22 Oktyabr 2024 16:38
495
GÜNDƏM

"Normadan artıq yağan yağış" iki nəfərin ölümünə səbəb oldu: Elnur və Köçəri 

Hər il paytaxta yağan intensiv yağış bədbəxt hadisəyə səbəb olub. Əslində yağış yağmalıdır. Yağışın yağmasının fəsad olacağını düşünməyən məsuliyyət sahiblərinin laqeydliyi bədbəxt hadisələrə rəvac verir.

Deməli ötən ilin dekabr ayında da rəsmilərimizin dediyi kimi “normadan artıq yağış yağdı”. Yağan intensiv yağış səbəbindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşdı. Nəticədə ərazidə böyük gölməçə meydana gəldi.
Hadisə şahidlərinin sözlərinə görə, yaranan vəziyyətdən narahatlıq duyan 79 yaşlı qadın küçəyə çıxarkən ürəyi tutdu və gölməçənin içərisinə yıxıldı. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmadı.

Bu ilki “normadan artıq yağan yağış” da faciə yaratdı. "Sabunçu keçidi" adlanan ərazidə "Ford" markalı minik avtomobili və 2 nəfərin batdığı iddia olundu. FHN Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Beləliklə, vaxtında mövsümə hazırlıq işləri başdansovdu yerinə yetirildiyi, , yaxudda tamamilə yerinə yetirilmədiyi üçün iki Azərbaycan vətəndaşı bu məsuliyyətsizliyin qurbanı oldu. Adı da olacaq “normadan artıq yağan yağışın fəsadları”. Məsuliyyətsizliyin, öhdəyə düşən işinə barmaqarası baxmağın, insanların taleyinə biganəliyin, xalqa xidmət göstərməməyin fəsadı yx haa! Rus deməli, “imenni” “normadan artıq yağan yağışın fəsadları”...

 Əntiqə Rəşid