XALTANLI TAĞI VƏ MÜASİRLƏRİ

*Qar dənəciyi ilə işarələnmiş (başlayıb və bitən) hissələri, ehtiyac olarsa, ixtisar etmək olar. Xahiş edirəm, mümkün qədər mətnə müdaxilə edilməsin.
XALTANLI TAĞI VƏ MÜASİRLƏRİ
Azərbaycan aşıq şeirinnin qüdrətli nümayəndəsi, Şirvan aşıq şeiriin yaradıcısı Xaltanlı Tağının həyat və yaradıcılığını araşdıran bir çox tədqiqatçılarımız bir-birindən fərqli mülahizələr yürütmüşlər. Son dövrlər üzə çıxarılmış arxiv sənədləri və aşığın yaradıcılığı ilə bağlı axtarışlar daha dürüst fikirlər söyləməyə imkan vermişdir.
Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı başa çatdıqdan sonra vergi siyasətinin həyata keçirilməsi ilə əlaqədar olaraq ilk dəfə 1831-ci ildə Azərbaycanda siyahıyaalma aparıldı. Bu gün tarixi şəxsiyyətlərimizin öyrənilməsi baxımından da bu siyahıyaalma sənədləri mənbə rolunu oynayır. İndiyədək aparılmış araşdırmalarda Xaltanlı Tağının doğum tarixi dəqiqləşdirilə bilmədiyindən ilk siyahıyaalmaya əsaslanaraq deyə bilərik ki, Tağı 1798-ci ildə anadan olmuşdur. (T. Mustafazadə, “Quba əyalətinin kameral təsviri”, Bakı, “Sabah”, 2008, səh.455.)
Onun atası İsmayıl, babası Mövlamqulu, ondan 12 yaş kiçik qardaşı İsa olmuşdur. Kameral təsvirlərdə qadınlar siyahıya alınmadıqlarından bacıları haqqında məlumat yoxdur. Amma Tağı yazır:
Bacılarım gəlsinlər,
Dua-səna qılsınlar;
Saçlarını yolsunlar,
Könlü sədpara getdim.
Tağının təhsil illərində babası sağ olmuşdur. Cavan Tağı babası Mövlamquluya müraciətlə deyir:
Qoca babam səndən bir at istərəm,
Yerişin, yürüşün, yolun bəyənim.
Dolanım başına pərvanə kimi,
Dar gündə arxa, dost bulum, bəyənim.
Aşıq bir şeirində yaşadığı kəndin camaatını tərənnüm edir. Hacıqulu baba, aslan hünərli Ağagül, usta Mürsəqulu, hünərli Pirəhməd, dilavər Şeyxaca, dar kəmərli Süleyman, molla Camulla, tədbirli Murad kimi şəxsləri, başqa bir şeirində isəqonşu Gümür kəndinin (keçmiş Qonaqkənd rayonunun bu kəndi indi xəritədə yoxdur) şeyxlərini vəsf edir. Görülmüş işlərdə zəhməti olan kamil ustaları; Hacı vəSeyidağanı tərifləyir.
Xaltanlı Tağının onunla bir vaxtda yaşamış sadə insanlarla yanaşı tanınmış şəxslərlə də yaxınlığı, münasibəti, yoldaşlığı və dostluğu olmuşdur. Şeirlərində adları çəkilməsə də müasirləri, müəllimləri, dövrün ziyalı insanları kimi Qubalı Hacı Ələsgər Əfəndinin, mədrəsədə Şərq fəlsəfəsindən dərs deyən Xas Məhəmməd Şirvaninin, fars və türk dillərindən dərs deyən Ağdaşlı Abdulla Əfəndinin, Samurlu Əbdülhəlim Əfəndinin və başqalarının adlarını çəkmək olar.
Quba qəzasının (Qusar rayonunun) Tahircal kəndində molla yanında dərs alan Tağı indiki Samur qəsəbəsindən təxminən 10-15 km uzaqlıqda Samur çayının digər tərəfindəki Yaraq kəndində mədrəsədə dərs alan Tahircallı Əmir Əli ilə həmsöhbət olur. Sonralar onların davam edən yaxınlığı yaradıcılıqlarında da özünü göstərir. Əmir Əli Əfəndi yazır:
Yatmış idim xabi-qəflət içində,
Nagah gəlib düşdün yada, sevgilim.
O pəri ruyinə müntəzir könlüm,
İçibdir səninlən badə, sevgilim.
Tağı yazır:
Yatmış idim xabi-qəflət içində,
Məndən bir can alan hayıxdı, getdi.
Eşqin qəbzəsini çəkdi sinəmə,
Boylandım dalınca, o çıxdı-getdi.
Eyni dövrdə, eyni mühitdə yaşadıqlarından oxşar mövzulu, oxşar rədifli şeirlərin yaranması da təbiidir. Hər iki aşığın eyni rədifli “Arasında”, “Olsun”, “Olmaz” kimi qoşma və gəraylılarında bu hal nəzərə çarpır.* Əmir Əli yazır:
Sevgilim, dəhanın əcəb dadlıdır,
Bəlkə, şərbət varmış dl arasında.
Yasəmən zülfündən xəcalət çəkər,
Hərdən sən gəzərsən gül arasında.
Tağı yazir:
Bir huri mələksən, xilqətin incan,
Yoxdur bərabərin söz arasında.
Misal var, bir ovçu ahusun görsə,
Var qıya baxışı göz arasında.*
Rusiyanın işğalına qarşı çıxmış Qazi Məhəmməd və Şeyx Şamillə əlaqəli şəxslərin həbsləri zamanı Əmir Əli Əfəndi də öz yurdundan sürgün olunur. Sürgündən qayıtdıqdan sonra mədrəsə yoldaşı olmuş, Quba qazisi Molla Abdullanın yanına gəlir. Əmir Əli burada A. Bakıxanovla dostlaşır, “Gülüstan” ədəbi məclisinin yaradılmasında iştirak edir, üçü də birgə Həccə gedir və Bakıxanovla Əmir Əli orda vəfat edirlər. (“Əmir Əli və Ehraqlı Rəcəb”, Bakı, “Gənclik”, 1980.)
Tağının təhsil aldığı Məhəmməd Yaraqlının mədrəsəsində qrammatika, məntiq, ritorika, ərəb dili, ali fəlsəfə, hüquq kimi fənlər öyrədilirdi. Bu fənlər dinlə bağlı tədris olunduğundan mədrəsəni bitirənlərin bir-birləri ilə deyişmələri də dini mövzulardadır. Tağının Qazi Məhəmməd Əfəndi ilə, Eminlə deyişmələri, eləcə də qıfılbəndləri dini biliklərə əsaslanır.* Tağı deyir:
Bizdən salam olsun aşıq Eminə,
Göydən yerə neçə vərəq enibdir?
Kimin xoşluğuna yarandı dünya,
Kimin əcazinə büraq enibdir?
Emin deyir:
Bizdən salam olsun aşıq Tağıya,
Göydən yerə yetmiş vərəq enibdir.
Məhəmməd xoşluğna yarandı dünya,
Əli əcazinə büraq enibdir.*
Tağının əldə olunmuş şeirlərindən üçü ruhən yaxın olmuş, özünə dost bildiyi, hörmət qoyduğu, tanınmış insanların ölümü ilə bağlıdır. Tağıdan 15 il kiçik olsa da ağlı və zəkası ilə rəğbət qazanmış Xınalıqlı Əmin həyatdan cavan gedir. Bu xəbər Tağını çox sarsıdır:
Tağı deyir, yas saxlaram dəmadəm,
Şəkər kəlamını bilmişəm məlhəm.
Düşər yada şirin avazı hər dəm,
Meyvəli bağlarda bar idi, getdi.
Dağıstan xalqlarının I imamı olmuş Qazi Məhəmməd Əfəndi 1832-ci ildə Gimri qalasında mürşüdləri ilə mühasirəyə düşüb həlak olur. Tağı bu faciədən bərk kədərlənir:
Ənbiya varisi, misal bədəlli,
Əhkami rəbbini təbliğ eylədi.
Aləmi bisahib qoyub gedəli,
Aftab-muxtar cahan getdi dünyadan.
Aşıq Qazi Məhəmməd Əfəndini peyğəmbərlər varisi, nümunəvi insan, allahın hökmlərinin təbliğatçıısı, günəş ixtiyarlı bir ədalətli həmsöhbət kimi təqdim edir.
1825-ci ildə Yermolovun əmri ilə həbs olunan, müridlərinin köməyi ilə həbsxanadan azad olub Tabasaranda gizlənən Məhəmməd Yaraqlı 1838-ci ildə vəfat edir. Tağı “Getdi” rədifli şeirində bir çox tanınmışların müəllimi olmuş Məhəmməd Yaraqlını “ruhani atamız”, “fəzli-xuda”, “əhli-vəfa”, “səxavət kanı” adlandırır.
Xaltanlı Tağının müasiri oıduğu, təhsil illərindən tanıdığı, 25 il Dağıstan xalqlarının imamı olub Rusiyaya qarşı mübarizəyə rəhbərlik etmiş Şeyx Şamillə bağlı əldə olan şeirlərindən aydın olur ki, onun Şamillə çox yaxınlığı olmayıb. Tağı alim, şair adamlarla mehriban olub. Vəzifə sahibi və sərt intizam tərəfdarı olan Şamili tanısa da onların arasında isti münasibət olmayıb. Tədqiqatçılarımızın bəziləri Tağının uzun müddət Şamilin yanında qalmağından, ona məsləhət verməsindən bəhs etsələr də məlum şeirlərinin birində Tağı söz verir ki, bir də bu yerlərə gəlməyəcək. “Əfəndi” rədifli şeirindəsə deyir:
Susamısan qəriblərin halına,
Çəkərlər səni də haqq divanına,
Tağını buladın əlvan qanına,
Oldumu muradın hasil, əfəndi.
Hiss olunur ki, Tağının bu misraları altında hələ ki bizə məlum olmayan bir əhvalat gizlənmişdir.
Məlumdur ki, “Gülüstan” ədəbi məclisinin fəaliyyətində Əmir Əli Əfəndinin və Molla Abdullanın da iştirakı olmuşdur. Eləcə də bu məclisin iştirakçıları sırasında Xınalıqlı Əminin, Tağının oğlu Sədinin də adı çəkilir.(“Poetik məclislər”, Bakı, “Yazıçı”, 1987.) Belə olduqda Tağının “Gülüstan” ədəbi məclisinə, eləcə də A. Bakıxanova yaradıcı sənətkar kimi ruhən yaxınlığı, əlaqəsi barədə düşünmək mümkündür. Şair Mahinlə şeirlə məktublaşması onun gülüstançılara yaxınlığı fikrini daha da qüvvətləndirir.
Kağıza müraciətlə yazılmış bu şeirdə şəxsləndirmə vasitəsilə kağız atlaz xalatını geyib qulluğu yerinə yetirən, dostdan xəbər gətirən, neçə sultanın elçisinə çevrilən, xandan xana xəbər çatdıran, sirr sözünü saxlayan, danışmağa vəkil edilən, yardan gələn aşına kimi bənzətmələrlə təqdim olunur. Müxəmməs janrında yazılmış məktublaşmanı Mahin belə tamamlayır:
Mahin deyər, salam vercək o nəzara min naz ilə,
Yetir peyğamı yerinə ikram ilə, əndaz ilə,
O dediyin intizarı sən şərh eylə bəyaz ilə,
Tağı sətirlərin görcək oxusun xoş avaz ilə,
Hüsnünü aydın xətt ilə xoş didar eylərəm, kağız.
Tağının müasiri olan tarixi şəxsiyyətlərdən biri də Qaçaq Molla Nurdur. Təhsilini başa vurduqdan sonra da tez-tez Təngə dərəsindən keçən yolla Dağıstana səfərləri zamanı onun Molla Nur haqqında dillərdə dolaşanları eşitməsi, yaxud Molla Nurla görüşməsi şübhə doğurmur. Professor Azad Nəbiyev “Molla Nur” dastanı haqqında yazmış, Dərbənd ekspediyası zamanı bu dastanın natamam variantını əldə etmiş, 1977-ci ildə nəşr olunmuş “Azərbaycan dastanları” kitabında oxuculara təqdim etmişdir. Sonralar filologiya elmlər namizədi Ağalar Mirzə bu dastanın kamil variantını Azad Nəbiyevin ustad aşıq, Xaltan ərazisində doğulmuş, Xaltanlı Tağı şeirləini toplamış Haşım Balasıyevdən əldə etdiyini bildirmişsə də bu gün həmin variant əldə yoxdur. Ağalar Mirzə Tağının Dağıstana səfərləri zamanında Dərbənddə Aşıq Ələsgərlə görüşməsini ehtimal edir. Lakin bu günədək aşıqlarımız haqqında düzülüb-qoşulanların bir qisminin arxiv sənədləri əsasında yanlış olduğunu bildirən tədqiqatçı Nazir Əhmədli (“Azərbaycan aşıqları və el şairləri”, Bakı, “Elm və təhsil”, 2019.) bəzi rəqəmlərin və əhvalatların təxəyyül məhsulu olduğunu sübut edir. Bu cəhətdən Xaltanlı Tağının vəfat etdiyi vaxt Aşıq Ələsgərin 18 yaşında bir gənc olduğu aydınlaşır və bu versiyanın baş vermədiyi məlum olur.
Qeyd edək ki, Ağalar Mirzənin tədqiqatının nəticəsi olan “Xaltanlı Tağı” kitabı (Bakı, “Elm”, 1999.) ilk mənbə kimi çox qiymətlidir. Lakin bu gün kitabı oxuyarkən Xaltanlı Tağının həyat və yaradıcılığının daha dərin, dəqiq araşdırmalara ehtiyacı olduğu üzə çıxır. Şeirlərin müxtəlif şəxslər tərəfindən toplanıb söylənildiyi kimi verildiyindən redaktəyə, izah və şərhlərə, yenidən tərtib edilməyə zəruriliyi hiss olunur.
Tahir HƏSƏNLİ Həsənbaba oğlu,
Quba rayonu, Yerfi kəndi
Digər Xəbərlər

Türkiyədən Elçin Əfəndiyevə EHTİRAM

“Qərbi Azərbaycan irsi”: Təkcə qələmlə deyil, ruh və vicdanla yazılmış əsər

Kötükdəki yaşıllıq - Pərvanə BAYRAMQIZI yazır
