adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Yanvar 2022 13:14
756
ELM VƏ TƏHSİL

MÜƏLLİFLƏRİN ŞAGİRDLƏRƏ  VURDUĞU  SİLLƏ 

Müəllimin  vurduğu sillə uzaqbaşı, bir on-on beş dəqiqə  şagirdi ağrıda bilər. Amma müəlliflərin  dərsliklərdə  vurduğu «sillə» daha ağır olar və şagirdin ürəyinə xal salar.

İndi oxuyuram ki, orta məktəblərin  rus bölmələri üçün yazılmış  4-cü sinif  üçün «Rus dili» dərsliyində  dərsliyi hazırlayanlar şagirdlərə   elə bir sillə vurublar ki,  yarası  uzun müddət  sağalmaz. 

Və əslində bir sillə də bu kitabın çapına icazə vermiş Təhsil Nazirliyinə  vurublar.

Nədir məsələ? 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı  çox ciddi  bir ittiham irəli sürülüb. Mətndə qeyd edilir ki, Bakıda həmin qanlı gecədə şəhid olmuş dinc sakinlər Sovet ordusu ilə AXC silahlı  dəstələr arasında  baş verən atışmada   həlak olub.

Hamımızın şahidi olduğumuz bir tarixi, bir faciəni necə belə təqdim etmək olar? Bu dərsliyi  yazanlar o  atışmanı  harda  görüb, kimdən eşidib?

Uzaq keçmiş deyil ki? Sovet ordusu yanvar ayının  19-dan  20-nə keçən gecə və 20-də Bakıya soxulub və dinc əhalini  gülləbaran edib, nə qədər insan  ölüb, nə qədər  insan yaralanıb.  Amma bir Sovet  əsgərinin də  burnu qanamayıb.

Ümumiyyətlə, dərslik yazılandan sonra nazirlikdə müvafiq şöbə  buna necə göz yumub, yoxsa  oxumadan  icazə veriblər?

İndi müəllim şagirdə tənbeh üçün bir sillə vurur dara  çəkirik, işdən çıxarırıq, sosial şəbəkələrdə linc edirik. O sillə ağırdır, yoxsa dərslik müəlliflərinin  vurduğu bu «sillə»?