Nur içində uyu!
Acalın - biz tələbə dostlar onu belə çağırırdıq - ömrü də, yaradıcılıq yolu da mənimçün müdam mifik duman içində olub. Qovuşa bilmədiyi sevgilisinin eşqi ilə baş götürüb Bakıya gəlməyi, tələbə ikən dərslərdə qeyri-qənaətbəxş iştirakı ilə yararsız təhsil sisteminə qarşı təkbaşına üsyanı, üç dil bildiyi və hamıdan savadlı olduğu halda, gözlənilmədən kursda qalmağı, hələ o illərdə heyran qaldığımız yazı-pozuları... o dumanın ən qalın qatı olub məndən ötrü.
Kim bilir, bəlkə, Arif elmə 70-in sonlarında adı da özü kimi çox sirli, cazibəli görünən mifoloq kimi başlamışdı, həm də ona görə. Amma gerçək bu: o duman əlli ildir səngimək bilmir ki, bilmir. Bundan sonrası da Allahın işi. Nə biləsən, bəlkə də, hər şey indi başlanır? Yoxsa belə də son olar? Ayın-şayın getdiyin yerdə bir şeytan arabası səni özüylə götürüb apara ki, belə qonaq olmur, gedək, yenidən gələrsən, narahat olma, hər gedənin bir qayıtmağı var: anı, kitab, yazı-pozu, söz-söhbət ilə...
Dağıl, a dünya! Etibarın budursa, lənət sənə! Bu cür gedişin o cür qayıtmaq qaydası varsa da qəhr olasan!
Axır gedənimiz sən oldun, üzünü son kərə 78-də gördüyüm oğlan! Bizlərdən Abbas əmiyə (Acalov), Həsənə (Batıyev), Arifə (Əmrahoğlu), Sabirə (Bəşirov), Nadirə (Məmmədov), Kamrana (Əliyev), Arifə (Rəhimoğlu), Məmmədəliyə (Qıpçaq), Məhəmmədə (Məmmədov) salam olsun. Oralar hamının gedəcəyi, buralarsa duracaq yer deyil, qardaş! Ol səbəb gedəni qalanından çox dünya! Hamı səfər üstə, o yolun yolçusu. Geci-tezi var. Bircə necə gedəcəyimiz qaranlıq, duman içrə! Qalanı məlum.
Eyyy, Acalı əcələ tay tutan oğlan!... Deməyə sözmü qaldı, a çarxı dönmüş, sən arif(Arif)sən axı...
Nur içində uyu!