Avropa Xəbər Agentliyində (European News Agency) Milli Mətbuat Günü ilə bağlı yazım yayımlanıb. Yazını Azərbaycan dilində “Ədalət” in oxucuları ilə bölüşürəm. Yazıya keçid linki: https://www.european-news-agency.de/politik/national_press_day__in_azerbaijan_-91836/
***
Hər il 22 iyul tarixində Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Bu il isə Azərbaycan Milli Mətbuatının 150 illiyi qeyd edilir. Azərbaycan mətbuatının tarixi görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü və böyük əməyi sayəsində nəşr olunan “Əkinçi” qəzetinin 1875-ci il 22 iyulda işıq üzü görməsi ilə başlayır. “Əkinçi” Azərbaycan dilində nəşr olunan ilk qəzet idi. Onun fəaliyyəti uzun çəkməsə də, Azərbaycan milli mətbuatının əsası məhz bu qəzetlə qoyulmuşdur.
Qəzet cəmi 56 nömrə çap olunsa da, o dövr üçün bu, regionda ciddi göstərici hesab edilirdi. Hər ay 300-400 nüsxədə yayımlanan qəzet, çar Rusiyasının senzura qanunları və maarifçiliyin qarşısını almağa çalışan rejimin şəraitində nəşr olunduğu üçün xüsusi əhəmiyyət daşıyırdı. Çar Rusiyasında 1865-ci ildə qəbul olunan senzura qanunu mətbuatın yaranmasını xeyli çətinləşdirirdi. Zərdabi 1868-ci ildən qəzet nəşri üçün çalışsa da, yalnız 1875-ci ildə buna nail ola bildi.
Qəzetin adı barədə də xüsusi məqam var. Zərdabinin Bakı qubernatoruna etdiyi müraciətdən sonra ona qəzetin adını “Əkinçi” qoymaq tövsiyə olundu – bununla qəzetin guya yalnız kənd təsərrüfatından yazacağı təsəvvürü yaradılırdı. Lakin qəzetin əsas məqsədi xalqı maarifləndirmək və savadlandırmaq idi. “Əkinçi”də müxtəlif bölmələr fəaliyyət göstərirdi, sonradan isə məktublar şöbəsi yaradılaraq oxucuların fikirlərinə də yer verildi.
Həsən bəy Zərdabinin başlıca məqsədi millətinə xidmət etmək, onu elmlə, təhsillə inkişaf etdirmək idi. Onun fəaliyyəti sayəsində Azərbaycan milli teatrının da əsasları qoyulmuşdu. Maarifçilik onun həyatının əsas məzmununa çevrilmişdi. “Əkinçi” də bu məqsədə xidmət edən mühüm vasitələrdən biri idi.
Zərdabi və onun kimi ziyalıların mənsub olduğu milləti maarifləndirmək, təhsil alması istiqamətindəki səyləri ğz bəhrəsini verdi. Təsadüfi deyil ki, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
Həsən bəy Zərdabinin və onun nəşr etdirdiyi “Əkinçi” qəzetinin Azərbaycan tarixində, həmçinin mətbuatının tarixində xüsusi yeri var. Məhz buna görə 22 iyul Azərbaycanda hər il böyük ehtiramla qeyd edilir.
Vüqar Abbasov
Avropa Xəbər Agentliyinin əməkdaşı.