adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 May 2024 18:21
891
HÜQUQ

Müstəqil məhkəmə hakimiyyətinin formalaşması Ulu Öndərin adı ilə bağlıdır

Bu gün bütün sahələrdə uğurla inkişaf edən qüdrətli və nüfuzlu Azərbaycanın banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür.

Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol Ulu Öndərin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır. Onun fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti sayəsində Azərbaycan sürətlə inkişaf etdi. Mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi cəmiyyətin normal inkişaf ahənginin təminatına çevrildi.

1990-cı illərin əvvəllərində ölkəmizin təcavüzə məruz qaldığı, müstəqilliyimizin itirilmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider qəti iradəsi, müdrikliyi və idarəçilik təcrübəsi ilə yaranmış parçalanma təhlükəsinin qarşısını aldı, sabitlik və iqtisadi inkişaf təmin edildi. Onun işləyib hazırladığı xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşayışını təmin edən müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş edib, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtləndirib.

Adalet.az xəbər verir ki, bu fikirlər Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədovun “Qüdrətli və nüfuzlu Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı məqaləsində yer alıb.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinə verdiyi töhfələrdən biri ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin yaradılması olub: “Ulu Öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutaraq Azərbaycanda məhkəmə hakimiyyətinin yaradılmasına, onun qanunvericilik əsaslarının formalaşmasına və bu sahədə islahatların həyata keçirilməsinə nail olub. Məhz onun təşəbbüsü ilə əvvəlkindən köklü surətdə fərqlənən yeni Konstitusiya əsasında müasir hüquq sistemi və üçpilləli məhkəmə sistemi formalaşdırılıb, məhkəmələrə insan haqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlər verilib.

Hüquqi dövlət quruculuğu sahəsində başlanılan misilsiz işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2019-cu il aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanan Fərman məhkəmələrin işinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub. Məhkəmə-hüquq sistemi üçün “yol xəritəsi” olan Fərmanın icrasına təxirə salınmadan başlanılaraq qısa müddətdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülüb. “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilməsi, Məhkəmə-Hüquq Şurasının yenidən formalaşması da həmin islahatların uğurlu davamı kimi qiymətləndirilə bilər”.

Məqalə müəllifi xatırladıb ki, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası idi: “Ulu Öndərin böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Dahi şəxsiyyətin bu arzusunu onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Üçrəngli Dövlət Bayrağımız yenidən bütövləşən Vətən torpağında qürurla dalğalanmağa başladı.

İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Prezident İlham Əliyev xalqımıza növbəti Qələbənin sevincini yaşatdı. Dövlət Bayrağının əzəli və əbədi torpaqlarımızda - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda ucaldılmasına nail olmaqla xalqımızın arzularını çin etdi, müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.

Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırır. Ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib. Ona görə də tam əminliklə söyləmək olar: nə qədər ki, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq”.