Nəvai Metin: “İnsanlar zaman keçdikcə kübarlaşmaq əvəzinə vəhşiləşir” - MÜSAHİBƏ
Rəssamlar bu dünyanı hamıdan fərqli görərlər. Onlar üçün həyat təkcə ağ və qara rəngdən ibarət olmur… Rəssamın tablosu bir dünyadır, kim orda özünü nə rəng görürsə, artıq bu, insanın mənəvi dünyasından və əqidəsindən xəbər verir. Rəssamlığı hər kəs duymaz...
Müsahibimiz Nəvai Metin o peşəyə sevgisindən, rəssamlığın özəlliyindən və gözəlliyindən danşdı.
- Rəsmlərinizdə rəngləri özünüz seçirsiniz. Bəs tale sizə həyatda hansı rəngi seçdi?
- Çox yaxşı başladıq. Bilirsiniz, belə deyək də, Tanrının mənə yazdıqlarını yaşayanda əhval-rühiyyəm hansı rəngdə olursa, hadisələri də o rəngə uyğun qarşılayıram. Mənim hansı ab-havada olmağım mütləq “rəng”ə təsir edir. Elə vaxtlar ola bilər ki, heç qara rəng yada düşməz. Ancaq al-qırımızı düşündürər insanı. Lakin, bu taledir. Bizə elə şeyləri ərməğan edə bilər ki, mütləq qara rəngi düşünməli olarıq. İnsanın “rəng”ləri seçməyi alın yazısına bağlıdır.
- Nəvai Metin insanın daxilini hansı rəngdə görür?
- Bildiyiniz kimi mən portretlər çəkirəm. Bu iş elədir ki, bəzən (bir çox hallarda) insanın iç dünyasına da baxmaq olur. Çəkdiyin portretde tək üzün qırışları yox, həm də qəlbin kədəri görünə bilir. Sizə onu da deyim ki, bu, hər dəfə rast gəlinən hal deyil. Amma insanların daxili müəyyən qədər zahirində təzahür edir. Bütün bunlar əsərə də təsir edir.
- Əsərlərinizi yaradanda fəsillərin əhvalınıza təsiri olurmu?
- Əlbəttə, təbii ki, yaradıcı insanlara hər fəsilin öz təsiri mütləq ki olur. Bir eyni tablonu hər fəsildə rəssam bir başqa cür görür, bir başqa çalarla əhatə edir.
-Ünvanlı tablonuz olubmu?
- Bəli olub. Hətta sifarişlə çəkdiyim tablolarda belə əsasən yaratdığım əsərin daxilən məzmununa fikir verirəm. Yəni qarşıdakı insan kim olursa olsun, amalı nədir, məqsədi nədir və ya kimdir-bu, artıq önəmli deyil. Önəmli olan rəssamın sonda ortaya qoyduğu nəticədir- əsərdir.
- Belə deyək də, rəssamlığın ilk addımların necə xatırlayırsınız?
- Lap uşaq vaxtlarımdan rəsm çəkmişəm. Bəlkə də mənim yadıma gəlmir ilk rəsmlərim. Yəni o qədər erkən yaşlarımdan başlamışam.
Sizə deyim ki, məni nənəm böyütdüyü üçün biraz da ərköyün olmuşam. Yəqin siz bilərsiniz, nənə himayəsində olan uşaqlar bir az da şıltaq və çılğın olurlar. Və bu da mənim peşəmə öz müsbət təsirini göstərirdi ki, mən öz sevdiyim peşə ilə məşğul olurdum. Nənəm heç vaxt mənim hərəkətlərimin əksinə heç bir fikir irəli sürmürdü. Bu isə mənə bir uşaq kimi istənilən qədər azadlıq verirdi. Beləliklə, bu istək, bu həvəs məni Bakıya gətirdi. Tələbəlik illəri… Daha sonra Akif Səmədlə tanışlığım oldu. Bu tanışlıq mənim həyatımda dönüş nöqtəsi oldu. İctimayyətə və mətbuata məni təqdim etməyi mənim üçün çox böyük dəstək idi. Allah ona rəhmət etsin. Ümumiyyətlə bir çox imzalar( dostlar) var ki, onlara təşəkkür borcum var.
- Nəvai Metin üçün sənət nədir?
- Mənim üçün sənət sevgidir, barışdır, gözəllikdir…. Sənəti sevən insan qətiyyən pislik haqda düşünməz. Sənət özü xoşbəxlik rəngidir. Dünyanı ayaqda tutan da elə sənətdir və sənətçidir. Bu gün dünyada baş verən terrorlar, savaşlar, qarşıdurmalar, qurşun izləri- bir sözlə bütün pisliklər mədəniyyətsizliyin nəticəsidir. Əgər belə davam edərsə, demək ki, dünyanın sonu yaxınlaşır. Düşünürəm ki, hər bir bəşər övaldı dünyanı qorumaq üçün əlindən gələn müsbət əməlləri həyata keçirməlidir. Qısası belə anlada bilərəm:- qarışqa və su misalı.
- Sizin üçün “son hədd” nədir?
- Ən böyük mədəniyyətsizlik insana qəsddir ki, bu da bu gün gözümüzün qarşısında baş verir. Bütün məcburiyyətlər insana mütləq ki qıcıq verir. Sanki insanlar zaman keçdikcə kübarlaşmaq əvəzinə vəhşiləşir. Mənim üçün son hədd, vəhşilik simvolu- insana qəsd etməkdir.
- İtirdiklərinizə təəssüflənirsiniz?
- İtirdiyimə heç bir zaman təəssüflənmədim. Çünki gərəkli olanı heç vaxt əlimdən buraxmadım. Gərəkli olmayanları isə istəməsəydilər belə imtina edəcəkdim. Hələ sizə deyim ki, bəzən sevindirici hala çevrilir itirmək.
Amma bütün bunlara baxmayaraq məndən aslı olmayan itkilər də olur. Dəyərli adamı da itirmək. Bu çox kədərlidir… O da taleyin və təbiətin qanunudur. Bir müddət əzab çəkib, sonra alışıram bu əzaba.. Qismıtlə razılaşmalı oluram . Heç başqa yolum da olmur.
Bu illər ərzində irili- xırdalı dostlar qazandım. O xırda və cılız dostları öz əməllərinin nəticəsi olaraq xərclədim, getdilər. Amma iri dostlara toxunmadım, əksinə, onları göz bəbəyim kimi qorudum.
- Sevginin rəngini çəkmək mümkün olsaydı sevgini hansı rənglə çəkərdiniz?
- Tablodakı bütün rənglər sevgi rəngidir. Hətta o tabloda qara rəng olsa belə. Savaş təsvir olunan tablo qisas , nifrət, intiqam hissi aşılayır. Bu da yeni bir qarşıdurmaya səsləyir insanları. Mənim sevib seçdiyim yol isə bütün savaşlara inad sənətdir. Bu yolun adı sevgi və barışdır!
Əntiqə Kərimzadə