14 Oktyabr 2024 14:07
1732
ƏDƏBİYYAT

O, bir vətən oğlu idi

İnsanların qatili, 
bəşərin faciəsidi müharibə.
Körpə gülüşünün oğrusudu müharibə.
Ümidlərin dəmir qayçısıdı müharibə.
Yüz ilin qəbiristanlığını 
bir ayda salandı müharibə...

Müharibənin hər hərfindən ölüm sallanır. Qara xəbərin sədaları eşidilir.  

Müharibə boşluqlar yaradan faciədir. Yaradılanların məhvidir.

Müharibə qara, lal sükutdur. 

Müharibə olanları xatirələrə çevirir. Xatirələr olan yerdə isə xəyallara yer qalmır.

Müharibə uşaqları ata-anasız, ata-anaları uşaqsız, evləri viran qoyur.

Keçmişlə bağlı bağları qıran müharibə bütün olanları əldən alır. Məhv edir. Dönüb geriyə baxanda, ancaq yoxluq görürsən. Səni ağrıdan, itkiləri yaşamağa məcbur edən həyatla baş-başa qalırsan. 

Bütün ağıllı insanlar müharibəyə nifrət edir. Şəhid məzarlığına baxan da, qara mərmərdən boylanan cavanları görən də. Yurdundan uzaq düşən də, evinə kənardan boylanan da, axtardığı evi tapmayan da. Ümidini bağladığı oğlunun itkin düşdüyünü eşidib on illərlə onun gələcəyi ümidi ilə yaşayan da, şəhid xəbərini eşidən də, ömürlük şikəst olduğunu görən də. 

Dərdlər eyni, ağrılar cürbəcür…

Müharibə bütün qanunları susdurur, - deyirdi, Liken Mark Anney.

İçdən gələn hiss, duyğu insanı istədiyi yerə dartıb aparır. Ora yaxşıdımı, pisdimi, səni nələr gözləyir, bəlkə də, bu son gedişdi... Fərq etməz. Gedirsən. Burda suallara cavab verə, danışa bilmirsən. Nitq tutulur. Baxışlar da suallardan qaçır.

O yerdəki bütün sualların cavabı Vətəndir, orda susmalı olursan. Vətənin özü ən böyük cavabdır. Vətən insanı maqnit kimi özünə çəkir. Ruhun səndən qabaq ona doğru qaçır. Bu arzudur, istəkdir, vəfa borcudur. Torpaq sevgisidir. Bütün məqamlarda yaş tanımyan torpaq sevdiklərini daha çox özünə çəkir. Bəlkə də, bu, onları dünyadakı gələcək əzablardan qorunmaq üçündür. İnsan istəsə də bu məqamda özünə hakim ola bilmir. Cazibə bütün hissləri bloklayır.

***
Üzündən hələ də məsumluq yağan Ziyanın içində böyük vətən sevgisi vardı. Yurd, Qarabağ itkisi, qaçqınların çəkdikləri müsibətlər onu bir zabit kimi hər zaman döyüşə, torpaqları geri qaytarmağa səsləyirdi. 

Ziya Niyazi oğlu Həsənov 11 oktyabr 1989-cu ildə Ağdam rayonunun Boyəhmədli kəndində dünyaya göz açıb. 1993-cü ildə kənd işğal onunanda Ziyanın 4 yaşı vardı. Həyətləri, yollar, çığırlar, uşaq vaxtı eşitdiyi güllə səsləri onun yaddaşına hopmuşdu. Vətən, torpaq sevgisi doğuluşdan ona siyarət etmişdi. Bəlkə də, xatırlananlarla bərabər yurduna, Qarabağa atılan o güllə səsləriydi onu zabit olmağa səsləyən.

Təhsil aldığı Bərdə şəhər 4 nömrəli məktəbdə yüksək qiymətlərlə oxuyan Ziya riyaziyyatı daha çox sevirdi. Bu da təsadüfü deyildi. Çünki gendən gələn şeylər də var. Uzun müddət Ağdam rayonu Sofulu kənd səkkizillik məktəbinin direktoru olan Ziyanın ata babası Ziyəddin müəllim həm də çox savadlı riyaziyyat müəllimi idi. Onun şagirdlərinin çoxu riyaziyyata daha çox üstünlük verirdilər. Elə Ziyanın atası da, sevimli şadirdilərindən olan mənim də mühəndis olmağımda dəyərli Ziyəddin müəllimin böyük rolu olub. 

Ziya yaxşı oxumaqla yanaşı vətənpərvərlik tədbirlərində də fəal iştirak edib. Hamı onun gələcəkdə başqa ali məktəblərə qəbul olunmasını gözləsələr də, Ziyanın arzu və istəkləri onu Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə gətirdi. 

Ağrını, yurd itkisini duyan, yaşayan insanın torpaq sevgisi başbaşqadır. Ona görə də atası Niyazi müəllim, anası Tərlan xanım da Ziyanın bu istəyinə qarşı çıxmadı. Bir anlıq gözləri qarşısında onu zabit formasında gördülər, qələbədə payı olacağının sevincini yaşadılar. 

Zabit atası olmaq qürurdu. Mən onu atamın baxışlarında görmüşəm. Zabit oğlunu bağrına basmaq ata-ana üçün böyük fəxarətdir.

Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi bitirdikdən sonra Ziya Heydər Əliyev adına Ali Hərbi Məktəbə (indiki Heydər Əliyev adına Ali İnstitut) daxil oldu. Orta məktəbdə olduğu kimi burda da müəllim və kursant yoldaşlarının rəğbətini qazandı. Bu da təbii idi. Nəsildən gələn adət-anənələr, qayda və davranışlar özünü göstərməli idi. 

Ziyanın həyat yoldaşı Ayişə xanım Ziyanın xoş xasiyyətli, mehriban, ailəcanlı, mənəviyyatı çox təmiz, saf olan insan, əsgərinə dəyər verməyi bacaran bir zabit olduğunu söyləyir. Kiməsə əziyyət verməsini, narahat etməsini istəməyən Ziya iki il yarım Ağdam cəbhəsində xidmət etsə də, valideynlərinə Ağdamda yox, Ağcabədidə olduğunu deyir.

Ziya harda xidmətdə olurdusa, arzusu, istəyi torpaqları geri qaytarmaq, qələbədə bir zabit kimi iştirak etmək idi. Çünki o, vətənini çox sevirdi. 
İstək insanı gec, ya tez arzusuna qovuşdurur.

***
Aprel 2016-cı il. 

Aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri Füzuli-Xocavənd və Ağdərə istiqamətində ordumuzun mövqelərinə hücuma keçdilər. Ordumuz düşmənin hücumuna əks-həmlə ilə cavab verirdi.  

Hərbi hissə komandirinin “Kim döyüşə könüllü getmək istəyir?” – əmr-sualına ilk “Mən!” deyən Ziya oldu. Əsgərlərinin, zabit yoldaşlarının “sən getmə, səkkiz aydır ailə qurduğun” fikir və baxışları da onu sözündən döndərə bilmədi. Arzusu reallaşmağa başlayırdı. Torpaqlarımıza qovuşmaq məqamı, düşməni susdurmaq vaxtıydı. 

Dörd gün davam edən döyüş son illərin ən ağır döyüşü oldu. Gənc əsgər və zabitlərin ilk dəfə  döyüşə girmələrinə baxmayaraq təlimlərdə aldıqları təcrübədən yararlanaraq onlar əzmlə döyüşürdülər. Ürəklərindəki Vətən–Torpaq sevgisi onlara əlavə güc verirdi. 

Ziyanın dəstəsi artıq Lələtəpə yüksəkliyində idi. Düşmən yüksəkliyi ələ keçirməyə çalışırdı...

***
O gün hamı səksəkədə idi. Gələn xəbərin nə olacağını təsəvvür etsələr də, qəbul etmək fikrində deyildilər. Ola bilərmi? Olarmı? Odurmu? sualları bu gecə fasilə vermirdi. Sanki həyatın sonuydu, bitmişdi hər şey, sabah açılmayacaqdı. Ara-sıra sızan məlumat gecənin qaranlığını artırırdı. Zamanı içinə çəkən, adamı boğmağa aparan sükutun daxili hayqırtısı bəzən qışqırıqdan daha dəhşətli olur.

Hərdən küləyin döydüyü qapı ürəkləri döyürdü. Artıq için, çölün döyüntüləri bir-birinə qarışmışdı. 

Gecənin narahatlığı gündüzün həyəcanından xəbər verirdi. 

Kimsə sükutu pozmağa cəsarət etmirdi. 

İlin son gecəsi kimi uzanan gecə qurtarmırdı ki, qurtarmırdı...

Ziyadan həmişə xoş xəbərlər eşidən valideynləri, ailəsi, doğmaları gecənin qaranlıq sükutundan narahat idilər. 

Lələtəpədə döyüşlər gedirdi. Aprel ayının 5-dəki şiddətli döyüşlərdə yüksəkliyi  geri qatarmaq istəyən düşmən bütün vasitələrdən istifadə edirdi.

Düşmənin atdığı minamyot mərmisi Ziyanın yanına düşdü. Əsgərlərini ölümdən xilas edən Ziyanın özünü qorumağa vaxtı çatmadı. Ziya qəhrəmancasına şəhid oldu. Bu xəbər təkcə döyüş yoldaşlarını, ailəsini, onu tanıyanları yox, hamını sarsıtdı. 

Vətən yolunda şəhid olan Ziya artıq bir ailənin deyil, Vətənin övladı oldu.

Zirvənə zirvəlik gəldi,
Lələtəpə.
İşıqlandı təpə, yamac.
Ziyamıza torpaqmı ac?!
O müqəddəs izləri sən
Möhkəm qoru Lələtəpə.
Sən Ziyanın işığıyla,
Sən şəhidin xoş ruhuyla,
Qələbəyə qədəm qoydun,
Təpə lələ, Lələtəpə.

Baş leytenant Ziya Niyazi oğlu Həsənov Bərdənin Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salındı. Mərasimdə Müdafiə Nazirliyi, Bərdə rayon içra hakimiyyəti, hərbi hissənin nümayəndələri də iştirak edirdilər. Bu böyük izdihama ölkənin hər yerindən gələnlər vardı. 

Cəbhənin Füzuli-Xocavənd istiqamətində - Lələtəpə yüksəkliyi uğrunda gedən döyüş əməliyyatında böyük fədakarlıq və qəhrəmanlıq göstərərək şəhid olan baş leytenant Ziya Niyazi oğlu Həsənov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olundu.

Sən “Qanım sənə halal olsun, Vətən!” - deyənlərdənsən. 
Sən Vətəni canından çox sevənlərdənsən, Şəhidim!
Xalqın çiynində getmək əbədiyyət qazanmaqdır. 
Əbədiyyətin mübarək, ŞƏHİDİM!

Doğmaları Ziyanın özüylə necə fəxr edirdilərsə, onun Vətən yolundakı rəşadəti, qəhrəmanlığı, şəhidliyi ilə də, eləcə fəxr edir, qürur duyurlar. “Vətən, xalq sağ olsun!” – deyirlər!

Bərdədə Niyazi müəllimin evində “Ziya muzeyi”ni yaradılıb. Muzey Ziyanın şəxsi əşyaları, hədiyyə olunan müxtəlif eksponatlar, onun haqqında yazılan kitablar, yazılarla zəngindir. Muzeyi təkcə Ziyanın dostları, doğmaları, döyüş yoldaşları deyil, kiçikdən-böyüyə onu sevənlərin hamısı ziyarət edir. Bərdə və ətraf rayonların sakinləri də bu məkanı ziyarətə gəlirlər. 

Muzeydə hardan baxırsansa, Ziya ordan sənə baxır. Bəlkə də, bizə elə gəlir. Məncə, o, hər yerdən Yağmura baxır. 

Ziyanın toyunun 26 iyuna – Silahlı Qüvvələr Gününə düşməsi təsadüf deyildi. Bu zabit üçün qürur, şərəf və peşəsinə bağlılığın göstəricisidir. Ziyanın ailə həyatı uzun olmasa da, yadda qalan oldu. Bu zabit, hərbiçi həyatıdır, burda nəyəsə qarant durmaq, qərar vermək olmur. Zabitin həyat yoldaşı bunu mütləq nəzərə almalıdırlar. Torpağı işğalda olan ölkədə müharibə qaçılmazdır.

Ziya şəhidliyindən iki ay sonra dünyaya gələn Yağmurunun “Ata” kəlməsini eşitmədi.  Ruhu isə Yağmurunun onun şəklini öpüb bağrına basdığını mütləq görür. Yağmur böyüdükcə qəhrəman atasıyla daim fəxr edəcək. 

Şəhidlər Vətən sevdalılarıdır. Canlarını Vətən yolunda qurban verənlər ölmürlər. Nə qədər Azərbaycan var, VƏTƏN ŞƏHİDLƏRİmiz də var olaraq yad olunacaqlar. 

Ruhlarınız şad olsun, VƏTƏN SEVDALILARI! 

Qürurumuzu özümüzə qaytaranlar!
 
Ziya qısa ömrü ilə tarix yazdı. Şəhidlik zirvəsinə yüksəldi. Ürəyi bütöv Azərbaycan boyda olan Ziya Azərbaycanın ziyasına çevrildi.
Ziya mülki həyatda olduğu kimi hərbidə də o qədər hörmət qazanmışdı ki, o, şəhid olanda zabit dostları və əsgərləri Ziyanın qisasını almağa söz verdilər. Vətən müharibəsi zamanı onlardan döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olanları da oldu. Şəhid olanlardan biri də, dostu baş leytenant Ziya Həsənov şəhid olandan sonra Müdafiə Nazirliyinə müraciət edərək öz istəyi ilə hərbi xidmətini döyüş bölgəsində davam etdirərək 2020-ci ilin oktyabrın 1-də Talış döyüşləri zamanı şəhid olan, ölümündən sonra “Qarabağ” ordeni və "Vətən uğrunda" medalı  ilə təltif edilən kapitan Elçin Tağıyev idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Artıq Ziyanın və bütün şəhidlərimizin ruhları şaddır. Ziyanın dostları, yetirmələri, davamçıları Qarabağda böyük Zəfərlə qələbə çaldılar. Azərbaycanın süverenliyi bərpa olundu.

Zəfəri şəhidlər qanlarıyla, qazilər əzalarıyla, döyüşçülər mübarizliyi ilə qazandılar.
Zəfər Günündə şəhidlərin büründükləri bayraqları başımız üstündə dalğalandıran şəhidlərin sevinən, şad olan ruhlarıdır. Yoxsa, bayraq belə möhtəşəm dalğalanmazdı!

Sən üzündəki nurla Tanrının seçilmişisən, Şəhidim!.
Sən bizi məğlub vətəndaş adından xilas etdin. 
Sən torpaqlarımızı geri qaytardın.
Sən bizim qürurumuz, şərəfimizsən! Sən Vətən sərhədisən!
Heç bir bayraq sənin büründüyün bayraq qədər öpülmədi, əzizlənmədi, sevilmədi, Şəhidim!
Sən bayrağı şərəfləndirdin, Bayraq səni!

          Ziyaya

Zəfərə gedən yolun
İlk döyüş şəhidisən,
Sevincə göydən baxan 
Sən zaman şahidisən. 

Sən şəhidlik zirvəsiylə
Qələbəyə yol açmısan,
Amalınla, diləyinlə,
Zəfərə qoşa baxmısan.

Arzuların çiçək açıb
Qələbənin izlərində.
Ruhun təzə güllər əkir
Qarabağın düzlərində.

            ***
Baxışı baxış aparır,
Naxışı naxış aparır,
Sevgini alqış aparır,
Aparır sevdiyi yerə.

Sükutu zaman sözlüdü,
Baxışı qırğı gözlüdü.
Ziyamız təbəssüm üzlüdü,
Gəlmişdi ziyasın verə.

Həsrətlərin sonası yox,
Ölümün ”qal” xanası, yox.
İtkilərin anası yox,
“Dayanın!”, “Bəsdirin!” - deyə.

Sevginin onudu Vətən!
Zəfərin donudu Vətən!
Bu yolun sonudu Vətən!
Tabutu Bayrağın geyə!

                                                                                                                               

Rəfail Tağızadə