adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Yanvar 2023 12:06
3065
MƏMLƏKƏT

O qarlı günlərdə... - Faiq QİSMƏTOĞLU yazır

Əlahiddə Çevik Polis Alayının əməkdaşları öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirirlər

 

Bakıda heç də tez-tez qar yağmır və havalar da həmişə soyuq keçmir. Çox nadir hallarda görürsən ki, bir balaca qar yağdı, yollar buz bağladı və insanlar bir çox çətinliklərlə üzləşdilər. Düzdü, bəzən vaxt olub ki, Bakıya 30-40 sm qar da yağıb. Amma elə il olub ki, göydən yerə bir damcı belə qar düşməyib. Camaatın da ən böyük arzusu o olub ki, qar yağsın, onun sevincini yaşasınlar və hava da bir az təmizlənsin. Ancaq heç də hər şey insanların iradəsindən və istəyindən asılı deyildir. Allahın və təbiətin öz qanunu var və dünya da bu qanunla idarə olunur. Sadəcə olaraq biz bir çox halda Allahın qoyduğu yolla getmirik, müəyyən dəyişikliklər etmək istəyirik, təbiətin başına yüz oyun açırıq, sonra da onun cəzasını alırıq!

Axı qardan danışırdıq. Yanvarın əvvəllərində bütün bölgələrdə olduğu kimi, Bakıya da qar yağdı. Ancaq əvvəlki vaxtlara nisbətən demək olar ki, Bakı qara hazır idi, yollar elə gecə ikən təmizləndi, bəzi yerlərə duz qarışıq qum səpildi. Xüsusən də şəhərin mərkəzində heç bir problem yaşanmadı. Ancaq sadəcə olaraq bir çox marşrutlar həmin günü səhər saatlarında xəttə gec çıxdılar, bəziləri ləngidi və sərnişinlər də dayanacaqda nə az, nə çox 30-40 dəqiqə avtobus gözlədilər. İnsaf naminə deyək ki, normal işləyən avtobus marşrutları da oldu. Məsələn, «Bakubus».

Söhbət qar yağanda nəqliyyatın normal işləyib-işləməməsindən getmir. Söhbət ondan gedir ki, Bakıya qar yağan axşamı Əlahiddə Çevik Polis Alayının əməkdaşları 24 saat gücləndirilmiş iş rejimində çalışdılar. Həmin anlar mənim özüm də maraq üçün gecə saatlarında şəhərə çıxdım, gördüm ki, polis, o cümlədən Əlahiddə Çevik Polis Alayının əməkdaşları iş başındadır. Yəni onlar havanın şaxtalı, qarlı, soyuq keçməsinə baxmayaraq, xidməti vəzifələrini yerinə yetirirdilər. Hətta Yeni Günəşlidə bir neçə polis nəfəri ilə də söhbət elədim. Düzdü, onlar adlarını demədilər, çünki mən onları yaxşı tanıyıram. Ancaq bu polis əməkdaşları soyuq havada tək maşınla xidmət aparmır, küçələrdə hərəkət edir, hər şeyə göz qoyurdular. Adətən belə havalarda müəyyən cinayətkar elementlər fəallaşır, mağazalardan, ticarət köşklərindən və dükanlardan oğurluq eləmək istəyirlər. Bununla yanaşı, avtomobillərin sahibsiz olduğunu görən oğrular maşınlara da girir, ordan lazımi əşyalar aparırlar. Bizim gördüyümüz o idi ki, Yeni Günəşlidə Çevik Polis Alayının əməkdaşları gecə saat 3-4-də də iş başında idilər.

Eyni zamanda Nizami rayonunda Çevik Polis Alayının fəaliyyət göstərən bölüyü də öz vəzifə borcunu məsuliyyətlə yetirirdi. Bölüyün komandiri bu yaxınlarda polkovnik-leytenant rütbəsi almış, Orxan Əhmədov da iş başında idi. O, özü əməkdaşlara tapşırıq verir, belə mürəkkəb hava şəraitində daha məsuliyyətli olmağı tövsiyə edir, vətəndaşlarla mədəni rəftar etməyi xatırladırdı. Onlar gecə saatlarında xidmət apararkən bir neçə şübhəli şəxsi saxlayıb araşdırma aparıb və sonradan məlum olub ki, onlar nəyəsə cəhd edirmişlər. Bölüyün əməkdaşlarından biri olan polis serjantı Hüseyn deyir ki, komandirin tapşırıqlarına hava şəraitindən asılı olmayaraq həmişə məsuliyyətlə yerinə yetiririk. Özü də bizim komandir çox peşəkar, savadlı və vətənpərvər bir polis zabitidir. O, bizdən həmişə məsuliyyətli olmağı və işimizə ciddi yanaşmağı tələb edib. Biz də düşünürük ki, komandirimiz düz edir. Ona görə də növbə ərzində qarşıya qoyulmuş vəzifəni biz peşəkarlıqla yerinə yetiririk. Çalışırıq ki, nöqsanlara yol verməyək, ictimai asayişin qorunmasını təmin edək, kriminal elementlərin qarşısını alaq.

Əlahiddə Çevik Polis Alayının 8-ci Patrul xidmətinin əməkdaşları da həmin qarlı günlərdə iş başında olarkən, ictimai asayişin qorunması ilə yanaşı, çətin vəziyyətdə olan vətəndaşlara kömək göstərmiş və onların təhlükəsizliyini təmin etmişdir. 8-ci patrul bölüyünün komandiri, polis polkovnik-leytenantı Məmməd Əliyev birmənalı olaraq deyə bilərik ki, rəhbərliyin tapşırdığı vəzifələri məsuliyyətlə yerinə yetirərək bölüyün də bu tapşırıqları icra etməsini həmişə diqqət mərkəzində saxlayıb. Başqa sözlə demiş olsaq, onlar həmişə dövlətə və dövlətçiliyə sədaqətliliyi ilə seçiliblər.

Bu yaxınlarda Sabunçu rayonunun Məhəmmədli qəsəbəsində 7 mərtəbəli binanın dam örtüyündə yanğın baş verib. Ora ilk özünü çatdıran Əlahiddə Çevik Polis Alayının 8-ci patrul bölüyünün komandiri, polis-polkovnik leytenantı Məmməd Əliyev və Sabunçu Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün komandiri, polis kapitanı Tofiq Əhmədov olub. Onların və əməkdaşların köməkliyi ilə yanğının qarşısı alınıb, ictimai asayiş təmin edilib, tüstüdən boğulan insanlar təhlükədən xilas edilərək təxliyə edilib. Yağının genişlənməsinin və digər mənzillərə keçməsinin qarşısı vaxtında alınıb. Eyni zamanda sakinlərin əmlaklarının mühafizəsi təmin edilib, yanğın söndürülüb. Ümumiyyətlə, həmişə ən çətin və mürəkkəb şəraitidə Əlahiddə Çevik Polis Alayının əməkdaşları hadisə baş verərkən özünü ora çatdırır, çətin vəziyyətdə və durumda olan insanların həyatını xilas edir və onlara kömək göstərir.

Hadisələr və faktlar bir daha təsdiq edir ki, Əlahiddə Çevik Polis Alayının Suraxanı, Sabunçu, Nizami, Yasamal, Səbail, Xətai və eləcə də digər rayonlarda fəaliyyət göstərən bölükləri hava şəraitinin soyuq və şaxtalı keçməsindən asılı olmayaraq, həmişə baş verən hadisələrə həmin anda reaksiya verir, ictimai asayişi qoruyur, insanların Bakıda rahat yaşaması, işləməsi və istirahət etməsi üçün bütün təhlükəsizlik tədbirlərini vaxtında həyata keçirir. Elə məhz buna görə də Bakının gecələri də, gündüzü kimi çox sakit, təhlükəsiz və rahatdır. Belə rahat şəhərdə yaşamaq, işləmək və istirahət etmək sakinlərə bir xoş aura və qulaq dincliyi gətirir...