03 Oktyabr 2025 10:59
77
MÜSAHİBƏ

Alkoqolizm 200-dən çox xəstəliyin səbəbkarıdır - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova nazirliyin saytına müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir:

- Bildiyiniz kimi, oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür. Beynəlxalq günün tarixi haqqında qısa məlumat verərdiniz...

- Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu ciddi problemə ictimaiyyətin nəzərini cəlb və həll yollarını müəyyən etmək üçün hər il 3 oktyabr tarixi Ümumdünya Alkoqolizmlə Mübarizə Günü kimi qeyd edilir.
Bu tarix təsadüfən seçilməyib. 3 oktyabr 1887-ci ildə bütün həyatını alkoqolizmlə mübarizəyə həsr edən görkəmli amerikalı ictimai xadim Con Finç vəfat edib.

- Doktor, alkoqolizm xəstəliyinin yaranma səbəbləri hansılardır?

- Xroniki alkoqol qəbulu hər zaman şəxsin daxili psixoloji, fizioloji, mənəvi problemləri haqda məlumat verir. Fizioloji səbəblərə genetik faktorlar, baş beynin müxtəlif xəstəlikləri, nevroloji, psixi pozuntular aiddir. Alkoqolizmin əmələ gəlməsində sosial faktorlara əsasən şəxsin olduğu mühit vacib rol oynayır. Bunların hamısı tez bir zamanda asılılığa səbəb olur. Digər amil isə insanın gözləntilərini doğrultmayan reallıqdan qaçmaq və eyni zamanda həyatın həqiqətləri ilə üzləşməmək üçün spirtli içkilərə üstünlük verməsi kimi psixoloji amildir.

- Alkoqolizmin mərhələləri barədə məlumat verərdiniz...

- Alkoqol asılılığın formalaşması fərqli olub, şəxsin psixi və fiziki vəziyyətindən asılıdır. İlk mərhələdə orqanizm alkoqolun toksik təsirlərinə qarşı mübarizə aparır. Etanol və onun parçalanma məhsullarının uzun müddətli qanda olması sonradan beyin toxumasına təsiri nəticəsində ilkin olaraq psixi asılılıq, sonrakı dövrdə isə fiziki asılılıq yaranır.
İlkin dövrdə alkoqol qəbulu eyforiya hissi yaradır. Bu zaman şəxs özünü daha rahat hiss edir, sanki özgüvəni artır. Lakin bütün bu hisslər müvəqqəti xarakter daşıyır və spirtin təsiri aradan qalxdıqdan sonra azalır.
Təkrar-təkrar eyforiya əldə etmək istəyi alkoqol asılılığının inkişafına gətirib çıxarır. O zaman şəxs daimi olaraq alkoqol haqqında düşünür, onu qəbul etmək anını səbirsizliklə gözləyir. Bu mərhələ psixi asılılıq dövrünə təsadüf edir.
Sonrakı mərhələdə psixi asılılıq fiziki asılılıqla əvəz olunur. Bu zaman əsas əlamətlər əldə titrəmə, baş ağrısı, əmək qabiliyyətinin azalmasıdır. Bu mərhələdə insan eyforiyaya nail olmaq üçün spirtli içkinin dozasını artırır. Nəticədə, şəxs tamamilə spirtli içkidən asılı olaraq işə, doğmalarına, dostlarına qarşı laqeyd olur.

- Alkoqolizm nə kimi fəsadlar yaradır?

- Spirtli içkilərə həddindən artıq aludəçilik 200-dən çox xəstəliklərin yaranmasının başlıca amilidir. Spirtli içkilərin tərkibindəki etanolun kanserogen olduğu və orqanizmdə xərçəng riskini artırdığı elmi cəhətdən sübut edilib. Bundan əlavə, alkoqolizm ürək damar xəstəliklərinin yaranmasının 25%-ni təşkil edir. Alkoqoldan sui-istifadə ürək əzələlərinin distrofik piy degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə, miokard infarktına, stenokardiyaya gətirib çıxarır.
Bundan əlavə, alkoqolizm ilə mədə mukozası əziyyət çəkir və mədənin sekretor, motor və enzimatik funksiyaları pozulur. Alkoqol qaraciyər üçün xüsusilə zərərlidir. Spirtli içki qəbul etdikdə hepatit ağırlaşır, qaraciyər sirrozu daha tez inkişaf edir, pankreatit baş verir, mədəaltı vəzinin zədələnməsi səbəbindən şəkərli diabet tez-tez inkişaf edir. Alkoqol baş beyində biokimyəvi dəyişiklik yaradaraq neyronların ölümünə səbəb olur. Bu zaman koqnitiv proseslər, yuxu sistemi, davranışda dəyişikliklərə gətirib çıxarır.

- Alkoqolizmin ümumi sosial nəticələri haqqında məlumat verərdiniz...

- Alkoqol istehlakı təkcə fərdin sağlamlığına deyil, onun daxili orqanlarını və bədən sistemlərini məhv etməklə yanaşı, bütövlükdə cəmiyyətə də neqativ təsir göstərir. Spirtli içkilərin sistematik qəbulu, hətta epizodik belə insan sağlamlığına, ailədə konfliktlərə, hətta bəzi ailələrin dağılmasına gətirib çıxarır. Daimi spirtli içki qəbulu ağır intoksikasiyaya, xronik xəstəliklərin yaranmasına səbəb olur.
Alkoqol təsiri altında insanlar cəmiyyət qarşısında məsuliyyət hissini itirir. Nə qədər spirtli içki qəbulu yüksək olur, o qədər də asosial davranışlar artır. Bunlardan ən təhlükəlisi sərxoş vəziyyətdə maşını idarə etməkdir.

- Alkoqolizmin müalicə və reabilitasiyası nə qədər effektivdir?

- Alkoqol asılılığı digər asılılıqlarda olduğu kimi, öz mürəkkəbliyi ilə seçilir. Məhz buna görə narkoloji xəstəliklərin müalicəsinə kompleks yanaşma tələb olunur. Müalicə zamanı ilkin olaraq xəstənin vəziyyətinin stabilləşdirilməsinə yönəldilən intensiv terapiya aparılır. Bu mərhələdə müalicənin effektivlik meyarı orqanizmin həyatı funksiyalarının bərpasından ibarətdir. Növbəti mərhələdə bərpa və residivə qarşı müalicə aparılır.
Məhz bu mərhələlərdən sonra xəstə reabilitasiya mərhələsinə hazır olur. Reabilitasiya xəstənin maksimal dərəcədə həyata uyğunlaşmasına yönəlmiş kompleks tibbi, sosial tədbirlərdən ibarətdir. İlk dəfə Amerikada 1935-ci ildə Robert Smit və Bill Uilson tərəfindən ”Anonim Alkoqoliklər” (“Alcoholics Anonymous”) birliyin əsası qoyulub. Bu birlik 12 addımlı bərpa proqramı və ya Minnesota proqramı üzrə fəaliyyət göstərir.