adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Dekabr 2022 13:19
2079
MÜSAHİBƏ

“Müharibə sindromu”, yoxsa “kütləvi psixoz?” – Psixoloq rəyi - MÜSAHİBƏ

Ötən gün tanınmış rəqqas Dəyanət Məmmədovun  intihar etməsi xəbəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Maddi vəziyyəti yaxşı olan insanların intihar etməsi cəmiyyətdə fikir ayrılığı yaradıb. Axı, intiharlar niyə artır? 


Bu günki müsahibim Humel Psixologiya Mərkəzinin rəhbəri, tanınmış psixoloq Tariyel Faziloğludur. Söhbətimiz isə artıq kütləvilik həddini aşan intiharlardandır. 



- Tariyel həkim, son zamanlar – daha dəqiq son 6 ildə Azərbaycanda intihar hadisələri o qədər artıbdır ki, artıq belə məlumatları eşidəndə təəccüblənmirik. Əvvəllər elə düşünürdük ki, intihar edən qazilər muharibədə aldığı travmanın təsiri altında özlərinə qəsd edirlər. Amma indi intihar hadisəsi baş verməyən elə bir sahə qalmayıb. Psixoloq, müəllim, polis, şagird, tələbə, həkim, rəqqas, əsgər, zabit... Sizcə buna səbəb nədir?

 

 

-Bəzən insanlar elə düşünür ki, qazilər müharibədə aldığı travmalara görə intihar edir. Əslində belə deyil. Məsələ belədir ki, bu intihar edənlərin vaxti ilə aldığı travmalarla bağlıdır.
Azərbaycan insanında aşağılıq kompleksi var. Qəbul etsək də, etməsək də bu, belədir. Biz özümüzə, dövlətimizə, millətimizə, kimliyimizə qarşı natamamlıq kompleksi yaşayırıq. Bu da beynimizə bir düşüncəni hakim edib – hər kəs bizdən yaxşıdır.


- Bu düşüncəadamı “dəli” etmək qüdrətindədirmi?


- Nəzərə alsaq ki, Azərbaycanda əvvəlcədən kütləvi psixoz vardı, bu da güvənsizlikdən qaynaqlanan bir psixoz vəziyyət idi. Çünki, Azərbaycan insanı öz məmuruna , müəlliminə, polisinə, həkiminə və s. inanmırdı. Hər şeydə mütləq çoxlu araşdırmalar aparırdı və gərginləşirdi . Beləcə, bu proses cəmiyyətdə kütləvi inamsızlıq, kütləvi psixoz yaradırdı. Bunun arxasınca pandemiya dövrünü də yaşamalı olduq və gərginlik pik həddə çatdı.


- Bəli o dövrdə , əzizlərimizin adi xəstəlikdən ölməsi, həm də kütləvi şəkildə... Eyni zamanda sabaha sağ çıxmaq inamımızın ölməsi, yaşam tərzi, gündəlik tələbat, qeyri - adi tələblər...


- Bu kritik hədd insanları intihar həddinə gətirdi və onlar intiharı çıxış yolu gördü. Pandemiya bitməmiş müharibənin başlanması ”post müharibə” sindromu yaşadıq.

 


- ”Post müharibə” sindromu nədir?


-Bu sindirom sadəcə müharibədə iştirak edənlərdə deyil, müharibə yaşayan cəmiyyətin birbaşa özünə təsir edir və kütləvi psixozumuz daha artıq təhlükəli həddə daxil oldu.


- Doktor, ümumiyyətlə, “psixoz hal” nə deməkdir?


-Psixoz — sinir sisteminin kritik həddə çatması, düşüncə və duyğunun ağır formasıdır ki. bu da insanlarda psixoloji imuniteti aradan qaldırır, məhv edir. Psixoloji imuniteti aradan qalxan insanlar mübarizəsini, səbrini, savaşmaq gücünü tamamilə itirirlər və təslim olurlar. Çox zaman isə bunun nəticəsi intiharlar olur.
İntiharlara cəhd haqqında mediada məlumatlar çox az sayda olur. Amma intiharlar haqqında məlumatlar yayılır. Nəzərə alsaq ki, hər 60 intihar cəhdindən biri intiharla nəticələnir.Nəticə olaraq düşünsək ki, Azərbaycan cəmiyyətində intiharlar kütləvi hal alıb, intihara cəhd 60 nəfərdən də çox sayda hesablansa, cəmiyyətdə vəziyyət kritik həddə çatıb. Bu hədd çox təhlükəlidir.


- Bu halı aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?


- Azərbaycanda təcili olaraq kütləvi psixoloji maarifləndirmə işi aparılmalıdır. İnsanlar ətrafındakı intihara meyilli insanları hiss etməli, ona dəstək olmalı, yaxud da peşəkar dəstək üçün psixoloqlara yönləndirməlidirlər.Məlumunuz olsun ki, pandemiya dövründə dünyanın bir çox ölkələri psixoloji maarifləndirmə və məlumatlandırma işinə ciddi fikir verdilər , zaman ayırdılar , insanların kütləvi psixozdan əziyyət çəkməsini önləmək üçün media orqanlarında. istər TV-lərdə, radiolarda, saytlarda yer ayrıldı. Məhz bu diqqətdən sonra intihara cəhd və intihar hadisələri bir çox ölkələrdə minimuma endirildi. Cəmiyyətdə psixoloji marifləndirmə və məlumatlandırmanın önəmi çox mühüm yer tutur.


- Müsahibəyə görə təşəkkür edirik!


Söhbətləşdi: Əntiqə Rəşid