16 Oktyabr 2025 14:44
87
ƏDƏBİYYAT

  “Ağrısız dünya” günü

“Krasnodardan gələn məktub” silsiləsindən

Bu gün dünyada anestezioloqlar günü kimi qeyd olunur və bu gün haqqında bir az əlavə məlumat vermək istərdim. 16 oktyabr 1846-cı ildə stomatoloq Vilyam Tomas Morton və cərrah Con Uorren ilk dəfə olaraq cərrahi əməliyyat zamanı narkoz tətbiq etdilər və beləliklə də təbabətdə yeni bir inqilabi dövr başlandı. Həmin gün dünyada anestezioloqlar günü sayılır və bayram edilir. Deməli, bəşər övladı cəmi 179 il öncəyə qədər ağrılara bir təhər dözə-dözə yaşayırdı, hər hansı bir əməliyyat gərəkirsə, uzaqbaşı spirt və uyuşdurucu qəbul edirdi, qədim Romada isə  dəyənəklə yüngülcə kəlləsinə tutuzdururdular və bu cür də əməliyyat edirdilər. Bir az fəlsəfi yanaşsaq, bəlkə də bu gün bəşəriyyətin bu cür kinlə-kidurətlə, bir-birinə qarşı sevgisiz, aqressiv yanaşmasının kökündə min illərlə çəkdiyi ağrı-acılar dayanır. Hər halda narkozun tətbiqi dünya elmi üçün böyük bir töhfə oldu və o zamana qədər mümkün sayılmayan işlər, yəni qarın boşluğunda, döş boşluğunda, digər orqanlarda əməliyyatlar aparılması mümkün oldu.

 Bir ixtisas kimi anestezioloq sənəti XX əsrin əvvəllərində formalaşdı, çünki əvvəllər cərrahlar özləri həm narkozla keyitmə ilə, həm də əməliyyat ilə məşğul olurdular. Cəmi 100 ildən artıq bir dövrdə anesteziologiya çox mükəməlləşdi və indi saatlarla davam edən cərrahi əməliyyatların uğuru həm də uğurlu keyitmədən asılı olur.   

 Dünya cərrahiyyə və anesteziologiya elminə böyük töhfə verən alimlərdən biri də Azərbaycan təbabətinin qüruru, akademik Mustafa bəy Topçubaşov olmuşdur.  M. Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə yeni orijinal keyitmə üsulunu — injeksion efir-yağ narkozunu  kəşf etdi. İkinci dünya müharibəsində yaralılara yardım üçün tətbiq olunan bu üsul 1943-cü ildə dövrün ən böyük mükafatına - Stalin mükafatına layiq görüldü. 1978-ci ildə isə İsveç Akademiyası Mustafa Topçubaşovu və onun həmkarı Qəhrəman Qəhrəmanovu “Uzunmüddətli analgeziya, tibbin və fiziologiyanın problemləri” birgə elmi işinə görə Nobel mükafatına təqdim etdi. O dovrün siyasi motivlərinə görə bizim alimlərin namizədliyi təsdiq olunmadı və həmin il təbabət üzrə Nobel mükafatı heç kimə verilmədi. Amma dünya elminə tövsiyə olunan metod bu gün də müasir anestetik (keyidici) preparatların əsasında durur, hər gün bəlkə də tonlarla  həmin preparatlar istifadə olunur,  insanlar ağrısız ən müxtəlif əməliyyatlar olunurlar.

 Bu gün hər birimiz bu peşə sahibləri ilə bu və ya digər dərəcədə təmasda olmuşuq, bir daha olmağınızı arzu etmirəm. Amma onları təbrik etmək vacibdir, əgər belə bir tanış anestezioloqunuz varsa zəng edin, təbrik edin, kefini-əhvalını soruşun.

Ülvi Hüseyn, həkim,                                                                             RF, Krasnodar diyarı