Qabil Ədalət: “Özümüzü təbliğ etməyi bacarmırıq” - MÜSAHİBƏ

Ömrünü SÖZə həsr edənləri həmişə fədakar adlandırmışam. Axı onlar Allahın bəxş etdiyi o gözəl neməti- ömrü məhz SÖZ yolunda xərcləyirlər. SÖZ elə ali məqamdır ki, hər kəs orada səni anlamaya bilər, dinləməyə bilər. Elə SÖZün aliliyi də budur ki, onu hər adam rahatlıqla dərk etmir. Ancaq şairlər həmin sözlərə ədəbi məna yükləyərək oxucuya sevdirməyi bacarırlar. Ömrünü SÖZə həsr edən gənc yazarlardan biri prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra vətənpərvərlik mövzusunda uğurlu layihələrin müəllifi Qabil Ədalət də bu yolun enişindən- yoxuşundan danışıb:
-İllər əvvəl ədəbi mühitdə tez-tez görünürdünüz. Müəllifi olduğunuz layihələr həmişə diqqət çəkirdi. İndi isə həmin aktivliyiniz yoxdur. Səbəb nədir?
-İllər əvvəl bu qədər qayğılarım yox idi. Subay idim, üzərimdə heç kəsin müəsuliyyəti yox idi. Rahatlıqla özümü yaradıcılığa həsr edirdim. Azərbaycan Gənclər Fondundan layihələr götürüb, onların üzərində işləyirdim. Onunla da müəyyən uğurlar əldə edirdim. Ancaq indi hər şey dəyişib. Sosial qayğılar bəzən ədəbi yaradıcılığı üstələyir. Nə qədər kobud səslənsə də düşünürəm ki, bu, normal haldır. Çoxumuza bəllidir ki, yaradıclılq sahəsində gəlir çox az olur. Fərqanə Mehdiyeva həmişə deyirdi ki, ədəbiyyatın çörəyi yoxdur.
Ancaq ədəbiyyat, ədəbi mühit mənə gözəl dostlar qazandırdı.
-Sosial qayğılar sizi ədəbiyyatdan nə qədər kənara atsa da, fürsət tapan kimi yazırsınız...
-Heç şübhəsiz ki, elədir. Daha çox vətənpərvərlik mövzusunda yazıram. Layihələrimin çoxu da bu mövzu ilə bağlıdır. Bilirsiniz, yaradıcılıq da bir övladdır. Əgər sən ona diqqət ayırırsansa, qayğı göstərirsənə əlbəttə, o da bir mənəvi övladdır. Mərhum millət vəkilimiz Qənirə Paşayevaya dedim ki, yaradıclıq 3-cü övladımdır. O mənə dedi ki, inan ki, yaradıcılıq daxilinizdə sizin ilk övladınızdır. Ancaq məişət qayğılarından qopa bilmirsiniz. Bu da normal haldır.
-Görünən odur ki, ədəbi mühitdən uzaqlaşmısınız. Kimləri oxuyursunuz? Kimin fikirləri sizə maraqlı gəlir?
-Əslində ədəbi mühitin böyük bir hissəsini sosial şəbəkədə izləyirəm. Məlumdur ki, indi internet dövrüdür.
Sosial şəbəkə kitabı üstələyib. Hər kəs öz yaradıcılıq nümunəsini sosial şəbəkə hesabından izləyiciyə təqdim edir. Artıq insanlar kitab oxumağı əziyyət hesab edirlər.
Yaradıcılığın bəyəndiklərim də olur, bəyənmədiklərim də. Ancaq bunun şəxsi münaisbətimizə qətiyyən təsiri olmur.
Onu da qeyd edim ki, baxmayaraq ki, ədəbi mühitdən uzaqlaşmışdım, ancaq keçən il şəhid Vüsal Muradova həsr etdiyim “Vüsal gecəsi” adlı layihəm çox danışıldı. Həm layihənin rəhbəri idim, həm də şəhidin obrazını canlandırırdım. Onun geyimi ilə səhnəyə çıxdım. Düşünürəm ki, bu bir ilk idi.
Dediyim kimi yenə də vətənpərvərlik mövzusu məni özünə çəkdi.
Bu layihələrin davamı gələcək. Hətta bir şəhid haqqında tamaşa hazırlayıram. Ssenari müəllifi mənəm. Teatrların birində səhnələşdiriləcək.
-Nədənsə artıq uzun mətnlər oxunmur...
-İnsanların sanki buna səbri çatmır. Bəzən insanların səhhəti yol vermir, bəzən də sosial qayğılar... Ona görə də heç kəs uzun mətnlərə zaman ayırmaq istəmir.
Ətrafımızda hər şey o qədər sürətli dəyişir ki, insan bəzən labrintə düşür.
- Başqa bir peşə ilə məşğul olub yaradıcılığı bir tərəfdə saxlamaq çətin olur?
-Əlbəttə, hətta çörəkpulu üçün getdiyin işdən bezirsən. Çünki sən həmin işi sevmirsən, sadəcə məcburiyyətdən edirsən. Maddi ehtiyaclarının ödənməsi üçün edirsən. Bu da adamı çox yorur. İnsan sevmədiyi işlə məşğul olanda yorulur. Gözəl bir deyim var: elə peşə seçmək gərəkdir ki, ömür boyu işləmək məcburiyyətində qalmayasan. Mən layihələr üzərində çalışanda demək olar ki, gün ərzində çox yerə gedirdim, hətta rayonlara belə gün ərzində gedib- gəlirdim. Ancaq yorulmurdum, çünki öz işimi sevirdim. İndi çalışdığım iş fiziki cəhətdən məni yormur. Ancaq mənən çox yoruluram.
-Ssenari yazmaq, daha çox layihələr üzərində çalışmaq sizi poeziyadan uzaqlaşdırır?
-Daha çox mahnı mətnləri yazmağa üstünlük verirəm. Mahnı mətnlərimin də 90%-i vətənpərvərliklə bağlıdır. Bilmirəm bu nədən irəli gəlir, daxilimdəki vətənpərvərliyin hədsiz-hüdudsuz olmağı mənə qürur verir. Çox yəqin ki, bu da qarabağlı olmağımla bağlıdır.
-Mahnı mətnləri sizə daha çox uğur gətirdi yoxsa şeirlər?
-Mahnı mətnlərindən sonra televiziyalar məni efirə dəvət etdilər. Efir vasitəsiylə daha çox cəmiyyətə nəğməkar şair kimi təqdim olundum. Təbii ki, şeir yazmaq da mənə uğur gətirib. Yazdığım ciddi şeirlərin sayəsində 2015-ci ildə AYB-yə üzv oldum. Bir gənc yazar kimi “Prezident təqaüdü”nə layiq görülmək mənim üçün uğur demək idi. Şeirlərimin bir çoxu ard-arda dövrü mətbuatda dərc olunub.
-Ədəbi mühitdə nə çatmır?
-Yetərincə istedadlı gənclərimiz var. Müasir düşüncəli yazarlarımız çoxdur. Əlbəttə, bu sevindirici haldır. Düşünürəm ki, mətbuat da onları diqqətdən kənarda saxlamır. Yetrincə dərc olunurlar. Yaradıcılıqları müsbət mənada müzakirə obyektinə çevrilə bilir. Məncə, ədəbiyyatın çörəyi olsaydı, daha çox gənclər bu sahədə irəliləyərdi. Belə olan halda daha çox istedad üzə çıxardı. Bunların hamısı isə ədəbiyyata xidmət edir.
Bəzi gənclər var ki, onları qınayıram. Məsələn, Emil Rasimoğlunun hərəkətləri qətiyyən bəyənilən deyil. Münasibətmiz var, ancaq mövqeyinə qarşıyam. Emil ədəbiyytda elə bir mərhələdə deyil ki, Anarı, Rəşad Məcidi tənqid etsin. Bilmirəm bunu niyə edir. Onun bu addımı gündəmdə qalmaq üçündür, yoxsa hikkədir? Səbəbi hər nə olursa olsun, onun bu addımına qətiyyən haqq vermirəm. Axı bir zamanlar Emilə AYB-nin üzvlük vəsiqəsini Rəşad Məcid təqdim etmişdi və Emil də gənc yazar kimi “prezident təqaüdü”nə layiq görülmüşdü. Onun təqaüdə layiq görülməsini təsdiqləyən insanlardan biri də Rəşad Məcid idi. Adam bunları unutmaz axı.
-Kitab satışının zəif olmağında nəşriyyatı günahlandırmaq olar?
-Birmənalı şəkildə xeyr. Hər kəsin oxucu kütləsi olmalıdır. Əgər mənim oxucu kütləm yoxdursa, şair və ya yazıçı kimi sevilmirəmsə, niyə nəşriyyatı günahlandırmalıyam? Əgər şarin şeirləri sevilmirsə, ən yaxşı nəşriyyat belə ona kömək edə bilməz.
Məsələn, Ramiz Rövşəni hansı nəşriyyatda çap etsələr o kitabın satışı çox yaxşı olacaq. Çünki o şairin sevənləri çoxdur, oxucu kütləsi var.
Birdə təbliğat önəmlidir. Biz özümüzü təbliğ edə bilmirik. Əsas şərtlərdən biri də təbliğatdır. Bir neçə şair tanıyıram ki, çox tədbirlərdə iştirak edə- edə toylara yol tapdı. Toy şairi oldu. Onun da üslubu odur. Ciddi yazar ki, fəaliyyət göstərməyi seçmir. Bu isə sosial qayğılara bağlıdır.
Mən də bəzən toylara dəvət alıram, amma hələ ki, özümü orda görmürəm. Ciddi mətnlərimi heç vaxt toy ab-havasına qurban verməmişəm.
Mənə bayağı mahnılar təqdim ediblər ki, mahnı mətni yazım. Müğənniyə görə imtina etmişəm. Çünki həmin müğənninin ciddi sənəti olmadığını bilmişəm. İndiyə kimi yazdığım mahnı mətnlərini sənətkarlar oxuyub.
Hətta ekspert kimi sosial verilişlərə də dəvət alıram. Sadəcə qalmaqaldan uzaq adamam. Ona görə dəvətlərini qəbul etmirəm.
-Sizcə ədəbiyyatda bütün problemlərin həlli ədəbi tənqiddir?
-Xeyr, qətiyyən. İndi yazarların bir çoxu tənqidin nə olduğunu bilmir. Normal olaraq tənqid etmək qaydasını bilmirlər. Bəzən də “qapı döymək” yolunu seçirlər. Heç vaxt qapı döymədim. Əgər qapı döysəydim, ilk növbədə millət vəkili Aqil Abbasa yaxınlaşardım ki, Aqil müəllim, biz həm yerliyik, həm də qohumluq əlaqəmiz var. Bunu heç vaxt etmədim.
-Qabil Ədalət üçün ədəbiyyat nə deməkdir?
-Deyərdim həyat tərzimdir, yaşam tərzimdir. Necə adlandırsaq olar. Bəzən sirdaşım olur, bəzən küsüb- incidiyim yer olur. Axı insan umduğu yerdən küsür. Mən də hər hissi ədəbiyyatdan umuram. Ruhumun aynasıdır.
Əntiqə Kərimzadə
Digər Xəbərlər

Alkoqolizm 200-dən çox xəstəliyin səbəbkarıdır - MÜSAHİBƏ

Sağlam qidalanma ürəyin ən yaxşı dərmanıdır

Aqşin Dadaşoğlu: Söz həm də sığınacaq yeridir - MÜSAHİBƏ

“Dislaliya əksər hallarda uğurla korreksiya olunur” - MÜSAHİBƏ

"Sümük iliyi donorluğu həqiqətən də təhlükəsizdir? - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi: Açıq ünsiyyət uşaqların yeni dərs ilinə inamla uyğunlaşmasına kömək edir

Məktəbli çantasının düzgün seçimi uşağın sağlamlığı üçün həyati əhəmiyyət daşıyır - MÜSAHİBƏ
