28 Yanvar 2025 10:54
228
SAĞLAMLIQ

Nitq inkişafının həssas dövrü 1 yaş yarımdan 3 yaşa qədərdir - Loqoped

“Nitq inkişafının həssas dövrü 1 yaş yarımdan 3 yaşa kimi nəzərdə tutulur”.

Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da loqoped Aygün Ələkbərova açıqlayıb. 

Onun sözlərinə görə, bir ailədə böyüyən uşaqlar belə eyni olmurlar və hər bir uşaq individualdır:

“1,5-3 yaş arası olan uşaqlarda şifahi nitqin qavranılması və lüğət ehtiyatının artırılma dövrü hesab edilir. Bu yaşda uşaqlar xarici dilləri öyrənməyə çox həssasdırlar. 3-4 yaş arası - bu dövrdə isə rəqəmlərin və hərflərin simvolik təyinatı ilə tanış olmaq və yazıya hazırlaşmaq üçün ən əlverişlidir. Şüurlu nitq və öz fikirlərini başa düşmə, ifadə etmə inkişaf edir”.

A.Ələkbərova bildirib ki, sağlam mərkəzi sinir sistemi nitq aparatının inkişafı və formalaşmasında mühüm rol oynayır:

“Bundan başqa, uşaq üçün ailə üzvləri arasında sevgi, qayğı mühitinin yaradılması vacib amillərdən biri hesab olunur. Nitq inkişafının kritik dövrləri də mövcuddur. Bu dövrlərdə valideynlər diqqətli olmalıdırlar. 1-2 yaş arasında broka mərkəzinin (nitqhərəkət analizatorları) nitq qabığının hissələrinin intensiv inkişaf dövrü olduğundan, hansısa bir amillərdən nitq inkişafının ləngiməsi (ÜNİL), nitq inkişafının geriliyi (ÜNİG) müşahidə oluna bilər”.

Loqoped qeyd edib ki, 3 yaşlı uşaqlarda mərkəzi sinir sistemi ilə neyroendokrin və damar tənzimlənilməsinin uyğunsuzluğu nəticəsində kəkələmə, afaziya (formalaşmış nitqin itməsi) və nitqin inkişafdan qalması müşahidə edilmə ehtimalı var:

“6-7 yaş arası uşaqlarda isə mərkəzi sinir sisteminin yaşla əlaqəli yüklənmələri nəticəsində kəkələmə müşahidə oluna bilər”.