“Mən Füzuli rayonunu ona görə çox sevirəm ki...” – Seyran Səxavət

Xəbər verdiyimiz kimi, bu gün Füzuli şəhərinin işğaldan azad olunmasından beş il ötür.
Məsələylə bağlı Adalet.az-a danışan yazıçı Seyran Səxavət bunları dedi:
“Artıq hər şey məlumdur. Amma mən sizin sualınıza bir cümlə ilə cavab verəcəm və düşünürəm ki, artıq sözə də ehtiyac yoxdur. Çünki sözü də çox yormaq olmaz. Mən dünyanı çox sevirəm, ona görə çox sevirəm ki, orda Azərbaycan var, mən Azərbaycanı çox sevirəm, ona görə çox sevirəm ki, orda Qarabağ var, mən Qarabağı çox sevirəm, Qarabağı ona görə çox sevirəm ki, orda keçmiş Qarabulaq, indiki Füzuli rayonu var, mən Füzuli rayonunu ona görə sevirəm ki, orda mənim doğulduğu Yağlıvənd kəndi var və mən Yağlıvənd kəndini ona görə sevirəm ki, orda Koxalı obası var. Koxalı obasını ona görə sevirəm ki, orda Muradxanlı tayfası var. Muradxanlı tayfasını ona görə sevirəm ki, orda mənim atam Muradov Əsgərin evi var və mən o evdə dünyaya gəlmişəm. Füzulinin azad olunduğu gün özümü belə hiss edirəm”.
Qeyd edək ki, beş il əvvəl bu gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Son arzu - Tərlanə Yaqubqızı yazır

“Ağrısız dünya” günü

Cismlər sözlərdə donanda…- Əntiqə Kərimzadə yazır

Sözün zirvəsinə boy verən şair…

Məmməd Araz: "Ayağa dur Azərbaycan" - VİDEO

M. Şəhriyar və M. Araz poeziyasında milli dəyərlərin təbliği - Esmira İsmayılova yazır

Şəfəq Vilayətqızının ŞEİRLƏRİ
