adalet.az header logo
  • Bakı -°C
27 May 2026 08:02
50
ANALİZ
A- A+

“Kənd təsərrüfatı məhsullarının ixracının artmasına mühüm töhfə”

Dünyada siyasi gərginliklərin artması təchizat zəncirlərində qırılmalara səbəb olmaqla yanaşı aqrar sahənin inkişafına bir sıra mənfi təsirlər göstərib. Nəticədə kənd təsərrüfatı məhsullarının qiymətində artımlar baş verməklə yanaşı, məhsuldarlıq aşağı düşüb. Bura iqlim dəyişikliyi ilə yanaşı baş erən müharibələr də öz təsirini göstərir. BMT-nin hesabatlarına əsasən, təkcə iqlim dəyişiklikləri aqrar sektorda təxminən 20 faiz azalmaya səbəb olmuşdur. Həmçinin temperaturun 1 dərəcə artması buğda və qarğıdalı məhsuldarlığının 5–8 faiz azalmasına təsir göstərmişdir. Aqrar sektorun inkişafı Azərbaycan iqtisadiyyatında xüsusi çəkiyə malik olan sahələrdəndir ki, bu sahənin inkişafı daim diqqət mərkəzindədir. Dövlət başçısının sərəncamları ilə 2004-cü ildən başlayaraq icra olunan regionların sosial-iqtisadi inkişaf proqramları kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar açmışdır. Regionlarda aqroparklar yaradılmışdır ki, bu da öz növbəsində məhsuldarlığın artmasına gətirib çıxarıb.

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısı bu sahənin inkişafı üçün bir sıra addımların atılmasının vacibliyini qeyd edib. Dövlət başçısı bildirib ki, torpaqlardan səmərəli istifadə, kənd təsərrüfatı texnikası ilə təminat, gübrə istehsalının artırılması, su təchizatı, aqroparkların yaradılması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı prioritet məsələlərdəndir: “ Qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub. Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim. Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, biz müxtəlif mexanizmlərdən də istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq. Eyni zamanda, biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır”.

Dövlət başçısı onu da bildirib ki, kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var: “Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilməsi. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur”.

Bütün bunların fonunda keçirilən müşavirədə səslənən fikirlər onu deməyə əsas verir ki, aqrar sahənin inkişaf ilə bağlı qarşıya qoyulan bütün hədəflərin reallaşması ölkədə ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə və kənd təsərrüfatı məhsullarının ixracının artmasına mühüm töhfə verəcək.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı