09 Fevral 2017 17:18
10620
MƏMLƏKƏT

Naxçıvanın muxtariyyət statusu Azərbaycanın tarixi nailiyyətidir

Fevralın 9-da çox böyük tarixi-siyasi hadisənin - qədim diyarın muxtariyyət qazanmasının 93-ci ildönümü tamam olur.

Bu gün bir çox Avropa siyasətçiləri Naxçıvanın muxtariyyətini nadir beynəlxalq model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirirlər. Bu, təbiidir. Çünki Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu amil dünyadakı çox az muxtar qurumların statusunda öz əksini tapıb. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun qeyd etdiyi kimi, Avropanın analoji qurumlarından yalnız Gürcüstanın Acarıstan Muxtar Respublikası və Finlandiyaya məxsus Aland adaları beynəlxalq müqavilə ilə yaradılsa da, Naxçıvan Muxtar Respublikasının statusu, buradakı muxtariyyətin siyasi səlahiyyətləri yuxarıda qeyd olunan hər iki muxtar qurumdan fərqlidir.

Naxçıvan heç vaxt özünü Azərbaycandan ayrı təsəvvür etməmiş, bütün dövrlərdə dünyanın bir çox dövlətləri üçün də böyük coğrafi-siyasi və strateji əhəmiyyət kəsb etmişdir. Xüsusilə, keçən əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnakları Naxçıvana qarşı ərazi iddiaları irəli sürmüş, bu diyarı Ermənistana qatmaq üçün bütün vasitələrə əl atmışdır. Bölgə əhalisinin inadlı müqavimətləri nəticəsində Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və son nəticədə ona Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Naxçıvanın muxtariyyət statusu qazanması bu bölgədə 1918-1921-ci illərdə cərəyan edən proseslərin, onlara təsir edən daxili və xarici amillərin, bölgənin və regionun geosiyasi vəziyyətinin və iki mühüm beynəlxalq müqavilənin sayəsində olmuşdur.

Ümummilli lider Heydər Əliyev Naxçıvan MR-ın yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırmışdır. Həqiqətən də Naxçıvan əhalisi, həmin dövrün demokratik ruhlu ziyalıları bölgənin təhlükəsizliyinə, erməni daşnaklarının hərbi basqınlarına qarşı mərdliklə mübarizə aparmış, öz qanları bahasına qədim diyarı hər tərəfdən qorumuşlar. Hələ 1918-ci ildə Naxçıvan Milli Şurası Xalq Cümhuriyyəti hökumətinə yazdığı məktubda göstərirdi ki, biz ermənilərə tabe olmuruq, tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun tutulmasını və Naxçıvanın Azərbaycana birləşməsini gözləyirik.

Qədim diyarın əhalisi o vaxt öz qəti fikrini bildirərək and içmişdi ki, "...biz Avropanın mədəni ölkələrinin alovları içərisində yanmağa razı olarıq, amma Naxçıvanı Azərbaycandan ayırmağa qoymarıq".

Naxçıvan İnqilab Komitəsinin Azərbaycan hökumətinə 1920-ci il 10 avqust tarixli məktubunda da bildirilirdi ki, əhalinin böyük əksəriyyətinin qərarı ilə Naxçıvan özünü Azərbaycanın ayrılmaz hissəsi hesab edir.

1921-ci ilin əvvəllində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin 90 faizindən çoxu Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs vermişdi.

Qədim diyarın muxtariyyət statusu məsələsində N.Nərimanovun prinsipial mövqeyi, onun adından B.Şahtaxtinskinin Moskvada apardığı danışıqlar və 1921-ci il martın 1-də V.Leninə göndərdiyi məktub, nəhayət Rusiyanın Naxçıvan məsələsinə münasibətini müsbət istiqamətdə dəyişməsinə səbəb oldu. Nəticədə Naxçıvanın muxtar statusu RSFSR ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında imzalanan Moskva müqaviləsində təsbit edildi: "Razılığa gələn hər iki tərəf hazırkı müqavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir". Bu müqavilə Naxçıvanın taleyinin həll edilməsində tarixi rol oynadı.

1921-ci il oktyabrın 13-də RSFSR-in iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə arasında imzalanmış Qars müqaviləsinə əsasən Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirildi. Müqavilənin 5-ci maddəsi və 3-cü əlavəsi Naxçıvanın ərazi mənsubiyyətini bir daha təsdiqlədi, onun sərhədlərini müəyyənləşdirdi. Burada göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir.

Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi qalmaq imkanlarını bu beynəlxalq müqavilələr reallaşdırdı. Həmin müqavilələrlə Rusiya, Türkiyə və Cənubi Qafqaz respublikaları Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat verdilər.

Muxtar qurumlar yaranma əsaslarına görə milli-ərazi və inzibati-ərazi əlamətlərinə ayrılır. Naxçıvan Muxtar Respublikası dövlətin əsas ərazilərindən tam təcrid olunmuş vəziyyətdə - "anklav" ərazi kimi geosiyasi əsasa görə yaranmışdır. Belə coğrafi-siyasi əlamət tarixi zərurət kimi Naxçıvana muxtar hüquqların verilməsini şərtləndirmiş və qismən özünüidarə hüququnun tanınmasına yol açmışdır. Çünki Zəngəzur mahalının Ermənistan tərəfindən işğal edilməsi ilə Naxçıvan diyarı Azərbaycanın əsas ərazilərindən aralı düşmüş, nəticədə onun muxtariyyət məsələsi gündəliyə gəlmişdir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, "əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi".

Bu diyara muxtariyyət statusunun verilməsi ilə Azərbaycan SSR Naxçıvan üzərində hüquqlarından irəli gələn vəzifələri həyata keçirirdi. Lakin Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevralınadək ləngidildi. Həmin il fevralın 9-da isə Azərbaycan SSR MİK-in dekretinə əsasən Naxçıvan muxtar ölkəsi Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-ə çevrildi. Bununla da qədim diyarın statusu qəti şəkildə müəyyənləşdirildi.

Naxçıvan 1921-ci il martın 16-dan Naxçıvan SSR, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. Burada bir məsələ də qeyd olunmalıdır ki, Naxçıvan 1921-ci ildən Azərbaycanın muxtar qurumu kimi idarə olunsa da, 30-cu illərin ortalarına qədər bütün rəsmi sənədlərdə Naxçıvan SSR yazılmışdır.

Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində Azərbaycan SSR MİK tərəfindən təsdiq edilmiş Naxçıvan MSSR haqqında Əsasnaməsinin qəbulu ilə başlanmışdır. Bu Əsasnaməyə görə Naxçıvan Azərbaycan SSR-in tərkib hissəsi kimi ona muxtar respublika şəklində daxil olurdu. Naxçıvanın Azərbaycanla qarşılıqlı münasibətləri Azərbaycanın Konstitusiyası ilə müəyyənləşdirildi. Qəbul olunmuş Əsasnamə muxtar respublikanın ictimai-siyasi, iqtisadi həyatını tənzimləyən əsas qanunverici akt olmuşdur.

Bununla da Naxçıvan özünün qanunverici orqanları, icra hakimiyyəti olan muxtar quruma çevrilmişdi. Bu isə 1926-cı il aprelin 18-də qəbul edilmiş Naxçıvan MSSR-in I Konstitusiyasında hüquqi cəhətdən təsbit olunmuşdu. Naxçıvan MSSR-in sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi göstərilmişdir. Naxçıvan MSSR-in Konstitusiyasında qədim diyarla Azərbaycan arasındakı qarşılıqlı münasibətlər dəqiq müəyyənləşdirilmişdi. Həmin Konstitusiyanın 52-ci maddəsində göstərilirdi ki, "Naxçıvan SSR Azərbaycan SSR-in tərkib hissəsidir və onun protektoratlığındadır".

Məkrli erməni daşnakları Naxçıvanın əzəli və əbədi Azərbaycan torpağı olduğuna və bununla bağlı Sovet Ermənistanı hökumətinin özünün də 1920-ci ildə bəyanatlar verdiyinə, nəhayət, Qars müqaviləsini imzaladığına baxmayaraq, bütün XX əsr boyu tarixi şəraitin ermənilərin xeyrinə işlədiyi vaxtlarda iddialarını ortaya qoymuş, onu "böyük Ermənistan"a birləşdirmək üçün gizli və açıq mübarizə aparmışlar. Xüsusilə, keçən əsrin 80-ci illərinin sonlarına yaxın ermənilərin qəsbkarlıq planlarında Dağlıq Qarabağla bərabər Naxçıvan da mühüm yer tutmuşdu. Qədim diyarı blokadaya salan, hava nəqliyyatından başqa digər kommunikasiya xətlərini kəsən, onun Azərbaycanla bütün əlaqələrinə mane olan Ermənistan Naxçıvana qarşı həm də hərbi basqınlara rəvac vermiş, sərhəd kəndlərinə silahlı hücumlar etmişdir. O dövrdə Azərbaycan rəhbərliyinin Naxçıvana biganə münasibəti burada yaşayan əhalinin vəziyyətini bir qədər də ağırlaşdırmışdı.

1990-cı ilin iyul ayının 22-də görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıtması, burada yaşayıb fəaliyyət göstərməsi, 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi bu diyarı gözləyən təhlükələrdən xilas etdi. Heydər Əliyev gəlişi ilə xalqın gələcəyə ümidini özünə qaytardı, Naxçıvanı Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyəti uğrunda mübarizənin mərkəzinə çevirdi. Ulu öndərin uğurlu fəaliyyəti, nüfuzu o dövrki iqtidarı ciddi narahat edirdi. Necə olursa-olsun Heydər Əliyevi hakimiyyətdən kənarlaşdırmağa çalışırdılar, bu niyyətləri baş tutmadığından Naxçıvanın muxtariyyət statusunu ləğv etməyə cəhd göstərdilər. AXC-Müsavat iqtidarı və bəzi siyasi qüvvələr bunu onunla əsaslandırmağa çalışırdılar ki, Azərbaycan unitar dövlətdir və bu səbəbdən də onun tərkibində muxtar qurum ola bilməz. Guya bu Konstitusiyaya ziddir və Azərbaycanı federativ dövlətə çevirir. Əslində isə burada Konstitusiyaya zidd heç bir şey yox idi. Dünya təcrübəsindən məlumdur ki, bir sıra unitar dövlətlərin (İspaniya, İtaliya, Finlandiya, Portuqaliya və b.) tərkibində müxtəlif səviyyəli muxtar qurumlar mövcuddur.

Hamıya yaxşı məlumdur ki, Naxçıvanın ərazi baxımından Azərbaycandan ayrı düşdüyünü və ermənilərin oranı ələ keçirə bilməməsi üçün ona muxtariyyət statusu verilmişdir. Keçən əsrin 90-cı illərində respublika mətbuatında belə siyasi qüvvələrə tutarlı cavablar verilirdi.

Naxçıvanla eyni beynəlxalq müqavilə ilə muxtar qurum formasında təşkil olunan Acarıstanın siyasi səlahiyyətləri məhduddur və daha çox inzibati-iqtisadi səlahiyyətlərə aiddir. Birinci Dünya müharibəsindən sonra Millətlər Liqası tərəfindən yaradılan Aland adalarındakı muxtariyyət isə dövlət statusuna malik deyil. Hər iki muxtar qurumdan fərqli olaraq, Naxçıvan Muxtar Respublikasının siyasi səlahiyyətlərə malik muxtar dövlət statusunda fəaliyyət göstərməsi, bu statusun dəyişdirilməsi (geri çağırılması) prosedurunun mövcud olmaması və muxtariyyətin həm milli, həm də beynəlxalq müqavilələrlə müəyyənləşdirilməsinin konstitusion səviyyədə əksini tapması Naxçıvan muxtariyyətini fərqləndirən əsas amillərdəndir.
Digər tərəfdən, Naxçıvan muxtariyyəti daxili qanunvericilik, sərbəst büdcə siyasəti sahəsində, muxtariyyətin mərkəzi hakimiyyətlə əlaqələr mexanizminin istər siyasi, istərsə də hüquqi cəhətdən müsbət mənada heç yerdə təkrarlanmayan xüsusiyyətlərə malikdir. Unitar dövlət olan Azərbaycanın tərkibində muxtar dövlətin, prezidentlik üsul-idarəsi olan dövlətin tərkibində parlamentar respublikanın mövcud olması da bu xüsusiyyətlərdən biridir.

Ən əsası isə bütün bu xüsusiyyətlər və özünəməxsusluqlar burada mükəmməl siyasi-hüquqi mexanizmlərin təşəkkül tapmasına gətirib çıxarıb. Təsadüfi deyil ki, Naxçıvan muxtariyyətinin bu xüsusiyyətləri Avropanın müxtəlif dövlətlərarası təşkilatları tərəfindən də dəfələrlə qeyd olunub. Naxçıvanın muxtariyyət modeli 2013-cü il oktyabrın 30-da Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının sənədlərində xüsusi olaraq qeyd edilib. Sessiyada İtaliyadan olan məruzəçi Bruno Marzianonun "Avropada xüsusi statusa malik region və ərazilər” adlı hesabatında Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu da xüsusi qeyd edilərək belə bir modelin çox faydalı olduğu vurğulanıb. Bu cür dəyərləndirmə 1997-ci ildə Venesiya Komissiyasının Naxçıvan Muxtar Respublikasının Konstitusiya layihəsinə verdiyi rəydə də öz əksini tapıb.

Naxçıvan Muxtar Respublikası olduqca mürəkkəb, çətin, eyni zamanda, şərəfli yol keçib. Tarix boyu Naxçıvan müxtəlif imperiyaların maraq dairəsində olsa da, heç bir məkrli qüvvə naxçıvanlıların iradəsini qıra, bu diyarı Azərbaycandan qopara bilməyib . Bu baxımdan muxtariyyət statusu Naxçıvanın siyasi taleyində də mühüm əhəmiyyət kəsb edib. Ona görə də dahilər yurdunun muxtariyyət qazanmasının ildönümlərinin qeyd olunması həm də Azərbaycanda milli dövlətçilik təfəkkürünün, ərazi bütövlüyü düşüncəsinin daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tarixi həqiqətləri ifadə edərək deyib ki, Naxçıvanın ərazisi kimi, onun muxtariyyət statusu da zaman-zaman məkrli erməni həmlələrinə məruz qalıb. Ali Məclisin Sədri bildirib ki, 1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə xalqımızın böyük oğlunun muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür verdi.

Ali Məclisin Sədri Vasif Talıbov onu da qeyd edib ki, Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz, ötən 90 il ərzində burada gedən sosial-iqtisadi inkişafdır. Ali Məclisin Sədri deyib: "Bu gün ümummilli lider Heydər Əliyev tərəfindən başlanan, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən yeniləşmə və quruculuq xətti muxtar respublikada həyatın bütün sahələrini əhatə etmişdir. Qarşıda dayanan əsas vəzifə blokada vəziyyəti ilə bağlı yaranan çətinliyi aradan qaldırmaq, əhalinin məşğulluğunu təmin etmək, yeni infrastruktur, emal və sənaye sahələri yaratmaq, sosial sahələrin – təhsilin, mədəniyyətin, səhiyyənin və elmin daha da inkişaf etməsinə nail olmaqdır”.
Bu, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin uğurlu siyasi xəttidir. Həmin siyasət Naxçıvan Muxtar Respublikasında böyük şövqlə həyata keçirilir, Vətənə məhəbbətdən güc alan naxçıvanlılar qədim diyarda möcüzələr yaradırlar. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün naxçıvanlılar qədim diyarın iqtisadiyyatını, elm və təhsilini, mədəniyyətini çox böyük uğurla inkişaf etdirirlər. Son illər Naxçıvan Muxtar Respublikasının Cənubi Qafqaz ölkələri üçün inkişaf modeli hesab edilən Azərbaycan Respublikasının parlayan ulduzu adlandırılması da bu baxımdan təsadüfi deyil.

Naxçıvanın muxtar respublika statusu bu bölgənin 93 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Ölkə Prezidentinin qeyd etdiyimiz sərəncamında göstərildiyi kimi, "Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir".