Nəğməli ürək - Həzi Həsənli yazır
İstedad sorağında
Onun ömür yolu dünyaya göz açdığı Pirşağı kəndindən başlayır.... Köksündəki duyğular şəlalə harayına bənzəyir. Elə bil, ifaları nəğməli gur bulaq, aşıb-daşan dağ çayıdır. Nəğməli ürəklər ana bətnindən Tanrı töhfəsi kimi doğulur. Xanmurad da fitri istedadı ilə anadan ifaçı kimi doğulub. Göz açıb dünyaya boylandığı gündən öz nəğməli ürəyi ilə yaşayır. İfalarını öz nəğməli ürəyinin səsi kimi duyur, eşidir və eşitdirir. O, sənətin incəliklərinə dərindən bələd olub, onun dərinliklərinə enən, ifalarını özünəməxsusluğu ilə üzə çıxaran nadir istedadlı gənclərdəndir.
Xanmurad həm də özündən əvvəlki nəfəsli alət ifaçılarının sənətindən bəhrələnərək, bir neçə alətdə özü kimi ifa edir. Onun ifaları bu baxımdan öz səsi, öz nəfəsi kimi seçilir. Sənət aləminin gözəlliyi də elə bundadır.
Mahir klarnet ifaçısı kimi tanınan gənc Xanmurad Kazımov əslində tək klarnetdə deyil, o cümlədən, qara zurnada, balabanda və tütəkdə də məharətlə ifa edir. Özü həyatda həmişə təmizlik, saflıq, xeyirxahlıq, yaxşılıq kimi insani dəyərlər haqqında düşündüyü kimi, sənətin də təmiz yolu ilə gedir. Bilir ki, sənətin təmiz yolu ilə getmək daha gözəldir. Onu da yaxşı bilir ki, hər sənətin və sənətkarın öz dəyəri, öz qiyməti var. Xanmurad öz dəyərini bilən sənətkarlardandır. Ona görə də onun sənət uğurları təkcə özünü deyil, pərəstişkarlarını da sevindirir.
Mən Xanmuradı tanıdığım gündən ona rəğbətim yarandı. İstedadı ilə yanaşı, xasiyyətindəki üstün cəhətləri də diqqətimi cəlb etdi. Atası rəhmətə getdikdən sonra onun sənət qayğıları ilə yanaşı, ailə qayğıları da çoxalıb. Öz halal zəhməti ilə dolanır, ailəsinin və el-obasının qayğıları ilə yaşayır. Elə buna görə də Pirşağı kəndində hamı Xanmuradın sənətinə və özünə hörmətlə yanaşır.
Onun müsiqi yaddaşı çox zəngindir. Qədim rəqs havalarını klarnetdə və digər nəfəs alətlərində xüsusi şövqlə ifa edir. İfaları sırasında ən gözəl örnəklər qəlbinin dərinliklərindən gəlir. Onu dinləyəndə, mənə elə gəlir ki, yaşanan duyğunu və qəlbə sığmayan hiss-həyacanı dinləyirəm. Deyir:
-Uşaqlıq illərimdən qonaq-qaralı, toy –büsatlı, çal-çağırlı Pirşağı kəndinə vurulmuşam. Kəndimizdə toy, şənlik olanda ora getməyə can atırdım, musiqiçilərin ifalarını dinləyəndə çox sevinirdim, fərəhlənirdim. Onların ifasında rəngarəng musiqi nömrələrini heyranlıqla dinləyirdim. Bir toyda məşhur klarnet ifaçısı Hacı Həmidoğlunun sənətinə vuruldum. Elə həmin vaxtlardan ürəyimdə musiqiçi olmaq arzusu baş qaldırdı. Sonralar bir müddət Hacı Həmidoğlunun tələbəsi oldum və bu sənətə yiyələndim. Ustadımla birlikdə Bakı toylarında və çoxsaylı müxtəlif tədbirlərdə iştirak etdim. Onun özü də efirlərdə mənim haqqımda dəfələrlə xoş sözlər deyib. Sənətimə yüksək qiymət verib.
Xanmuradın xarakterindəki səmimiyyət, hisslərindəki dərinlik, ünsiyyətindəki doğruçuluq onu yetgin bir gənc kimi, bütöv şəxsiyyət kimi formalaşdırıb.
O, 1994 –cü ildə Bakının Pirşağı kəndində doğulub boya-başa çatıb. Pirşağı onun arzularının, ümidlərinin könül dünyasıdır. Pirşağı qəsəbəsində 112 saylı orta məktəbdə oxuyub. Eyni zamanda Rafiq Babayev adına 25 saylı uşaq musiqi məktəbində fortopiano sinfində təhsil alıb. Dəfələrlə festivallarda laureat olub, birinci yerə layiq görülüb. Azərbaycan respublikasının Xalq artistləri görkəmli bəstəkarlar Arif Məlikovun və Oqtay Zülfüqarovun qarşısında dəfələrlə fortopianoda və klassik ksilofon alətində ifa edib. Arif Məlikov onun istedadına və ifaçılıq qabiliyyətinə yüksək qiymət verib.
Xanmurad hazırda tanınmış müğənnilərlə birlikdə Bakı toylarında ifa etməklə yanaşı, Əhsən Rəhmanlının rəhbərlik etdiyi ansanblda çalışır. Bu ansanbl Mədəniyyət kanalının izləyicilərinə yaxşı tanışdır. Demək olar ki, ansanblın üzvləri, o cümlədən Xanmurad da öz rəngarəng musiqi nömrələri ilə izləyicilərin rəğbətini qazanıb. Orada ansablla birlikdə Xanmuradın da maraqlı çıxışları lentə alınıb.
Onu da qeyd etmək lazımdır ki, həmin ansablda bir zamanlar rəhmətlik Hacı Həmidoğli çalışıb. Hazırda bu ansanblda Xanmurad ustadının sənətini onun adınalayiq davam etdirir. Xüsusilə vurğulamaq lazımdır ki, Xanmurad ustadı Hacı Həmidoğludan ona yadıgar qalan dörd musiqi alətlərində - klarnet, balaban, qara zurna və tütəkdə çox mahir ifaları ilə yaxşı tanınır. Ona sənətin çətin yollarında uğurlar diləyirik...
Digər Xəbərlər
15 Yanvar 2026 11:05
"Azərbaycan xalqını çox yükləyiblər lazımsız ideya və fikirlərlə..."
14 Yanvar 2026 11:01
Axrınıza çox az qaldı, mollalar! - Murad Köhnəqala yazır
13 Yanvar 2026 12:43
“Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib - FOTOLAR
13 Yanvar 2026 12:20


Bakı -°C

