25 Dekabr 2022 11:16
1028
GÜNDƏM

 Misir Qasımlını "günahkar " çıxardanlar,  "Arsen Avakov mafiyası"nı da qınayın...

Sosial şəbəkələrdə qızgın müzakirələr gedir. İstifadəçiləri bir-birinə düşürən mövzu isə Vətən Müharibəsi qazisi, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunan, 29 yaşlı soydaşımız Misir Qasımlının və onun dostu Sübhan Quliyevin Ukrayna məhkəməsi tərəfindən 8 il müddətinə həbs edilməsidir.


Məlumat yayılan dəqiqələrdən sosial şəbəkə istifadəçiləri “Misir Qasımlı tərəfdarları” və “Misir Qasımlı əleyhdarları” olaraq 2 qrupa bölünüblər. Maraqlıdır ki, məsələlərin kökünə işıq sala bilməyən, ( işıq salmaq istəməyən - red- Ə.R) amma cəmiyyətdə xüsusi çəkisi olan simalar da var ki, savadı, məsələ haqqında bilgisi olmayan, məsələ ilə bağlı heç bir araşdırma aparmaq imkanı olmayan insanlar kimitatuslar yazır, Misiri günahkar çıxarır, və cəmiyyəti çaşdırırlar. Belə şəxslərin qərib ölkədə həbsə məhkum olan soydaşına qarşı “günahkar çıxartma” münasibəti nəinki, təəccüblüdür, hətta deyərdim ki, xəyanətdir.

Eynən! 2004-cü ilin yanvarında igid eloğlumuz, hərbçi Ramil Səfərov Macarıstanda hərbi təlimdə olarkən, baş verən hadisə zamanı bəzi soydaşlarımızın Ramilə göstərdiyi münasibət! Yadınızdadırsa, Ramil erməni leytenant Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir etdiyi üçün qətlə yetirmişdi.  Buna görə soydaşlarımızın xeyli hissəsi az qala Ramil Səfərova qarşı "səlib yürüşünə" start vermişdi. Sonra nə oldu?Onun barəsində ömürlük həbs qərarı çıxarıldı. 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan Prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirildi. Daha sonra Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olundu. Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa olunan Ramil Səfərova müdafiə nazirinin əmri ilə mayor rütbəsi verilib. Eyni zamanda ona hər bir şəraiti olan 3 otaqlı mənzil də bağışlandı. Həmçinin ona Müdafiə Nazirliyi həbsdə olduğu 8 il müddətində toplanmış əməkhaqqı verildi.

 

 Misir Qasımlı cinayətkardı, yoxsa, ortada bir qisasçılıq ssenarisi var?

 


Əvvəlcə bir araşdırma aparaq, görək, doğurdanmı, M.Qasımlı həqiqətənmi “adam oğurluğu” ilə məşğul olub, yoxsa, özünü, ətrafının, eyni zamanda vəkilinin dediyi kimi bu bir şər və böhtandır.
Ukrayna dost ölkədir. Azərbaycanlılar orda Ukraynanı dəstəkləyir və bu ölkə uğrunda Rusiyaya qarşı döyüşür. 40-dan çox Azərbaycan əsilli döyüşçü həlak olub. (Yeri gəlmişkən, I Qarabağ və yaxud Vətən müharibəsində bizim sıralarımzda heç olmasa 10 ukraynalı gördünüzmü? Azərbaycan dövləti və xalqı fevral ayından bu günə qədər(baxmayaraqki, qarşısında Rusiya kimi məkrli, səhvi bağışlamayan bir hegemon durub) maddi və mənəvi dəstəyini Ukraynadan əskiltməyib. Eynisini biz 30 ildə gördükmü? Bunu da deyim ürəyimdə qalmasın: Ukrayna səhiyyə nazirinin müavini, baş sanitar həkim Viktor Lyaşko müsahibələrinin birində qeyd etdi ki, pandemiya başlayanda Ukraynaya yardım əli uzadan ilk ölkələrdən biri Azərbaycan olub. Bu ilin avqustun 3-də Bakıdan və Gəncədən Ukraynaya ərzaqdan ibarət ümumilikdə 101 tonluq humanitar yardım göndərilib. Ölkəmiz daha əvvəl Ukraynaya dərman, tibbi avadanlıq, tibbi ləvazimat, ərzaq və uşaq yeməyindən ibarət 807 ton humanitar yardım göndərib.
Demək ki, hər iki halda o dostluq, mehribançılıq, həmrəylik dəstək məhz biz azərbaycanlılar tərəfindən yaranıb və qorunub. Yenə də deyirəm, bütün hallarda Ukrayna dost ölkədir.

 


İndi keçək, bu ölkədə ermənilərin fəaliyyətinə


Ukrayna ən çox erməni yaşayan 5 ölkədən biridir. Burada 2001 –ci ilin siyahıyaalınmasına görə, erməni əhalisinin sayı 100000-ə yaxındır, daha dəqiq, 99,894 nəfər təşkil edir.
Ermənilər ən az sayda olduqları ölkələrdə necə böyük diaspora və digər güclü təşkilatlar yaratdığını bilirsiniz. Ən məsul vəzifələrə öz soydaşlarını necə yerləşdirdiyi də sizə məlumdur. Məsələn, Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri
Mixail Bno-Ayriyan Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri, Arsen Avakov(Avakyan)Daxili işlər naziri(2014-2021) vəzifələrində olarkən azərbaybaycanlılara qarşı çox qərəzli yanaşıb. Azərbaycan əsilli ukraynalılara səlahiyyət imkanları daxilində Avakov daha çox zərbə vurub. Bir faktı yadınıza salım: 2016-cı ilin aprel döyüşlərindəki uğurdan sonra Ukraynada çalışan azərbaycanlı iş adamlarına qarşı kriminal hadisələr intensivləşdi.

Həmin ili Azərbaycanlılara məxsus 12 iri restoran yandırldı, 6 bahalı avtomobil qaçırıldı. 2014-cü ilin mayında “Ukrayna Azərbaycanlıları Konqresi”nin və “Ukrayna Millətlər Məclisi”nin sədri Rövşən Tağıyevə qarşı sui-qəsdlər, Kremençik şəhər bələdiyyəsinin sədri Oleq Tağıyevin öldürülməsi, iş adamı Xızır Məmmədov, Təbriz Ələkbərov və adlarının çəkilməsini istəməyən yüzlərlə azərbaycanlının polis tərəfindən soyulmasının arxasında “Avakov mafiyası”nın olması artıq kimsəyə sirr deyil.2016-cı ilin sentyabrında soydaşlarımız Daxili İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirdilər. Azərbaycan ictimaiyyəti və dövləti də bildi ki, həm oliqarx, həm də mafiyoz olan Arsen Avakov 2014-cü ildən vəzifəsinə başlayandan yəni 2 il ərzində 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlandı, tanınmış azərbaycanlılara sui-qəsdlər təşkil edildi. Lakin bu cinayətlərin üstü hələ də açılmayıb, heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.

 

Ukraynada Arsen Avakov "sindromu" - Mafioz, oliqarx, qisasçı  erməni

 

Hətta 2020-ci ilin iyununda cəmiyyətdən gələn narazılıqlar nəzərə alınaraq Arsen Avakovun istefası məsələsi Ukrayna Ali Radasına da çıxarıldı və o 2021-ci ildə istefa verdi. Yeri gəlmişkən, “Yeni Müsavat” qəzetinin keçmiş əməkdaşı, o dönəmdə Ukraynanın Odessa şəhərində yaşayan Anar Natiqoğlu Avakovun istefasına “Vətən savaşında qələbədən sonra aldığı ən xoş xəbər” şəklində reaksiya verib. Anar Natiqoğlu deyib ki, Avakov vəzifədə olduğu dönəmdə erməni lobbisinin təsiri altında olub: “Özünü daha çox erməni lobbisinin Ukraynadakı rezidenti kimi aparırdı...”
Anar Natiqoğlu onu da qeyd etmişdi ki, Arsen Avakovun açıq şəkildə erməni təəssübkeşliyi olduqca dözülməz hal almışdı: “Xüsusən 2020-ci ildə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Avakovun azərbaycanlılara qarşı bütün mahiyyətini ortaya çıxardı. Hər bir imkanda Ukraynada yaşayan azərbaycanlılara qarşı addım atırdı.
Kriminalist-ekspert İlqar Altayın ötən il verdiyi açıqlamaya nəzər salaq: Azərbaycanlılara qarşı törədilən qətllərin arxasında Ukraynadakı ermənipərəst qüvvələrin "əl”i var. "Xüsusən də bu işlərin arxasında Ukraynanın erməni əsilli daxili işlər naziri Avakov durur. Avakov normal insan deyil. Mafiozun biridir. Dövlətdə, silahlı qruplaşmalarda və kriminal aləmdə dayaqları var. Ona görə də ona təsir edə bilmirlər”.
Maraqlıdır, görəsən Misir Qasımlıda günah axtaran soydaşlarımız bilirmi ki, 7 il Ukrayna kimi böyük bir dövlətin DİN olmuş, oliqarx, mafioz , erməni xislətli milyarder onun xalqına məğlubiyyət yaşatmış bir giziri, bir vətənpərvər döyüşçünü rahat buraxarmı? Nə olsun ki, hazırda o mafioz yüksək vəzifədə deyil, amma kim zəmanət verə bilər ki, Ukrayna dövlət və hökümət orqanlarında onun əmrinə, puluna, silahlı qruplaşmasına xidmət etməyən ukraynalı yoxdur?Yəni, mənim soydaşlarım o qədər sadəlövh deyil ki, 7 il DİN-i işləmiş bir milyarderin gücsüz olduğunu, adi bir rayon məhkəməsinə hökmü çatmadığını düşünsün ...

 

 Ukraynadakı fürsətçil erməniəsilli məmurlar - kor ilanlar 


Bir faktıda unutmadım: Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyan 2019-cu ildə səfirliyin sosial şəbəkələrdəki rəsmi səhifəsində Qarabağa qanunsuz səfər etdi. Erməni səfirin təxribatı Ukrayna XİN ölkə vətəndaşlarını Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyaya səfər etməməklə bağlı çağırışından sonra həyata keçirildi. Seyranyanın cəzasız qalması Avakovun “krişalığı” sayəsində baş tutmadımı?
Bəlkə elə düşünürsünüz ki, Ukrayna parlamentində oturan erməniəsilli deputatlar Ukrayna xalqını çox sevir?
Ukryanadakı “Erməni Birliyi” təşkilatının sədri , deputat Vilen Şatvoryan parlamentdə “Erməni soyqırımı” qurbanlarının xatirəsinə ehtiram göstərilməsinə dair Ukrayna hökümətinə qanun qəbul edilməsini təklif edərkən, sizcə, onda erməni yoxsa ukraynalı duyğuları qabarmışdı?

Daha sonra məhz müxalifət partiyasının üzvü Qeo Leros (əsil adı Gevorq Baqratoviç Kurexyan) Ukrayna Azərbaycanı dəstəklədiyini bildirəndən sonra aqresivləşdi və iclasda iştirak edən ölkə başçısı Vladimir Zelenskiyə orta barmağını göstərərək təhqir etdi.
Ukraynada erməni birliyinə, rifahına, xalqına, dövlətinə xidmət edən o qədər erməniəsilli, yüksək çinli məmur, mafioz, oliqarx terrorçu var ki, günlərim o faktları yazıb qurtarmağa bəs eləməz!


“Qəhrəman, məğlubedilməz erməni” mifini 44 gündə yerlə yeksan edən igidlərimizə qarşı hələ qarşıda nəinki Ukraynada, həm də bir çox ölkələrdə tələlər qurulacaq, cinayət ssenariləri yazılacaq, həbsxanalar, məzarlıqlar dolacaq! Buna əminəm, çünki o qəhrəmanların arxasında duracaq olan soydaşları sizin kimi (ən yüngül formada) sadəlövh və hücumçusunuz!
Obuxov rayon məhkəməsindən başqa rəsmi olaraq kim dedi ki, Misir cinayətkardır?



Ukraynaya təyin olunmuş səfirimiz, Allaha şükür ki, fevral ayından Bakıdadır. (Özü təsdiqləmişdi). Qazinin Ukrayna DİN tərəfindən saxlanılmasından 2 ilə qədər vaxt keçməsinə baxmayaraq, ötən gün  nəhayət Pravda.az-ın əməkdaşının sorğusuna cavab olaraq xanım səfir bildirib ki, Misir Qasımlının məsələsi ilə bağlı səfirlik nə lazımdırsa edib: “Axırı yaxşı olacaq. Səfirlik yenə də nə lazımdırsa, edəcək. Amma məhkəmə işlərinə biz qarışa bilmirik…”
O, daha sonra qeyd edib ki, bu sual Xarici İşlər Nazirliyinə, Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayevə ünvanlasa, daha münasib olar…


Deyəsən çox danışdım...

 

Əziz soydaşlarım, əmin olmadığınız, faktlarını görmədiyiniz bir olaya, bir soydaşımızın taleyinə belə aqressiv yanaşmayın! Axı, Misirin və Sübhanın ispaniyalını döyməsi ilə bağlı hansı faktlar (video, foto, şahid) var? Niyə o faktlar yayınlanmayıb?
Son olaraq: Tovuz rayonunun Dondar Quşçu kəndi sakini 2009 təvəllüdlü Nərmin Quliyevanın öldürülməsi hadisəsinə nəzər salın! Nərmin Quliyeva 21 noyabr 2019 tarixində qaçırılmış, 45 gün sonra yanvarın 6-da ölü bədəni yandırılmış şəkildə tapılmışdır. Qətli isə İlkin Süleymanov adlı özünü müdafiə etməkdə güclük çəkən günahsız birinin boynunda qalıb. Adi məktəbli də anlayır ki, İmpotent və əqli sağlığında problemi olan biri bu cinayəti nəinki törətməz, hətta onu zormış olsa belə, 45 gün Nərmini gizlətmək, onu yandırmaq ağlına da gəlməzdi. Eləcə də, 2017 –ci ildə “Tərtər cinayətləri” işində “vətən xaini”, “satqın” adlandırılaraq öldürülən hərbiçilərin bir hissəsi bəraət aldı, 19 nəfər hərbçi isə günahsız olduqları üçün həbsdən azad edildi.
Ədalət gec bərqərar olar, amma mütləq olar! O zaman çalışın, vaxtıilə günahlandırdığınız günahsız soydaşlarınınızın gözünün içinə baxanda utanıb- qızarmayasınız.

P.S. Misir Qasımlı , eləcə də qazilər haqqında qərəzli danışanlar, xahiş edirəm, "od püskürməyə", "günahlandırmağa" başlamamışdan əvvəl yadınıza salın, görün, bu xalq, bu dövlət, bu vətən  üçün  nə etmisiniz? Necə deyərlər,  "tanrı tərəzi"sinə bir daş qoya bilmisinizmi? Doğrudan da əgər hansısa qazinin günahı, varsa, imkan verin onu haqqı olanlar, məsələn qazi qardaşları qınasın, dövlət də müəyyən ölçülər götürsün! Siz Allah susun!  


Əntiqə Rəşid