adalet.az header logo
  • Bakı -°C
29 Sentyabr 2026 13:55
66
ƏDƏBİYYAT
A- A+

Uşaq ədəbiyyatşünaslığına yeni töhfə: Zaur Ustacın yaradıcılığı tədqiq olunub

Şair, yazıçı-publisist Zaur Ustacın yaradıcılığına həsr olunmuş yeni elmi monoqrafiya işıq üzü görüb.

Adalet.az xəbər verir ki, “Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi, yaxud uşaq dünyası Zaur Ustacın gözü ilə” adlı kitabın müəllifi Ayətxan Ziyaddır (İsgəndərov).

“Ön söz”ün müəllifi və elmi redaktoru pedaqogika elmləri doktoru, professor Kamal Camalovdur. 

Monoqrafiyada Zaur Ustacın uşaq poeziyası elmi-nəzəri aspektdən araşdırılır, şairin poetik yaradıcılığının ideya-estetik xüsusiyyətləri, bədii ifadə vasitələri və sənətkarlıq prinsipləri təhlil olunub. Tədqiqatda uşaqların yaş və psixoloji xüsusiyyətlərinin poetik mətnlərdə əksi, obrazlar sistemi, dil və üslub, ritm, qafiyə, kompozisiya və poetik dinamika kimi məsələlərə geniş yer verilib.

Monoqrafiyada “Ağıllı gülər”, “Tuncay” və digər şeirlər təhlilə cəlb olunub və Zaur Ustacın digər kitablarına da istinad edilib. Müəllif uşaq poeziyasının uşaqların dil bacarıqlarının, obrazlı təfəkkürünün, estetik zövqünün və mənəvi dünyasının formalaşmasındakı rolunu elmi mülahizələrlə əsaslandırmağa çalışıb.

Nəşr Azərbaycan uşaq ədəbiyyatının müasir inkişaf meyillərinin, uşaq poeziyasının bədii-estetik imkanlarının və Zaur Ustacın yaradıcılıq xüsusiyyətlərinin öyrənilməsi baxımından diqqət çəkir. Monoqrafiya Zaur Ustacın uşaq poeziyasına həsr olunmuş sistemli elmi araşdırma kimi Azərbaycan ədəbiyyatşünaslığına təqdim edilir.