələ də əzamətlə duran tarixi hamamlar dayanır. Əfsuslar olsun indi bəzi kəndlərimizdəki həmin tarixi abidələr baxımsızlıqdan dağılmaq üzrədir. Ordubad rayonunun Düylün, Vənənd, Nüsnüs, Əylis və adlarını saya biləcəyim daha bir çox kəndində təcili olaraq o abidələrin nəzarətə götürülməsinə, bərpa işlərinin aparılmasına ehtiyac var. Mümkün olarsa Mədəniyyət nazirliyinin bu məsələyə diqqət ayırması ordaki abidələrin gələcək nəsillərə çatdırılması işinə mühüm töhvə verər.

Bir digər məsələ Ordubad və Culfa rayonlarının bəzi kəndləri arasında yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlıdır. Artıq dəfələrlə seçicilərim tərəfindən qaldırılan məsələlərin başında Culfa rayon Dizə-Gal-Şurud kəndləri arasında və Ordubad rayonun Biləv-Tivi-Bist-Nəsirvaz kəndləri arasında olan yolların düzəldilməsi məsələsi dayanır. Həmin kəndlərdə yaşayan əhalimizin xüsusilə qış və payız aylarında yol məsələsinə görə ciddi əziyyət çəkməsinin şahidi oluruq. Bu problemin aradan qaldırılması həmin kəndlərdə yaşayanların həyat şəraitinin yaxşılaşdırılmasına, iqtisadi fəal əhalinin gəlirlərinin artmasına bir başa təsir edəcəkdir. Mümkün olarsa gələcəkdə bu məsələnin həll edilməsi üçün büdcədən müvafiq dəstək göstərilə.

Bir digər məsələ tələbə gənclərimizin çox əziyyət çəkdiyi yataqxana problemi ilə bağlıdır. Ötən illərdə də bu məsələ ilə bağlı fikirlərimizi hökümətin diqqətinə çatdırmışdım. Bu məsələnin həlli tələbə gənclərimizin sosial qayğılarının ciddi mənada azaldılmasına gətirib çıxaracaq. Əgər dövlət büdcəsindən bu məsələ üçün vəsait ayrıla bilmirsə biz özəl sahibkarlar üçün müxtəlif güzəştlər etməklə bu sahənin inkişafına və tələbə gənclərimizin mənzil şəraitinin yaxşılaşdırılmasına köməklik göstərə bilərik.

Ümumilikdə 2024-cü il dövlət büdcəsi zərfinin daxil olan sənədlərlə tanış olmuşam. Hər il olduğu kimi bu ildə büdcəmizi sosial büdcə adlandıra bilərik. Sosial xərclərə ayrılan vəsaitin çoxluğu vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına ünvanlanmışdır.

Cəbi Quliyev 

Milli Məclisin deputatı