Naxçıvanda həbs edilən Türkiyə vətəndaşı Özbəkistana ekstradisiya edildi
01.01.1995-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Akdı Namik Kemalın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.N.Kemal 2024-cü ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasının ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.