04 Sentyabr 2024 11:12
544
ƏDƏBİYYAT

Niyə məhz ZİYAD SƏMƏDZADƏ? - Mahir QABİLOĞLU yazır

Sentyabrın 1-dir. Yuxudan durmuşam. Evdə sakitçilikdir. Niyə də sakitçilik olmasın ki? Axı tək özüməm. Arvad növbətçidir. Qızlar da ər evində. Bəs tək olmağım mənə niyə  qəribə gəlir ki? Çünki sentyabrın 1-dir. Seçki günüdür. Seçkini niyə iki yerə bölmədim? Çünki parlament olsun, ya prezident, dəxli yoxdur. Bizim dörd nəfərdən ibarət balaca İmamverdiyevlər ailəsi bunların hər ikisində fəal iştirak edirdi.

Bu gün də sentyabrın 1-dir. Saat 11-dir. Yerimdən dururam. Nahar edirəm. Seçki məntəqəmizin yerləşdiyi, anamın 40 il dərs dediyi, qızlarımın təhsil aldığı 44 nömrəli məktəbə gedirəm. Bülleten alıram. Və... Nə “Və”? Heç. Kövrəlirəm. Xatirələr alır məni ağuşuna. Tezcənə namizəd Ziyad Səmədzadənin qarşısında işarə qoyub, kağızı qutuya atıram.

Gülün, gülün. Çox gülməlidir. İlk dəfədir ki, seçki məntəqəsində kövrələn seçici görürsünüz. Eləmi? Məntəqədən çıxıram. Evə gəlirəm. Yenə təkəm. Heç sual da verən, müzakirə də açan yoxdur ki, “a balam, görəsən Ziyad Səmədzadə deputat seçiləcək, ya yox? Səslərimiz boşuna getməyəcək ki? Bəlkə o biri namizədlər ondan da layiqlidirlər? Heç olmasa maraqlanaydın, tərcümeyi-hallarını oxuyaydın”. Amma yox. Mənim namizədim o idi.  Bəlkə də bülletendə…

Kompüterin arxasında oturub başlayıram yazmağa. Xatirədir də. Havaya uçub getməsin. Hava deyəndə, yəni ki, göyə – o dünyaya. Heç olmasa yaddaşlarda qalsın. Və bu xatirələr yalnız müstəqillik dövrünün seçki prosesinə aiddir.

Mən ilk dəfə əsgərlikdə səs vermişəm. Özü də SSRİ Ali Sovetinə seçkilərdə. Heç xəbərimiz də yox idi ki, seçkidir. İstirahət günü olmasına baxmayaraq, bizi sıraya düzüb gətirdilər Horadizdəki seçki məntəqəsinə. İçəri girdik. Hərəmizin əlinə bir dənə bülleten verdilər. Orda da bir dənə  familiya yazılmışdı. Mən bu şəxsi tanımırdım. Ona görə də üzümü yanımdakı dostuma tutub dedim ki, “mən bunu istəmirəm. Gəl sənin adını yazım bülletenə. Sənə də səs verim. Sən də mənim adımı yaz”. Bu cür də etdik. Mən ona səs verdim, o da mənə. Bunu Şaporev adlı bir əsgərlik yoldaşımız gördü. Başladı ki, “bunlar qanunu pozdu. Bülleteni qaraladılar”. Amma ona məhəl verən olmadı. 19 yaşlı mənim ilk seçkim beləcə yaddaqalan oldu. Bundan sonra kommunist olan mən heç vaxt seçkiyə getmədim. Heç atam, anam da getmirdi. Sovet dövründə seçki formal xarakter daşıyırdı. Namizəd tək olurdu, amma adına seçki deyirdilər. Hətta SSRİ-nin rəhbəri Brejnevə belə bir lətifə qoşmuşdular ki, bu ovaxtkı bütöv seçki quruluşuna da aid idi:

Bir nəfər əlində bir qarpız Kremlin yanından keçir. Bu dəm SSRİ-nin rəhbəri Brejnev qarşısına çıxır:

- Nə yaxşı qarpızdır? – deyə Brejnev dillənir.

- Qurbandır, Leonid İliç. Buyur seç, götür.

- Məni dolamısan? – deyə Brejnev hirslənir. Qarpız bir dənədir. Nəyi seçim ki?

- Ay Leonid İliç, bəs biz sizi necə seçirik?

Amma müstəqillik dövründə vəziyyət tam başqa oldu. Elə bil ki, azərbaycanlılardan sovet benzinini çəkib, yerinə demokratiya benzini tökmüşdün. Özü də ki, qıfla. Bir qramı da yerə tökülməmişdi. İmamverdiyevlər ailəsi də, daha doğrusu ailənin başçısı Qabil bu cür demokratlardan idi. İlk seçkimiz müstəqilliyə az qalmış şair Xəlil Rza ilə əlaqədar oldu. Atam onun vəkili idi. Mən də vəkilin şoferi. Xəlil Rza bu seçkidə 2 dəfə deputat seçilsə də, Mütəllibov hakimiyyəti qanun pozuntusu bəhanəsiylə 3-cü dəfə təkrar seçkiyə getdi. Üçüncüdən isə Xəlil əmi özü zinharə gəlib, namizədliyini geri götürdü. Bu prosesi başqa bir yazımda  sizə çatdıracağam. İndi isə məqsədim müstəqillik dövrü seçkiləridir.

1992-ci il Prezident seçkisi

Müstəqillik illərində ilk seçkimiz 1992-ci ildə  oldu. Seçkiyə bir gün qalmış atam evə zəng etdi. “Sabah Sevinci də, uşaqları da götür gəl. Pasportları da yadından çıxartma. Səs verəcəyik, sonra da gedirik Yardımlıya gəzməyə” dedi. Mən ailəmlə 9-cu mikrorayonda yaşasam da, qeydiyyatda Hüsü Hacıyev 19-da idim. Səhər tezdən gəldim həyətə. 2-3 yaşlı qızlarım da yanımızda seçki məntəqəsinə doğru addımlamağa başladıq. Bircə, əlimizdə transparantımız çatışmırdı: “Səs versək Elçibəyə, ümid var gələcəyə!”.

O vaxt məntəqə Şors küçəsində yerləşirdi. Yolda atam anama, mənə və yoldaşıma xırda təbliğat kampaniyası keçirdi.

- Bilirsiniz də kimə səs verəcəyik?

- Yox, bilmirik, – deyə cavab verdik.

- Necə yəni bilmirik? Əbülfəz Elçibəyə. Prezident o olmalıdır. Ona ana südü kimi halaldır prezidentlik.

Heç nə demədik. Məntəqəyə daxil olduq. Orta məktəbdə tanıdığım müəllimələrdən biri girişdə məni kənara çəkib:

- Mahir, bilirsən də kimə səs verməlisən?

- Bilirəm. Elçibəyə.

- Başın xarabdır? Nizami Süleymanova səs ver. O keçəcək. Dünənki çıxışına televizorda baxmadın? Əgər o, prezident seçilsə, yağın, ətin, ərzaq mallarının qiyməti aşağı düşəcək.

- Axı atam deyir ki, Elçibəyə səs verək...

İçəri girdik. Səs verdik. Əlbəttə ki, Elçibəyə. Çıxanda müəllimə yenə də soruşdu ki, “kimə səs verdin?”. Cavab verdim ki, Elçibəyə. “Ay-hay” deyib hər iki əlini yelləyə-yelləyə keçdi içəri.

Biz isə həyətə gəlib maşına mindik. Yol aldıq Yardımlıya. Masallının Qəriblər meşəsinə çatanda yazılmamış qanuna uyğun olaraq, atam maşını sürdü İstisu bulağına. Əl-üzümüzü yuduq, su içdik. Bu dəm kənd camaatı atamı dövrəyə aldı ki, bəs “Qabil müəllim, bu gün seçkidir. Biz də hələ səs verməmişik. Kimə səs verək?”. Cavab qısa oldu: “Elçibəyə”. Cavabın qısalığı bu kəndliləri açmadı. Ona görə də ikinci sual da gəldi: “Niyə axı məhz Elçibəyə?” Atam yenə də konkret cavab verdi: “Mən Elçibəyə səs vermişəm. Ailəm də...”. Atamı əhatə edənlər “Qabil müəllim, deyirsiniz ki, ona səs versək hər şey yaxşı olacaq?” Atam bir an duruxdu. Amma bu suala verdiyi cavab indiyəcən yadımdan çıxmır:

“Tutaq ki, qapında usta işləyir. Danışmısan ki, bu işi görsə, ona 5 manat pul verəcəksən. O da işini canla-başla görür. Sən də danışdığınız kimi, 5 manatı çıxarıb verirsən ustaya. Bu pul ustaya ana südü kimi halaldır. O, bunu qazanıb. İndi o usta bu pulu nə edəcək – aparıb ailəsinəmi xərcləyəcək, araqmı alıb içəcək, içəndən sonra sərxoş olub kiminsə başınımı yaracaq – bilinmir. Onun sizə dəxli yoxdur. Konkret bu gündən danışırıqsa,  prezidentə ən layiq insan Əbülfəz Elçibəydir. Ona səs verin. Sabah necə olacaq, onu heç kim bilmir. Zaman göstərər”.

1992-ci ildə Əbülfəz Elçibəy prezident seçildi. Prezidentliyi də çox az çəkdi. Sonda atam “Elçibəy İmaməddin Nəsimi kimi yandı, getdi” dedi.

1995-ci il – Parlament seçkiləri

Bu seçkilər nəinki bizim ailənin, əksəriyyətin yaddaşına “14 şirvan məsələsi” kimi həkk olunub. Modern.az saytında yayımladığım “Heydər Əliyevlə şair Qabilin zarafatları - 1” video materialda bu söhbəti  yəqin siz də izləmisiniz.


Seçkilərə 2 ay qalmış atam dedi ki, bəs mən də deputat olmaq istəyirəm. O vaxt da deputat olmaq üçün 2000 seçici imzası, bir də 140 min manat lazım idi. Yəni ki, “14 şirvan”. Seşkilərdə qalib gəlsəydin “14 şirvan”ı geri qaytaracaqdılar. Qalib gəlməsəydin və ya namizədliyin qeydə alınmasaydı, “14 şirvan” batacaqdı. Atam da özünə güvənən, Prezident Heydər Əliyevin böyük hörmət bəslədiyi bir insan kimi namizədliyini Nəsimi seçki dairəsindən irəli sürmək qərarına gəldi. Niyə Nəsimi rayonu? Çünki Nəsimi haqqında poema yazmışdı, ona görə. Gəldik dairəyə. Çox çətinliklə əldə etdiyimiz “14 şirvan”ı (indiki pulla 25 dollar. Gülməlidir, elə deyilmi?) ödədik. Atam kağız-kuğuz işinə qarışmadı. Mən və şair Azər Abdulla “yükü” öz aramızda böldük. 2000 imza tutumu olan imza vərəqələrindən əlavə 500 imzalıq da vərəqə verdilər ki, artıq yığaq. Birdən imzalarda nəsə problem olsa, yerini doldurmaq olsun.   

Xülasə, başladım imza toplamağa. Qapı-qapı gəzirdim. Xüsusilə də günorta vaxtı. Çünki qadınlar “Şair Qabilin vəkiliyəm. İmza toplayıram. Əgər razısınızsa deputatlığa namizədiniz o olsun, mümkünsə pasportunuzu təqdim edin” sorğuma müsbət cavab verirdilər. Günorta olduğundan qapını özləri açar, nəinki öz pasportlarını, hətta ərlərinin, qaynata, qaynanalarının da pasportlarını yığıb təqdim edərdilər. Axşam imza toplayanda isə ərləri evdə olurdu. Bütün günü işdə olan, işləri düz gətirməyən, evə əlləri ətəyindən uzun qayıdan ərlər məni görəndə “çiçəkləri çırtlayırdı”. Acıqlarını mənim üstümə tökürdülər. “Nə seçki, nə Qabil? Nə edəcək bizə deputat Qabil? İş yeri açacaq, pul verəcək? Qarnımızı doyuracaq? O da o birilərinin tayı olacaq da...”. Amma evə dəvət edən, qabağıma çay qoyan da olurdu. Hətta bir dəfə şair Qabili, o vaxt dövlət müşaviri işləyən Qabil Hüseynliylə də səhv salıb imza vermişdilər. “Qabildir – öz yerazımızdır” yazısında bu barədə ətraflı bəhs etmişəm.

Qısa müddət ərzində 2200 imza topladım. 300 imzanı isə atamın həmpiyalə dostları topladı. Hətta şair Balasadığı Basin küçəsində həyət evlərində imza toplayarkən, az qalmışdılar ki, döysünlər. Vedrəylə üstünə su da atmışdılar. Çox ağır zəmanəydi. Qaçqın problemi, müharibə. Camaat seçki hayında deyildi. Onu da qeyd edim ki, namizəd olmaq istəyənlər arasında tanınmışlardan Mir Şahin və general Timoşenko da vardı. Hətta Qabil adını eşidən Timoşenkonun kürkünə birə də düşmüşdü. Nəhayət, imza bülletenlərini dairəyə təhvil verdik. Müəyyən bir vaxtdan sonra evə zəng gəldi. Atamı dairəyə çağırdılar. Dairə sədrinin otağına ikimiz girdik. Və... “Qabil müəllim, imzaların çoxu ekspertlər tərəfindən etibarsız sayılıb. Ona görə də namizədliyiniz qeydə alınmır”. Atam mənə baxdı. Başımla işarə etdim ki, “yalan deyir. Özüm bir-bir yığmışam”. Heç nə danışmadı. Bir-iki dəqiqə susdu. Sükutu dairə sədri pozdu:

- Qabil müəllim, bizim qərarımızdan narazısınızsa,  məhkəməyə müraciət edə bilərsiniz.

Bu sözlər atamı özündən çıxartdı. Ayağa durub, hirslə:

- Alə, indi deyirsən ki, mən Heydər Əliyevi məhkəməyə verim?

Dairədən çıxdıq. Fikirli idi. Amma danışmırdı. Bu seçkilərdən sonra bir çox yazıçı namizədliklərinin qeydə alınmamasından sarsıntı keçirdi. Biri infarkt oldu. Nədi-nədi ildə bir dəfə yaylaq kimi yada saldığı rayonundan, doğma el-obasından bunun deputat olmasına etiraz ediblər. O biri yazıçı etiraz əlaməti olaraq layiq görüldüyü ordeni geri qaytarmaq fikrinə düşdü. Deyəsən dildə bu addımı atdı da... Atam isə ona “bura bax, sənə orden verəndə öhdəlik götürmüşdülər ki, deputat da olacaqsan” deyə ürək-dirək verirdi. Adını çəkə bilmərəm. Həmin adam hələ sağdır.

Nəticədə Nəsimi rayonundan general Timoşenko seçildi. Atam bunu da sakit qarşıladı. Amma günlərin bir günü, dövlət tədbirlərinin birində “Heydər müəllim, mən ömrümdə bircə dəfə deputat seçilmək istədim. Nə biləydim ki, əvvəlcədən icazə almaq lazımdır. Deputat seçilmədim, ara yerdə “14 şirvan”ım da batdı” deməklə ürəyini boşaltdı. Bu “14 şirvan” məsələsi köhnə xatirə kimi bir də, atamın 70 illik yubileyindən sonra keçirilən görüşdə  xatırlandı. Yəqin ki, videosunu görmüsünüz. Danışmağıma ehtiyac yoxdur.

1995-ci il deputat seçkilərində bizim ailə kimə səs verdi, yadımda deyil. Amma mənim xatirimdə buraxdığı  iz çox dərin oldu.

Çünki Heydər Əliyevin oğludur

1998-ci il prezident seçkilərində də İmamverdiyevlər ailəsi bir nəfər kimi seçkilərə gedib, Heydər Əliyevə səs verdi. Əlbəttə ki, ailə başçısı Qabilin rəhbərliyi altında. 2000-ci ilin də deputat seçkiləri bizim üçün sönük keçdi. Deputatımız da deyəsən Gülər Əhmədova idi.

2003-cü ildə isə vəziyyət bir az başqa oldu. Çünki prezidentliyə namizədlər sırasında iki namizəd Əliyev vardı. Biri Heydər Əliyev, o biri isə İlham Əliyev. Ailədaxili “münaqişəmiz dərinləşirdi”. Fikirlərimiz haçalanmışdı. Atam Heydər Əliyev deyirdi, mən isə İlham Əliyev. Seçkilərə az qalmış Heydər Əliyevin müraciəti səsləndi və o öz namizədliyini geri götürdü. Xalqımızı İlham Əliyevə səs verməyə çağırdı. Bu dəfə atamdan soruşdum:

- İndi kimə səs verəcəksən?

- İlham Əliyevə.

- Niyə?

- Çünki Heydər Əliyevin oğludur. 

2005-ci il – Parlament seçkiləri

2003-cü ildə atam və anam Yasamal rayonundan daimi qeydiyyatdan çıxıb, prezidentin hədiyyə etdiyi, Nəsimi rayonu ərazisində yerləşən evə qeydiyyata düşdülər. 2005-ci il parlament seçkiləri günü səhər tezdən “trevoqa” verdi ki, gedirik səsverməyə. Məntəqə 44 saylı məktəbdə yerləşirdi. Məntəqənin də sədri həmin məktəbin direktoru Səfərəli Səfərəliyev idi. Anam 40 il o məktəbdə işlədiyindən və qızlarım da orada oxuduğuna görə Səfərəli müəllimi çoxdan tanıyırdıq. Düzü bülletendə kimin adının olduğunu bilmirdim. Səfərəli müəllim bizi mehribanlıqla qarşıladı. Atamla anamın şəxsiyyət vəsiqəsini götürüb, məntəqə üzvlərinə verdi. Birdən atam yüksək səslə:

- Səfərəli müəllim, mən Ziyad Səmədzadəyə səs verəcəyəm. Bəyim də, uşaqlar da... Düz edirəm?

- Qabil müəllim, lap əcəb eləyirsən. Ürəyin kimə istəyir, ona da səs ver.

- Yox e... Mən Ziyad Səmədzadəyə səs verəcəyəm. Düz eləyirəm?

- Düz eləyirsən, Qabil müəllim, – deyə Səfərəli müəllim gülərək cavab verdi.  Bülleteni atamla, anama verib qapalı otağa yola saldı.

Atam isə (Məzahir Pənahovun və müşahidəçilərin gözündən iraq) anama “Bəyim, oçki götürməmişəm. Gəl Ziyadın qabağında plyus qoy” dedi. Beləcə seçkimiz başa çatdı. Məntəqədən çıxandan sonra dedim ki, “papa, seçimində yanıldın. Bu dairədən YAP-ın nümayəndəsi, köhnə Əliyevçi Zahid Qaralov deputat seçiləcək. Sən isə mütəllibovçu kimi tanınan Ziyad Səmədzadəyə səs verdin. Səsin uçdu havaya”. Atam “dəxli yoxdur. Əcəb elədim ona səs verdim” və  niyə məhz Ziyad Səmədzadəyə səs verməsinin səbəbini açıqladı. Onu demirəm. Sonda deyəcəyəm. Beləcə, atamın həyatında son seçkisi də belə başa çatdı. 2007-ci ildə rəhmətə getdi.

Parlament seçkiləri

2008-ci il, 2013-cü il Prezident seçkilərində iştirak etdim. Amma atamdan sonra ailə başçısı olan mən seçkiyə tək gedirdim. Nə həyat yoldaşıma, seçici yaşına çatan qızlarıma, atam kimi “sabah bir nəfər kimi seçkiyə gedirik” əmri verirdim, nə də “ailəmiz bir nəfər kimi İlham Əliyevə səs verəcək” deyirdim. Ailə üzvlərim ayrı-ayrılıqda məntəqəyə gedər,  səs verərdilər. Özü də atamın o vaxt arzu etdiyi namizədə. Əqidə və sədaqət xətti davam edirdi.


Bu gün isə sentyabrın 1-dir. Seçki məntəqəsindəyəm. Ziyad Səmədzadəyə səs verirəm. O Səməd Ziyadzadəyə ki, artıq illərdir mənim, bizim ailənin deputatıdır. Yəqin ömür vəfa versə, bir beş il də deputatımız olacaq. Ötən illərdə bircə dəfə sifətini görmüşəm. O da atam rəhmətə gedəndə başsağlığına gəlmişdi. Yəqin ki, deputat kimi yox, ziyalı kimi. İndi deyəcəksiniz ki, Mahir, başqa seçicilər kimi sən də demaqoqluğa başladın? Səs vermisən vermisən də, nə minnət qoyursan, hörmətdən salırsan verdiyin imzanı...

Ay oxucu, bu illər ərzində suyumuz, qazımız, işığımız kəsilməyib axı ki, Ziyad Səmədzadəyə müraciət edək. Yollarımız bərbad deyil axı ki, deputatı haylayaq. Üç liftimiz var, üçü də saat kimi işləyir maşallah. Xarab olmur axı ki, Ziyad müəllimi axtaraq. Qızlarımı köçürəndə toya çağırmalıydımmı onu? Mənim və ailəmin deputata ehtiyacı yoxdur. Sadəcə Ziyad Səmədzadəyə 5 ildən bir mənəvi ehtiyacımız var. Atamdan qalan bir əmr, göstəriş: “Ziyad Səmədzadəyə səs verməlisiniz. Ona görə ki...”. Mən bu əmri yerinə yetirirəm.

İndi deyəcəksiniz ki, axı Ziyad Səmədzadə akademikdir, iqtisadçı alimdir. 30 yaşında professor olub. Yəqin ona görə səs vermisən. Düzdür. Amma o sovet vaxtı idi. Görəsən Ziyad müəllim Müstəqil Azərbaycan iqtisadiyyatının hansı qanunlarla işlədiyini bilirmi? Mən bilirəm. O da yəqin bilir. Amma o bunu heç vaxt elmi cəhətdən əsaslandıra bilməz. Lap akademik olsa belə. Çünki elmi əsaslara söykənmir.

İndi deyəcəksiniz ki, axı Ziyad Səmədzadə ziyalıdır.  Yəqin ona görə səs vermisən. Düz deyirsiniz. Amma başa düşmədim Zahid Qaralov çoban idi? O da ziyalıydı. Azərbaycanda o qədər nurlu ziyalı var ki...Hamısına səs versək Milli Məslisdə oturmağa yer çatmaz.

İndi deyəcəksiniz ki, Ziyad Səmədzadə Ali Sovetin sədr müavini olarkən Azərbaycan rəhbərsiz qalmışdı. Faktiki olaraq prezidenti o əvəz edirdi. Və belə təklif olundu ki, zalda oturan İsa Qəmbərlə yanaşı, Naxçıvanda olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin də Milli Məclis sədrliyinə namizədliyi verilsin. Ziyad Səmədzadə də Heydər Əliyevlə telefon rabitəsi yaradıb, onun bu barədə razılığını almaq üçün öz kabinetini deputatlar Eldar İbrahimovla Arif Rəhimzadəyə verdi. Onlar da ha elədilər Heydər Əliyevlə  telefon əlaqəsi yarada bilmədilər. Bunun videosu da var. Mahir, görməmisən? Görmüşəm. Bu video deyildi, əslində Ziyad Səmədzadənin yenidən siyasətə qayıtması, siyasi reablitasiyası idi. Bunu başa düşürəm. Amma bir söz deyim də... “Real Madrid”lə “Barselona” arasında keçirilən futbol oyunlarının birində “Barselona” 4-0 hesabıyla qalib gəlir. Əlbəttə ki, hücumçu Messinin sayəsində. “Real”ın baş məşqçisindən soruşurlar ki, “qapıçınız pis oynadı. Dörd top buraxdı. Dəyişmək fikriniz yoxdur ki?”. Nə cavab versə yaxşıdır? Deyir ki, problem qapıçıda deyil, Messidədir.

İndi Ziyad Səmədzadə otağından ha qışqıraydı ki, “Naxçıvan, Naxçıvan, bizi Heydər Əliyevlə calaşdır!”. Amma çox gözəl bilirdi ki, problem Milli Məclisdən Naxçıvana uzanan telefon kabelinin içində oturan “cəbhəçi”lərdə idi. Lap çayın qarşısını kəsən, camaatı susuz qoyan nağıllardakı əjdahaya bənzəyirdilər. Amma yenə sağ olsun ki, Ziyad Səmədzadə o vaxt belə canfəşanlıq göstərirdi.

Yox. Bu da Ziyad Səmədzadəyə səs verməyimin səbəbi deyildi. Bəs səbəb nə idi? Atam onda dedi ki, “Ziyad Səmədzadəyə səs verəcəyik. Ona görə ki, Buzovnalıdır. Öz Bakılımızdır”. Bu qədər sadə və orijinal seçim. Qabil başda olmaqla bizim İmamverdiyevlər ailəsinin seçimi – deputat Ziyad Səmədzadə.