adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2025 16:05
75
GÜNDƏM
A- A+

"Neft gəlirlərinin azalması paytaxtdan bölgələrə qayıdış üçün fürsətdir" - Zahid Oruc

"Neft hasilatı yüksək səviyyədə qalsaydı belə, dövlətimiz gələn il idarəetmə və institusional islahatları dərinləşdirməkdən, səmərəsiz xərcləri azaltmaqdan, şəffaflığı və hesabatlılığı gücləndirməkdən imtina etməyəcəkdi. Paytaxtdan bölgələrə qayıdış üçün neft gəlirlərinin azalması həm də fürsətdir. Yetər ki, əsas kapitala investisiyaların payını indiki 13 faizdən dəfələrlə artıraq, yüz minlərlə yeni iş yerlərini məhz bölgələrdə yaradaq".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib. 

O bildirib ki, cərimələr, vergi dərəcələrinin artırılması, güzəştlərin ləğvi və ixtisarlarla bağlı sosial mediada gündəlik tirajlanan fərziyyələr sosial bədbinlik yaratmağa, büdcə layihəsini ictimai müdafiədən məhrum etməyə yönəlib: "Halbuki əhali ilə kommunikasiyanı gücləndirərək, nailiyyətləri izah etməklə yanaşı, problemləri də açıq söyləməliyik ki, dövlətin siyasəti xarici düşmən tribunalarından qorxulu ssenarilər kimi təqdim olunmasın. Müharibə riskinin aradan qalxması və sülh müqaviləsinin gələn il imzalanması perspektivi qarşıdakı 10 ildə ümumi regionda 2 milyondan çox iş yerinin açılmasına təkan verə bilər. Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq. Əhalinin illik 100 min nəfər demoqrafik artımı ilə yanaşı, Rusiya-Ukrayna müharibəsi fonunda ölkəyə qayıdanların sayında son 5 ildə 18 yaşdan yuxarı əhali 1,2 milyon nəfərdən çox yüksəlib.

Məsələn, 2020-ci ildə 5,2 milyon olan seçici sayı 2024-cü ildə 6,45 milyon nəfərə çatıb. Deməli, uzun illərin emiqrasiya axınında əks proses gedir. Qayıdanların sosial statusu, bacarıq və təcrübə məlumatlarının toplanması, iqtisadi mexanizmlərlə onların doğulduqları bölgələrə yönəldilməsi gərəkdir".