Od dilində danışan, "dərin dəryalarda batan" Nazim Muradovla MÜSAHİBƏ

Müsahibimin təqdimatı “Şimali Kipr Türk Cümhuriyyəti Lefke Avropa Universitetinin assost professoru, LAÜ FƏF TDƏ Bölüm Başqanı Nazim Muradov” şəklində olacaq, amma başqa cür də, yəni “Bakı Dövlət Universitetinin professoru” da ola bilərdi. Həm elmə, biliyə, həm də şeirə vurğunluğunuza, özünüz də şeir yazdığınıza görə suallarıma məni hər zaman duyğulandıran iki misra ilə başlamaq istəyirəm:
“Of Bakı, bu ayrılıq mənə ölümdən betər!
İçimdə yaşatdığım qərib bülbülüm ötər...”
-Bakıdan uzaqda yaşayırsınız. İçinizdə qərib bülbül ötürmü?
– Dəyərli Pərvanə xanım, əvvəlcə sizə bu gözəl suallarınıza görə təşəkkür edirəm. Təqdimatınıza gəlicə, fikrimi bildirim ki, ad-soyadımın önünə hər hansı bir ünvan qoymaq istəmirəm, heç bir universitetin professoru, müəllimi, dosenti deyil, sadəcə, Nazim Muradovam. Azərbaycan vətəndaşıyam. Bütövlükdə Türk dünyasının varlığına inanan biriyəm. Hər zaman belə qalacağını düşünürəm. Başqa şəkildə təqdimata ehtiyac yoxdur, məni sözə aşiq bir insan kimi təqdim etməyiniz yetər. Söz deyincə çağdaş dilçiliyin banilərindən olan Prusyalı Vilhelm Humboldtun məşhur “söz – dilin açılmış çiçəyidir” vəcizəsi yadıma düşdü.
“Ayrılığın ölümdən betər olması” doğrudur. Qürbət hissini qəlbində daşıyan hər kəsə vətən də qürbətdi, qürbət də qürbət. İnsan bəzən öz vətənində də qürbətə düşür, amma qürbətdə də özünü vətəndəki kimi hiss edənlər var. Hər halda vətəndən uzaqda yaşamağın bədəli var. Bəlkə də, mən bu bədəli burada tapdığım xəstəliklə ödəmişəm. Bəlkə də, bütün bunlar bizim üçün bir imtahandır... Təki Allah bizi sınağa çəksin, amma cəzalandırmasın.
Almas İldırım Azərbaycanda qalsaydı, böyük ehtimal ki, repressiyaya məruz qalacaq, mahiyət etibarilə xalqın malını yağmalama və talama olan kollektivləşmə illərinin qurbanlarından biri olacaqdı. O, ölkədən getməyə məcbur idi, çünki qəddar düşmən heç kəsə rəhm etmirdi. Kaş bir çox ziyalımız ölkədən çıxaydı, aqibətləri acınacaqlı olmayaydı. Bəzən də düşünürsən, bəlkə, Hüseyn Cavidin Cavid olması üçün ölümünün daha böyük önəmi var... Cavidin nəşi Naxçıvana gətiriləndən sonra həyat yoldaşı Müşkünaz xanımın cənazəsi də Cavidin yanına köçürüləndə çox sevimli, fəqət, nakam şairimiz Şahmar Əkbərzadə: “Müşkünaz xanım gor evindən ər evinə köçdü” deyib. Onların oğlu Ərtoğrulun: “Məndən heç kəsə salam deməyin” söyləməsi dəhşətlidir, yəni salam veriləcək adam qalmayıb”.
- Almas İldırıma ikinci vətən olan Türkiyə sizə necə analıq edir?
- Professor Yavuz Akpınar hocanın dəvəti ilə ilk getdiyim yer İzmir oldu. Onun evində olanda mənə Azərbaycan Cümhuriyətinin qurucu lideri olan M.Ə.Rəsulzadənin xəttini göstərdi. Mən bu böyük insanın özünü görürmüş kimi sevinib kövrəldim. Qəribə hisslər keçirdim. Yox, gizlətməyəcəm, hökürüb ağladım. Həmin anda duyduğum hissləri illərdir unuda bilmirəm. Hoca ilə bizi Prof. Kamil Vəli Nərimanoğlu tanış eləmiş, Yavuz Hocanın “milli düşüncəli bir gənclə çalışmaq istəyi”nə məni layiq görmüşdü. Onlar bizə güvəndilər, biz də onların güvənlərini sarsıtmamağa çalışdıq. Türkiyə o illərdə bizə qucaq açmışdı. Təbii ki, burada müəyyən çətinliklər də oldu. Mən doktora proqramına dövlət xətti ilə gətmədiyim üçün iqtisadi çətinliklərim vardı. Öz imkanımla oxumalı idim. Qardaşlarım maddi dəstək olurdular, özüm həftə sonları işləyir, tərcüməçiliklə gəlir əldə edirdim. İzmir Büyükşəhir Bələdiyyəsi Türk dünyasından gələn bütün tələbələrə nəqliyyat sahəsində köməklik edirdi. Bizə “paso” deyilən endirimli bilet vermişdilər. Cüzi miqdarda pul ödəyirdik ki, bu da bizim üçün böyük dəstək idi.
Özümü Türkiyə bayrağı altında öz vətənimdə sayır, bu bayrağı öz bayrağım hesab edirdim. Hər iki bayrağı bir bayraqmış kimi sevirəm. Bir neçə dəfə Avropaya çağırılsam da bu yaşdan sonra təzədən ölkə, bayraq dəyişdirməyim mümkün deyil. Bundan belə də Türk dövlətləri bayrağı altında yaşamaq arzusundayam. Üçrəngli bayrağımıza sarılaraq tərki-dünya olmaq diləyimdir. Azərbaycanın, Türk dünyasının ən güclü dövlətlərindən biri olmağını istəyirəm. Bəli, Türkiyə bizə ana oldu. Belə bir girişdən sonra “Qürbətdəyəm” deməyim düzgün olmaz.
- Bakıya dönəndə tələbə Nazim gözünüzə dəyir?
- Əvvəllər Bakıya gələndə məni tanıyanlar indikindən qat-qat çox idi. İndi az adam olur ki, görüb yaxınlaşsın. Amma tələbə yoldaşlarımla həmişə əlaqə saxlamışıq, görüşmüşük. Tələbə dostlarımdan bir neçəsi ilə əlaqəm heç kəsilmədi. Bəzi dostlarla, sadəcə, internet üzərindən görüşürdük. Bir çoxu iləsə bu otuz il içində heç görüşə bilmədik. Həyatını itirən mərhum dostlarla görüşümüz qiyamətə qaldı. Həyatdakı dostlarla isə inşallah bu il yenidən, tam 30 ildən sonra – 20.06.2025 tarixində görüşəcəyik, tələbəlik illərinə birlikdə xəyalən ekskursiya edəcəyik. Üç il əvvəl atam rəhmətə gedəndə tələbə yoldaşlarımızdan bir neçəsi mənə başsağlığı vermək üçün Sumqayıtdakı evimizə gəlmiş və o söhbətimizdə daha geniş bir çevrədə görüşmə qərarı almışdıq. Həmin vaxt vatsap qrupu yaratmışdıq, beləcə çevrəmiz genişləmiş və bərabərliyimiz davam etmiştdir.
- Tələbəlik illərinin hansı çətinliyi sizi daha da mətinləşdirib mübarizəyə səslədi?
– Bizim tələbəliyimiz əsgərliyimiz kimi çətin keçdi. Buna “ikinci əsgərlik” də deyə bilərik, çünki həmin illərdə Sovet hakimiyyəti dağılırdı, dörd əsrlik imperiya kökündən laxlayır və çökürdü. Ölkədə qıtlıq yaranmış, bu da siyasi hadisələri daha da gərginləşdirirdi. Dünya dəyişirdi. İsmayıl Şıxlının “ölən dünyası” kimi... Çingiz Aytmatovun təbirincə deyək,“dağlar devrilir”di.
1989-cu ildə Bakı Dövlət Universiteti Filologiya fakültəsində Hazırlıq bölümündə təhsil alırdıq. Müəllimimiz də rəhmətlik Yolçu Piriyev idi. Biz tələbəlik illərində çox şeylərə şahid olduq. 1988-ci ildən başlayaraq Sumqayıt, Topxana hadisələri, Meydan hərəkatı, 20 Yanvar qırğını, Qarabağın işğal olunması ömrümüzdən çox şeyi qoparıb apardı. Bunların hamısı tələbəlik illərinin acı xatirələridir.
- O illərin gənclərini əsasən hansı ideya irəli aparırdı?
– Tələbə olduğumuz 1989-1995-ci illərdə əsas ideyamız müstəqillik, bağımsızlıq, tam azadlıq idi. İdeya ifadəçisi olan bu qavramlar, sadəcə, məcazi mənada başa düşülməməlidir. Lenin adına meydan təsadüfən dəyişdirilib Azadlıq meydanı olmamışdı. “Azadlıq” sözü 1988-ci ilin 16 noyabr 4 dekabr; 14-28 dekabr tarixləri arasında məna, önəmli, xarakter və şümulunu dəyişdirib Azərbaycan xalqının dilə gətirdiyi əsas qavramlardan olmuşdu. “Azadlıq” sözü 1988-ci ilin noyabr mitinqlərində meydanın təməl şüarı olaraq səslənirdi… Biz bunların əsas mahiyyətini mənimsədikcə, qavradıqca, içimizdə əritdikcə mübarizə əzmimiz daha da artırdı.
- Sərhəd rayonlarından birində doğulub böyümüsünüz. Ağlınız kəsəndən tikanlı məftil görmüsünüz. Məftillər istər-istəməz: “Buradək!” “Burdan o yana keçmək olmaz!” fikirləri ötürüb. Belə bir mühit Nazim Muradovun düşüncə tərzində çərçivə yaradıb, yoxsa əksinə çəpəri aşmaq, sərhədi keçmək, azadlıq istəyi oyadıb?
– Pərvanə xanım, mənə belə bir suala cavab verə bilmə imkanı yaratdığınıza görə minnətdaram. Bunu kitabımızda da yazmışıq. Hələ SSRİ-nin dağılmadığı 1980-ci illərin əvvəllərində sadə bir kənd məktəbində sinif müəllimi olan rəhmətlik atam (1937-ci il təvəllüdlü Murad Bəhlul oğlu Muradov) kiril hərfli əl yazısı ilə əvvəlindən axırına qədər üzünü köçürdüyü “Gülüstan” poemasını gizlicə mənə göstərmiş və heç kimə deməmək şərti ilə oxumağıma icazə vermişdi… Bu il doğumunun 100-cü ili müxtəlif tədbirlərlə qeyd edilən Bəxtiyar Vahabzadənin “Gülüstan”ı ilə bağlı bizə görə ən az on cavabı olan bu və buna bənzər, suallardan bəzilərini cavablandırmağa çalışaq:
Birincisi, “Gülüstan” poemasının müəllifi Bəxtiyar Vahabzadənin xarakteri, qürurlu bir şəxsiyyət olmağı, kütləvi və kor-koranə axına qarşı soylu bir dirəniş sərgiləməsi, daha gənc yaşda və (Səməd Vurğunun mənəvi himayəsi sayılmazsa) arxasız olmasına baxmayaraq “ipə-sapa yatmamağı”, onun 1930-1950-ci illərdə susdurulmuş şair-yazıçı qrupundan fərqli olduğunu göstərdi. 1918-1920-ci illərdə “azadlığı dadmış” (M. Ə. Rəsulzadə), sonrakı çətin və repressiya illərində isə ümidsüz bir şəkildə həyatdan küsmüş xalqın ən azından mənəvi azadlığına susamış olması, bu azadlığın tərənnümçüsü Bəxtiyar Vahabzadəni xalqın maraq mərkəzinə çevirmişdi;
İkincisi, bu əsərin adı Azərbaycan torpaqlarının siyasi bölgüsünün başlanğıcı olan Gülüstan müqaviləsindən alınmışdı. Orta əsrlərin (XIII əsrin) klassik fars şairi Sədi Şirazinin eyni adlı didaktik əsərindən fərqli olaraq Bəxtiyar Vahabzadənin poemasında bölünmüş vətən və milli faciə ilə başa çatan konkret bir siyasi hadisə vurğulanırdı;
Üçüncüsü, Vahabzadə bu əsəri “Azәrbaycanın birliyi vә istiqlaliyyәti uğrunda çarpışan Sәttar Xan, Şeyx Mәhәmmәd Xiyabani vә Pişәvәrinin әziz xatirәsinә” ithaf etmiş və bu ithafı əsərin başında açıqca bildirmişdi. Bu isə açıq bir seçim deməkdir. Şair hakim və işğalçı tərəf(lər)ini deyil, bölünmüş vətəninin və millətinin tərəfini tutmuşdur;
Dördüncüsü, bu əsəri hakim partiyanın sənət və ədəbiyyat metodu olan sosializm realizmi çərçivəsinə oturtmaq çətindir: əsər Kommunist Partiyasını tərif etmir (partiyalılığı rədd edir); “xəlqiliyi” (xalqçılığı) partiyanın istədiyi şəkildə deyil, həqiqi şəkildə əks etdirir; şəkilcə milli olmaqla birlikdə məzmunca da sosialist deyil, milli xarakter daşıyırdı. Demək ki, bu mənzum əsər partiyanın görmək istədiyi kimi deyil, qadağan etdiyi şəkildə yazılmışdı;
Beşincisi, “Gülüstan” poeması şairin xəyali və subyektiv təxəyyülü əsasında deyil, diaxronik tarixi hadisələrin, rəsmi tarix düşüncəsinin tərsinə olan yeni şərhlərlə qələmə alınmışdı;
Altıncısı, şair tapşırılmış “ənənədən” kənara çıxmış, sərt dil və hakim bir üslubdan istifadə etmiş, cavabı hər kəsə məlum olan “ritorik suallar” sıralamış, tarixin hakim kimi təyin etdiyi insanları ittiham, hakimləri isə mühakimə etmişdi;
Yeddincisi, “mikro milliyətçiliyin sonuna qədər təşviq edildiyi” (Tunalı, 2) Sovet sistemində makro-milliyətçi bir üslubdan istifadə etmiş, “kiçik xalq” yerinə “böyük millət” anlayışını ortaya qoymuşdu;
Səkkizincisi, bu “böyük millət”in siyasi və tarixi məkanının, ikiyə bölünmüş vətənin ayrı-ayrı parçaları deyil, “o taylı-bu taylı vahid Azərbaycan” olduğunu göstərmiş, bu bölünmüşlüyün, sadəcə, kağız üzərində reallaşdığını vurğulamış, “Təbrizin də, Bakının da Azərbaycan olduğu”nu xüsusilə dilə gətirmişdi;
Doqquzuncusu, Çar rusiyası ilə bolşevik rusiyanın mahiyyətcə eyni olduğunu, ikisinin də müstəmləkəçi, imperiya düşüncəsi daşıdığını, səltənət və ehtişamlarını digər xalqların bədbəxtliyi üzərində qurduqlarını göstərərək sübut etmişdi;
Onuncusu, təsirli üslubun istifadə olunduğu açıq və net ifadələrlə yanaşı, duyğusal-romantik ifadələri və fəlsəfi ümumiləşdirmələri ilə də poemanı ifrat ideoloji və şüarçı bir məzmundan uzaqlaşdıraraq düşündürücü, ciddi və yüksək ədəbi dəyərə sahib bir əsər halına gətirmişdi…
Bakıda Qanlı 20 yanvar 1990 hadisələri sırasında həbs edilib Moskvanın Lefertovo zindanına atılmış böyük şairimiz Xəlil Rza Ulutürk də yuxarıda söz etdiyimiz “azadlıq”dan belə danışırdı:
“Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!”
Vətənimizin (əslində isə bədənimizin) tam ortasından vücudumuzu parça-parça edən bu tikanlı məftilləri, sadəcə, dövlətlərarası sərhəd kimi deyil, telli bir sazın simlərinə bənzədən şair, rəhmətlik Tofiq Bayramın bu sözləri yadıma düşdü:
Körpüləri, səddləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
“Azərbaycan” deyəndə!
Arazın güneyində (sağ axarında) baş verənləri görmürdük, amma o tayın da vətən olduğunu yaxşı bilirdik. Ona görə də tikanlı məftillər beynimizdə heç bir zaman çərçivə yaratmamış, düşüncəmizə sərhəd ola bilməmiş, tam əksinə sərhəddi aşmaq istəyi oyadıb. Mən insanlığın cəfəng qaydalardan daha dəyərli olduğunu düşünmüşəm. Həmişə məftilin, sərhəddin əleyhinə olmuşam. Rəhmətlik Məmməd Arazın da bu mövzuda yazılmış bir neçə şeiri var:
Böyüklər, uşaqlar...
Böyüklər, böyüklər hörür çəpəri,
Uşaqlar, uşaqlar yarır çəpəri.
Böyüklər, böyüklər çəpər boyunca,
Qaratikan əkir, gicitkən əkir.
Uşaqlar, uşaqlar çəpər dibində,
Bənövşə axtarır, süsən axtarır.
Böyüklər, böyüklər çəpər adlayan
Qonşu kölgəsini əzməyə hazır.
Uşaqlar, uşaqlar biri-birinə
Çəpər deşiyindən pişik addadır.
Böyüklər, böyüklər çəpərdə paya,
Uşaqlar, uşaqlar çəpərdə qayçı..
Beləcə uşaqdı qonşu böyüklər,
Beləcə böyükdü qonşu uşaqlar.
Nə yaxşı yamanlıq öləziməkdə,
Nə yaxşı yaxşılıq yanmağındadır.
İnandım: hər uşaq bir od parçası!
İnandım: səngiməz bu od, bu ocaq!
Təbrizlə Naxçıvan arasındakı
Çəpəri yıxan da bunlar olacaq… (1986)
Şairin xəyalındakı bu uşaqlar cəmi üç-dörd il sonra, (31 dekabr 1989-cu ildə) həqiqətən də, o tikanlı məftilləri söküb dövlətlər arasındakı sərhədi yıxdılar. Şair M. Araz bu xəbəri belə müjdələyir:
Sərhədd çəpərləri sökülür, Allah
Bu necə yuxudur, bu necə haqdı!
Zaman öz hökmünü qandallayacaq,
Tarix öz yoluna qayıdacaqdı.
Özümdən özümə muştuluq yetər,
Gözlərim, sizin də gözünüz aydın!
Qəlbimdən bir başa Təbrizə gedən
Bir yol cilovladım, bir tel ayırdım…
- “İyirmi yanvarın (20 yanvar 1990) bir şərəf günü, qırılma nöqtəsi olduğunu bilirəm, fəqət o gün bizi yaman əzdilər... sadəcə vücudumuzu deyil, ruhumuzu da...” yazmısınız. Qarşıdan 28 May tarixi gəlir. Yenə kədərlə sevinc qol-boyundumu?
– İyirmi yanvar faciəsində çox böyük ağrılar yaşadıq, ümisdizliyə düşdük. Böyük sarsıntılar keçirsək də üzümüzə yumruq kimi dəyən bir çox acı gerçək ortaya çıxdı. Həmin vaxt ruslar öz əsl üzlərini göstərdilər. Rus imperiyasının və ermənilərin düşmənlərimiz olduqlarını bildik. Əvvəlcə inanmırdıq, başımıza belə bir faciə gətiriləcəyi ağlımıza da gəlməzdi. 1988-ci ilin fevral ayındakı Sumqayıt hadisələri ermənilərin vəhşiliklərini bir daha ortaya qoydu. Bizə qurulan tələyə düşmüşdük. KGB-nin oyununa gəlmişdik. Bunun bədəlini də ağır ödədik. Biz, əslində, meydan hərəkatına sadiq olan gənclərdik. İndiki Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər ali və orta təhsil ocaqlarının tələbələri birlikdə hərəkət edirdik. Bu da bizə zərbə oldu. Dərnəgül körpüsünü qorumağa getmişdik. Saqqallı düşmən əsgərləri bizi 20 Yanvar hadisəsi ilə sarsıtdılar, imperiyaya nifrət oyatdılar. Qazaxıstanda törətdiklərini bizə qarşı da elədilər. Təəssüf ki, Sumqayıtda baş verənlər bizim adımıza yazıldı, halbuki ermənilərin əməli idi.
Biz sovet dövrünün adamları “Müsavat”ın tarixini bilmirdik. İyirmi səkkiz maydan xəbərsiz idik. Bunu yalnız imperiyanın dağılmasından sonra öyrəndik.
Xalq arasında sevinclə kədərin, xeyirlə şərin qardaş olduğu ifadəsi işlədilir. 28 Aprellə 28 Mayın müqayisəsində sevinclə kədərin qol-boyun olmasını düşünmək olmaz, amma iyirmi yanvardan sonra müstəqilliyə nail olduğumuz, Respublika gününün təsis edilməsi üçün kədərimizlə sevincimizi qoşalaşdırdıq deyə bilərik. 28 May ayrıca şəxsi həyatımda da sevincli gündür. Bu tarixdə ilk övladım dünyaya gəlib.
Məhəmməd Əmin Rəsulzadənin bir gözü ilə keçmişi bir gözü ilə gələcəyi görən Simurq quşu ilə müqayisəsini mətninizdə oxudum. İfadənin müəllifi və mətni haqqında danışmağınızı istərdim. Həm bu yazını oxumayanlar, həm müsahibəni oxuyanlar, xüsusilə də Rəsulzadə sevərlər üçün maraqlı olar.
Məhəmməd Əmin Rəsulzadə mənə görə tariximizin ən işıqlı şəxsiyyətidir. Onun haqqında hər zaman sevə-sevə danışmağa hazıram. O, Azərbaycan Xalq Cümhuriyyətinin 1912-ci ildən etibarən fikri təməllərini atmış, Türk ocaqlarında və onun rəsmi orqanı olan “Türk Yurdu” dərgisində yazıları yayımlandıqdan sonra ideoloji və siyasi görüşləri daha da qətiləşmişdir. Milli liderimizin “Türk Yurdu” jurnalında çıxan “İran Türkləri” (altı yazı); Türkiyə İstiqlal marşı yazarı Məhmət Akif Ərsoyun “Səbilürrəşad” dərgisində çıxan “İran haqqında məqalələr” (səkkiz yazı) “Kafkasya Türkləri” seriyalı yazılarından sonra dönəmin Osmanlı mətbuatında da şöhrəti artmış, sözünə etimad edilən ən seçkin qələmlərdən biri olmuşdur. Türkiyənin Birinci Dünya Müharibəsində Almaniya tərəfdarı olduğuna görə məğlub ayrılması, ya da Balkan müharibəsindən məğlub çıxması kimi səbəblər, Rəsulzadənin siyasi görüşlərində dəyişikliyə yol açmış və sosialist meyilli olan Rəsulzadə, milliyətçiliyin Anadolu üçün olmazsa olmaz olduğunu fərq etmişdir. Tək çıxış yolunu orada görmüş, yeni inancına sıxca sarılmışdır. Özü, İstanbulda olduğu halda Bakıda “Müsavat” partiyasını qiyabən qurdurmuş, 1914-dən etibarən nəşr etdiyi “Açıq söz” qəzetini AXC-nin quruluş ərəfəsində rəsmi bir orqan kimi istifadə etmişdir. M.Ə.Rəsulzadə “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” şüarını da o zaman qəbul etmiş və bu siyasi fəaliyətlər 1918-ci ilə qədər davam etmişdir.
“Simurq quşu” ifadəsi Aleksandr Qriqoriantzın “Qafqaz xalqları tarixi və etnoqrafik bir sintez” kitabından alınmışdır. Mən də bu ifadədəki vəsfləri Rəsulzadəyə aid etmişəm. Yəni bir gözü ilə keçmişi, digəri ilə də gələcəyi görən şəxs mənasında. Rəsulzadənin tarix şüuru çox sağlamdır.
- "Qədim Siyavuş İran-Turan qanından doğulub-böyüdüyü bir şəxs idi. Nəsil vacib edir ki, əsrimizin Siyavuşu Turan mədəniyyətlərinin, mifologiyalarının və bunların qarışmasına daha çox məruz qalmış bir xalq, bir cəmiyyət olsun". M.Ə.Rəsulzadənin bu fikirləri ətrafında düşünən N.Muradovda hansı ideyalar oyanıb?
– “Rəsulzadənin qələmindən çıxan hər kəlmə, “qılı qırx yaracaq” nitəliktədir. Onun dil həssasiyyəti həm seçmə həm də yerləşdirmə açısından mükəmməldir. İyirminci əsr başlarında dil həssasiyəti yüksək səviyyədə olan iki Azərbaycan aydını var: Əli bəy Hüseynzadə -Turan və M.Ə.Rəsulzadə. Bolşeviklərin 28 aprel 1920-ci il tarixli hakimiyyət çevrilişindən sonra onun Lahıcda qələmə aldığı “Əsrimizin Siyavuşu” əsəri Firdovsinin “Şahnamə”sindən yola çıxılıb bu əsərin referansları doğrultusunda qələmə alınmışdır. Miladın 10-cu yüzilində Gaznəli Türk Sultanının sifarişi ilə yazılan “Şahnamə”nin nakam və türk-fars mələz qəhrəmanı Siyavuş ilə, sadəcə, 23 ay yaşaya bilən Azərbaycan qarşılaşdırılmışdır. Bu olduqca önəmli əsər üzərində gözəl bir dil araşdırması edən şəxs isə əslən Azərbaycanın güneyindən olan (Təbrizdən) Nasir Şahgölüdür. O, Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərini söyləm analizi yönündən dəyərləndirmiş və bu dəyərləndirməni Ankarada çıxan “Modern Türklük Araştırmaları” dərgisində yayımlatmışdır. Bu əsərdə Rəsulzadənin dahiyanə uzaqgörənliyi öz əksini tapmıştır. Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərinin dil və üslubu yönündən bənzər olan əsərlərindən biri də, yəni “Kafkasya” jurnalı dərgisinin giriş məqaləsi olan “Atəş Çalan Prometey” əsəridir ki, onun, sadəcə, bir cümləsi tərəfimizdən “Rəsulzadə qiraətləri” seriyasının ikinci cildində yer almışdır. Ayrıca Rəsulzadənin “İnsanlara Hürriyət, Millətlərə İstiqlal!” şüarı da bizim tərəfimizdən söyləm analizinə tabii tutulmuş və elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
M.Ə.Rəsulzadənin hər biri fərqli bir dəyər daşıyan futuralist əsərlərini oxumaq bizə gələcəyimizi göstərir. Biz İranla Turanın ortasında qalmış Siyavuş kimiyik.
– "Qəzavü-qədər tarixi Türklərdən də, Farslardan da üz çevirdi. Türk hilalının parladığı üfüqlərə şimal buludları gəldi: İran aslanı gəzən dağlara Moskva qartalı qondu. Şimal Azərbaycan rus idarəsinə keçdi. Rus istilasının xeyri bu oldu ki, azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar".
Münasibətinizi bilmək istərdim.
– “Əsrimizin Siyavuşu” əsərindəndir. XIV əsrın böyük sosioloqu İbn-i Haldunun “Müqəddimə” əsərindən öyrəndiyimizə görə, son sözü coğrafiya söylər. Azərbaycan da coğrafi yerləşmə etibarilə imperiyalar arasında sıxışıb qalan siyasi-coğrafi bir məkandır. Bu məkan bir çox yönüylə məşhur “Ağ zanbaqlar ölkəsində”ki Finlandiyaya bənzəyir. Bu bənzərlik Snelmanın məşhur ideologiyası ilə səsləşir: Hər kəs özü özünün memarı olsun, hər kəs özünü yenidən “yapılandırsın”. Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsində” Finlandiya bir bataqlıq ikən Snelmanın aydınlanma hərəkatından sonra ağ zanbaqlar ölkəsinə çevrildi. Əsərdəki finlər ölkəsi İsveç və Rusiya imperiyaları arasında sıxışdığı kimi, Azərbaycan da Rusiya və İran arasında sıxışmaqdadır. Ölkəmiz bataqlıqlar ölkəsi olmasa da Finlandiyadan daha şanslıdır. Bu şans da Azərbaycanın Finlandiyadan daha güclü və daha rifah bir həyat yaşaya bilməsi deməkdir. Rəsulzadənin hər kəsin özünü yenidən “yapılandırmasına”, yaratmasına; hər kəsin özü özünün memarı olmasına böyük inamı vardı. O, istiqlal üçün çalışırdı, özümüz olmağımızı istəyirdi. Qısa müddətdə olsa da buna nail oldu. Həmin tarix isə 28 may 1918 - 27 aprel 1920-ci il arası idi ki, xalqımıza “azadlığı daddırdı”.
- Od dilində, danışmaq, odlu məktub, yeni ilin axır çərşənbəsi tonqalı həyatınızda necə iz buraxıbsa, milli düşüncə, birlik simvollarından birinə çevrilib. Sizə görə ideya uğrunda oda atılmağa dəyərmi?
– “Bir axır çərşənbə xatirəsi” adlı yazımı xatırladırsınız. Novruz bayramından (21 Mart) əvvəl, son çərşənbə axşamı dağın başına çıxıb təhlükəli şəraitdə tonqal qalayardıq, amma bunun həyəcanı xoş idi. Biz Azərbaycanın güneyinden gələn od mesajına cavab verirdik. Qardaşlarımızla od dilində danışırdıq.
Sualınıza gəlincə, qətiyyətlə cavab verirəm: əlbəttə, dəyər. Öz ideyası uğrunda yananlar da olur, yandırılanlar da. İdeyanın özü atəş kimidir. İnsanı içindən yandıran atəş. İdeya ilə yaşamaq samovar kimi olmaqdır, içində od olur, özündən qaynayırsan. Bir də Kərəm kimi yanmaq vardır, yəni Əslinin və Nazim Hikmətin Kərəmi kimi.
M.Ə.Rəsulzadə:
“Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda
Əlbət bitər bir yeni Azərbaycan.
Şiddətliysə əgər mövsimin qışı,
Yəni bahar, demək parlaq olacaq.
Verdiyimiz qurbanların bahası
Bizə yalnız hürriyyətlə dolacaq.
Tarixin yeni bir gözəl çağında
Qaranlıq qış keçib bahar gələcək.
Hər hansı bir ilin aydın günündə
Azərbaycan istiqlala ərəcək” yazdı. Bəxtirar Vahabzadənin qələmində də:
“Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər” misraları doğuldu.
Sual yaranır: Tarix təkrarlanırmı? Tarixdən dərs almışıqmı?
– Allah insana dəfələrlə fürsət verir. Gərək onu elə dəyərləndirəsən ki, səhvin qarşına təkrar çıxmaya. Passiv olmayasan, fürsətdən yararlanasan. Bəzən fürsət yarananda cəsarətin olmur, cəsarətin olanda isə fürsət yaranmır. At olanda meydan tapmırsan, meydan veriləndə atın olmur. Gərək atla meydan eyni vaxtda olsun ki, tarixdəki səhvləri təkrar yaşamağa şərait qalmaya. İnsan ona yaradılan fürsətdən yararlanmırsa, tarix təkrarlanır. Tarix “acımasız öyrətməndir”, yəni qəddar müəllimdir. Ondan dərs almaq asan deyil. Qələm başqasının əlində olsa, tariximizi başqaları yazsa, dərs ala bilmərik. Rəsulzadə, tarixi, keçmiş zamanın deyil, gələcək zamanın elmi kimi göstərir. Zamanın dəyərini bilmək vacib şərtdir, çünki hər şey ondan asılıdır.
Fikir toxumları qanla suvarılanda azadlıq gerçəkləşir. Rəsulzadə Azərbaycanın istiqlalına inanırdı. O, əminlik fəlsəfəsinin memarıdır, eyni zamanda onu həyata keçirəndir. Qanlı İyirmi Yanvar haqqında təsirli əsərlər, şeirlər var. Onlardan biri Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, digəri rəhmətlik Məmməd Aslanın “Ağla, qərənfil, ağla!” şeiridir.
-Çağdaş şairlərimizdən Allahverdi Təkləlinin “Məhbus qurşun” əsəri isə ən güzidə əsərdir. “Əsrimizin Siyavuşu” yenə yazılmalıdırmı? ya Rəsulzadənin əsəri bəs edirmi?
– Türkiyə Cümhuriyyəti İstiqlal marşı şairi, “Çanaqqala şəhidlərinə” adlı ölməz mənzumənin yazarı, “Anadolu Qurtuluş Savaşı” zamanı bütün vətən torpaqlarını qarış-qarış gəzib vaazlar söyləyərək milləti savaşa səfərbər edən böyük natiq, M.Ə.Rəsulzadənin də İran haqqındakı məqalələrinin çap edildiyi “Sebilürreşad” dərgisinin redaktoru, Türkiyə Böyük Millət Məclisinin Burdur Millət vəkili (indiki Burdur Universiteti onun adını daşıyır), Türk dünyasının məşhur yenilikçilərindən (Ceditçilerinden) biri olan Abdurraşid İbrahimdən çox təsirlənən Məhmət Akif Ərsoy deyir ki “Allah bu millətə bir daha İstiqlal marşı yazdırmasın…”
Allah bizim millətimizə də bir daha “Əsrimiz Siyavuşu” yazdırmasın.
Həm elmi, həm də bədii söhbətləri sevirsiniz. Bunlar sizdə vəhdət təşkil edir. Dinləyərkən hiss etmişəm, elmdən danışanda mütləq oraya bədii mövzu qatırsınız, bədii söhbətlərinizi də aparıb elmə çıxarırsınız. Şair Nazim Muradovla alim Nazim Muradov mübahisə edirmi?
Şeir duadır, bəzən qarğış da ola bilir. Şeir duyğuların gözəl ifadəsidir. Şəhriyar deyir, “Füzuli şeirləri üç dildə yazılmış Qurandır”. Xəstəliyimə qədər xeyli şeir əzbər bilirdim. Halbuki, heç bir zaman oturub şeir əzbərləməmişəm. Azərbaycan musiqisinin, poeziyasının vurğunuyam. Şair Nazim Muradovu tanımıram, alim Nazim Muradov varmı-yoxmu onu da bilmirəm. Yaxşı şeir oxucusuyam. Alimlik də belədir də, çox elmi yazı oxuyuram. Şeir təhlilini sevir, bu haqda yazılar yazıram. “Alimanə fikirlərim şairanə fikirlərimdən daha güclüdür” deyə bilərəm. Elm ilə şeir, əql ilə eşq, beyin ilə ürək, dəlil ilə duyğu, “eyni beyinlə düşünmək və inanmaq” kimidir… Məsələ burasındadır ki,
“Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul
Elm tədbiridir ol, sanma ki bir bünyadı var” deyən də,
“Elmsiz şeir gayətdə bi-etibar olur” deyən də çox sevdiyim Füzulidir.
İddia etdiyiniz kimi, doğrudan da iki Nazim Muradov vardırsa, biləsiniz ki, onlar bir-birinin işinə qarışmırlar. Tam bir barış içindədirlər, biri digərinin dəstəkçisidir…
– Öyrənmək zövq verir, ya öyrətmək?
– Öyrənməkdən zövq alıram. Bu zövqü bütün həyatıma yaymışam. Öyrətmək səhhətimlə əlaqədar çox da zövq vermir. Öyrənə bildiyini öyrətmək asan iş deyil. Həm meydan yoxdur, həm də müxatib, amma bildiklərin özündə ilişib qalmasın deyə ötürmək lazımdır. Bir dəfə xəstə yatırdım, kiçik oğlum Altay da yanımdaydı. Ona “bir şeylər oxu, dinləyək” dedim. Altay oxumaq istəməyib “ata, dincəl” deyincə, mən də “oğlum, nə deyirsən, cahilmi ölüm?” dedim. O da oxumağa başladı.
- Dərin dəryalarda batmağı sevirsiniz, dayaz suların üzə çıxardıqları ilə necə yola gedirsiniz?
– Ramiz Rövşən deyir, “Ağıllı dərində batır, dayazda axmaq boğulur”. Mən də dərin sularda üzməyi sevirəm, necə olsa ikisində də ölüm var. Dayaz adamlarla yol getməkdənsə dərin dəryalarda boğulmaq yaxşıdı, çünkü kiçik adamlarla uzun yola çıxılmaz.
- Bakı Dövlət Universitetində “İsmayıl bəy Qaspıralının “Bəlayi-İslam” əsəri və çağdaş müsəlman dünyasındakı təzahürləri haqqında” elmi seminarınız keçirilib. Tələbələrdə milli düşüncəyə, ədəbiyyata, elmə maraq necə idi?
– İ.Qaspıralının “Bəlayi-İslam” əsəri möhtəşəm bir simvolik əsərdir. Əsərin ümidsiz ruh halı ilə bitməsi İslam aləmindəki vəziyyəti göstərir. Haqqında təhlil yazım var, geniş məqalədir. Bölmələrlə izahını vermişik.
Qaldı, tələbələrdə milli düşüncəyə, ədəbiyyata, elmə marağın olması, bunu hiss etmişəm. Normaldır. Bəlkə də, mən marağı olanlarla rastlaşmışam, deyə bilmərəm.
-Türk dünyasına sevginiz sizdən xəbərsiz özünü büruzə verir. Əbrar Kərimullinin “Tatar kitabı”nı oxumağımı dönə-dönə tapşırmağınız məndə maraq oyatdı. Tatar ədəbiyyatından bizə başqa xülasələr də versəniz, faydalı olar.
– Sovet İttifaqı dağılmazdan əvvəl içimizdə boşluq buraxmışdı. Özü boyda boşluq vardı. Bunu biz əsgərlikdə duyduq. Hiss etdik ki, ora bizim vətənimiz deyil. Türk dünyasını bizə sevdirən ədəbiyyatımız oldu. Türkün yaşadığı, türk dilinin danışıldığı hər yer vətəndir.
İstanbulda TDAV bağçasında Əbrar Kərimullinlə görüşümüz olmuşdu. “Tatar kitabı”ndan bəhs etmişdi. Ölüm təhlükəsi ilə qarşı-qarşıya dayanıb “Tatar kitabı” yazmaq olduqca çətindir. Kitab bir növ Kazan tatarlarının ensiklopediyasıdır.
“Tatar kitabı”nın bənzərini, yəni bizim kitabımızın da Azərbaycanda yazılmasını istərdim. Bu, bizim dəyərli aydınımız Pərvanə Bayramqızı tərəfindən yazıla biləcəyini düşünürəm. İşin məsuliyyəti altına girib hamımızı sevindirin.
-“Azərbaycan Türkcəsi bir ingilis, fransız, alman, rus... dili deyil ki, bu dillərdəki kimi orfoqrafiya və orfoepiyası arasında böyük fərq olsun. Ədəbi dilimiziñ orfoqrafiyasına tam uyumlu bir orfoepiya onsuz da mümkün deyil. Çünki biz dilimizi orfoqrafiya qaydaları ilə yazılmış kitablardan yox, o "qaydaları" bilməyən analarımızdan öyrənirik... Analarımız dilimizi yanlış bilmişsə biz necə doğru öyrənmişik? Dilimizə Hind-Avropa dilləri məntiqi ilə yanaşdığımızıñ fərqində deyilik deyəsən...” Fikirlər sizin mətninizdən götürülüb. Ana dilinə laqeyd olanlara nəsə demək istəyirsiniz?
Ana dili şairimiz olan Bəxtiyar Vahabzadənin ana dilinə həsr etdiyi bütün şeirləri oxumağı tövsiyə edirəm. Bəlkə, nəsə təsir edə... O, belə deyir:
Dil açanda ilk dəfə ana söyləyirik biz,
Ana dili adlanır bizim ilk dərsliyimiz.
Ruhumuza nəğməni anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Xəlil Rza Ulutürkün, Məmməd İsmayılın, Musa Yaqubun, Ramiz Rövşənin, Rüstəm Behrudinin və digər şairlərin ana dilimiz haqqındakı şeirləri bu dilin təbliğində böyük rol oynayır. Təbii ki, dilimizə Hind-Avropa dilləri məntiqi ilə baxa bilmərik. Məsələn, bizim Azərbaycan Türkçəsində “təyin” deyə bir cümlə üzvü olduğu söylənir. Dilimizdə belə bir cümlə üzvü yoxdur. Yaxşı, bəs bu haradan gəlir? Təbii ki, Hind-Avropa dillərinin məntiqindən, yəni dilimizdəki təyin rus dilindəki oprədələniənin dilimizdəki qarşılığından başqa bir şey deyil. Çünkü onun cümlənin təməl üzvü olan yükləmlə heç bir ələqəsi yoxdur.
- Yazdıqlarınızı oxuduqca, münasibətinizi öyrəndikcə istiqanlı, həssas adam olduğunuz bilinir. Dostlarınıza şəir həsr ətmisiniz, əsgər yoldaşınız haqqında yazmısınız. Yurda, onun adamlarına bu qədər bağlı olan alim vətəndən ayrı nəcə qala bildi? Ola bilərmi vətəndən ayrı qalmaq sizi belə həssas, kövrək edib?
– Azərbaycan əsilli məşhur türk şairi Yavuz Bülənt Bakilər deyir, “Azərbaycan ürəyimdə bir şah damardır”. Sevdiyim insanlara bağlanır, onlardan ayrı yaşaya bilmirəm. Burada Atilla İlhanın “Ayrılıqlar da sevdaya daxildir” fikri məni az da olsa rahat edir. Əsgər yoldaşlarımdan biri (əslən Lerikin Vistən kəndindən olan) Mirbala Babayev məni uzun illərdən sonra (36 il) axtarıb tapdı. Onunla 2023-cü ilin sentyabr ayında telefonda danışdıq. 2024-cü ilin avqust ayında kiçik oğlum Altayla Lerikə gedib əsgər yoldaşım və oğlu ilə görüşdük. Otuz yeddi ildən sonra qucaqlaşdıq. Dünya gözüylə bir-birimizi gördük. Keçən aysa Mirbalanı itirdik.
“Su gələr axar gedər,
Qayalar yıxar gedər.
Dünya bir pəncərədir,
Hər gələn baxar gədər”.
Telefonumun yaddaşı küliyyatınızla doludur. Hamısını oxuya bilməsəm də oxuduqlarım kifayət edib, əminliklə söyləyim ki, uzaqda yaşamaq Azərbaycanlı ruhunuza zərrəcən xələl gətirməyib. Qardaş ölkədə olduğunuz illər ərzində Azərbaycan ədəbiyyatından ayrılmamısınız. Yazdıqlarınızı araşdırarkən burdakı şairlərin haqqında yazdığınızı bildim. Söhbətlərinizdə poeziyamızdan xeyli şeir də əzbər söyləyirsiniz. Mən də sizin bir şeirinizi xatırladım:
Nə gözəl qərib axşamdı,
Deyin gəlsin, can dostlarım!
Fələkdən bir də kam alaq.
Sizə qurban can, dostlarım!
Adada payız axşamı
Bir qış gecəsitək uzun...
Sizdən çox şey istəmirəm,
Hərəniz bir "salam" yazın!
Yazın ki, “harda qalmısan.
Ay hər sözü Vətən oğlan?"
Şeirdən aydındır ki, ürəyiniz burda, ruhunuz burda. Məncə, siz Türkiyəyə təkcə bəyninizi aparmısınız.
Arif Rəhimli, Arif Acaloğlu haqqında yazmısınız. Onların yoxluğu nə boyda görünür, özləri, yoxsa olmadıqları qədər?
– Olduqca həssas tərəfimə toxundunuz. Soruşsanız, dünyada ən çox nə qazanmısan, “dost” deyərəm. Rəhmətlik Əzizə nənə deyərdi, “Bala, yüz dostun olsa, azdır, bir düşmənin olsa, çox”. Bu nisbəti hər zaman qorumağa çalışmışam – dostlarım çox, düşmənimsə yoxdur. Tələbə yoldaşlarımız üçün uydurduğum mənzuməni, əslində, bir qürbət nostaljisi olaraq görmənizi istərəm. Bu sualın cavabını isə yuxarıdakı cavablar arasında tapa bilərsiniz. Mən hər yerə, bəlkə, beynimi götürməsəm də ürəyimi hər zaman götürürəm.
Arif Rəhimli, Arif Acaloğlu bayraqlaşan kişilərin sırasındadırlar. Xatirələrini yaşada bilməyimiz üçün yollarını yolumuz, hədəflərini hədəfimiz kimi qəbul etməliyik. Arif Rəhimli Mahmud Kaşğarinin “Divani Lüğəti-it-türk” əsərini əzbər bilirdi. Onun türk filologiyası və türkologiyasına töhfələri gözlədiyimiz qədər olmasa da ən problemli məsələlərin çözümündə önəmli rol oynayıb. Arif Rəhimoğlu Azərbaycan türkçəsinin ədəbi dilində normalaşma məsələsinə çox önəm vermiş, ədəbi dilin təməli, sadəcə, bir və ya iki ağız olmayıb bütün ağızlar olduğunu söyləyib. Bildiyiniz kimi, Arif Rəhimoğlu İsveç ölkəsində vəfat etdi, orada da dəfn edildi. Xatirəsi, ruhu qarşısında baş əyərək ona Göytürk türkçəsində səsləniş etmişdik. Bu səsləniş, Türk dünyasının hər yerində xoş qarşılandı, Türkologiya kürsülərində nostalgiya məltəmi əsdirdi. Onun dəyərli adaşı, sinif yoldaşı olan Arif Acaloğlu da avtomoil qəzasında həyatını itirdi. Hər ikisi yalız bir ailənin deyil, millətin itkisi idi. Hər iki türkoloq haqqında üç-dörd məqələ yazmışam.
-“Taksi deyib keçməyək” adlı mətniniz ibrətamizdir. Ordakı fikirlər həssas qəlbdən xəbər verir. Çoxunun şəbədə etdiyi mövzunu çox incəliklə təsvir etmisiniz: “milliyyətçi söhbətlərimizdə coğrafiya, vətən, dil, din, tarix, duyğu, ideal ülkü kimi anlayışları irq və qan davası olaraq yox, dəyər ünsürləri şəklində dilə gətirir və maarifçilik işimizi taksidə də davam etdiririk”. Canımızı əmanət etdiyimiz sürücülərə yol yoldaşı və şəxsiyyət kimi baxsaq, gözəl qarşılıq görəcəyimizi vurğulamısınız.
Sizcə, sadəlik, səmimiyyət dövrümüzdə qəhətə çəkilməyib ki?
– Hər adam taksi sürücüsü ola bilmir, bunun üçün də gərək adamlıq, mərifət ola. Biz qarşısındakını sevənlərdənik. Həyatda hər şey bumeranqdır. Dəyər verdiyimiz qədər dəyərliyik. Səmimi insanlar hələ də hər yerdə var. Əsas məsələ onları tapmaqdır. 25 oktyar 1917-ci ildə Rusiyada bolşevik inqilabı zamanı (Rusiyaya bağlı insanlar kütlə halında Fransaya getmişdi. Onlar orada bir çox sektorlar kimi nəqliyyat sektorunu da ələ keçirmişdi. Rusların maşınlarına minən Fransız professorlar belə taksi sürücülərinin söhbətlərində nə qədər “yaya qaldığını” hiss edincə taksiyə minmədən öncə tərəddüd edərmişlər. Onlar taksi sürücülərinin soruşduqlarına cavab verməz, yol boyunca özlərinin onlara verdikləri suallara qaneedici cavablar alınca çaşqınlıq içində qalırdılar. Bunu yazmağımın bir səbəbi var; Azərbaycanda ailəmizə aid maşın olmadığı üçün taksidən istifadə edirik və onların xidmətlərindən də çox məmnunuq. Taksi sürücülərinin milli ruhdakı söhbətləri doyulmazdır və köks qabartmaqdadır.
-Uşaqlara diqqət, sevgi, qayğı göstərməyiniz də gözdən yayınmır. Ona görə də Zori Balayana münasibətinizi təsəvvür etmək çətin deyil.
– Zori Balayan kimi bir həkim olmaz olaydı. Guya Hippokrat andı içib, bu cani, sadəcə, ermənilərin deyil, bütün bəşəriyətin üz qarasıdır. Belə bir caninin ermənilərin lideri olması ayıbı onlara ən az iki əsr yetər. Erməniləri humanist və məzlum sayanlar, Zori Balayanı tanımaqla kifayətlənə bilərlər. Qorxunc, qəddar şeylər bu millətin qanındadır. Ermənilərin kim olduğunu bütün millətlər bilməlidirlər.
Otuz səkkiz il əvvəl, 1987-ci ildə əsgərlikdəykən Şaman əmimdən geniş bir məktub aldım. Bu məktub yalnızca mənə deyil, bütün azərbaycanlı əsgərlərə yazılmışdı. Eldar Baxışın Zori Balayana yazdığı mənzum məktubu bir tır sürücüsü olan əmim gözəl xətlə kəlmə-kəlmə kağıza köçürmüş və göndərmişdi. O, bütün azərbaycanlı dostlarımı bu mövzudan xəbərdar etməyimi rica edirdi. Əsgər dostlarımı gizlicə toplayıb məktubu yavaş səslə oxumağa başladım:
O nədir yazmısan, Zori Balayan?
Kür-Araz deyirsən, kəkələyirsən.
Xırda budaqların üstə oturub,
Böyük budaqları silkələyirsən.
Böyük budaqların böyük qolu var,
O qolun önündə qol dura bilməz.
Atandan, dədəndən, babandan soruş,
Hər adam hər daşı qaldıra bilməz.
Daş daşa söykənib, qaya qayaya,
Söz şerə bu daşdan, qayadan gəlir,
Azar var, adamın öz azarıdı,
Azar var, toxumdan, mayadan gəlir...
Şeir bizə hadisənin hər üzünü göstərirdi.
Əmimin bu məktubu bizi yaxşıca səfərbər etdi. Ermənilərin şirin dilinə artıq inanmamağa başladıq.
- “Kiçik su şüşəsi görüşmək üçün bəhanədir”. Nəyi xatırlatdığımı bildiniz. Azərbaycanda arxasınca qayıdacağınız nə qoyub gətmisiniz?
– Asyanın Saadəddin hocalarda unutduğumuz kiçik su şüşəsindən bəhs edirsiniz. Nəvələr babalarının evlərini ziyarət edərkən gizlənib onlarda qalmaq istəyirlər. Bu əhvalat da bizə oxşar duyğuları yaşatmış, onlarla təzədən görüşməyimizə səbəb olmuşdu. Şüşəni orada unutmağımıza sevinmişdim... Azərbaycanda qoyub gəldiyim çox şey var: ata-anamın qəbri, keçmişim, maddi-mənəvi çox şey ordadır. İnsanın vətəni heç unudularmı? Bir də o vətən Azərbaycan olarsa.
Dostlardan birinin statusunun rəy bölümündə bir bənd şeir paylaşmışdınız:
Nə yağış kövrəldib, nə nəmin iyi,
Nənəmsiz darıxıb nənəmi iyi.
Bu köhnə cəhrədə, o yun xalıda
Həmişə duyulur nənəmin iyi...
- Xoşuma gəldiyindən, mən də öz sosial şəbəkə hesablarımda paylaşdım. Şairin adını quqlda axtarışa verdim, heç nə tapılmadı. Axırda özünüzdən soruşanda dayınızın şeiri olduğunu bildirdiniz. Necə olub ki, belə bir istedad üzə çıxmayıb?
Arif Həsənoğlu əlli bir yaşında vəfat etdi. Şeirləri çoxdur. İki kitabı çap olunub, heyif ki, məndə yoxdur. Yazdıqlarını əzbər bilirəm. Anamın sandığından əlyazmaları çıxmışdı.
Dayımdan nə soruşsaydıq “Ərdəbil” adı keçən cavab verərdi. “Hardan gəlirsən?” – “Ərdəbildən”, “Hara gədirsən?” – “Ərdəbilə”. Halbuki Ərdəbildə olmamışdı, sevgisidən, istəyindən belə deyirdi.
Cinasları, rübailəri var. Rübailərindən bir neçəsini təhlil eləmişəm.
Hamıya baş çəkirdi, getdiyi yerə ürəklə gedirdi. İmkanı arzularını qayçılayırdı. Naşükür deyildi, kimdənsə faydalanmağı sevməzdi. Həssas, duyğusal, adı kimi arif idi. İçində uşaq məsumluğu vardı. Gözlərində sahilsiz dəniz görünürdü.
-Hər halınızla vətənə bağlısınız. Hətta xəstəliyiniz də ədəbiyyatdır, Məmməd Araz sevgisidir. Sizə Allahdan şəfa diləyirəm. Yazılacaq çox mövzular var. Yaradıcılığınızı artıracağınıza inanıram.
– Çox gözəl suallar idi, ürəyimin sarı siminə toxundu. Ədəbiyyatı özünə meyar sayan adamları sevirəm. Məmməd Arazın xəstəliyini daşımaqdan da məmnunam. O, şeirin təəssübünü xalqın təəssübü kimi çəkirdi. “Dünya sənin, dünya mənim” şeirinin izahı, təhlili üçün bizə saatlar bəs etməz. Sözü şərh eləmək sözün özündən daha önəmlidir. Sözün gücündən yararlanmaq lazımdır. Təbii ki, yıxıcı gücündən deyil, yapıcı gücündən.
-Sağlamlığınızdakı problemə baxmayaraq müsahibəyə həvəslə razılaşdığınız üçün təşəkkür edirəm.
Söhbətləşd: Pərvanə BAYRAMQIZI
Digər Xəbərlər

ALLAHVERDİ BAĞIROV: «MƏN XANKƏNDİNDƏ ÖLƏCƏM»
jpg-1747398279.jpg)
Şıxovuzu Şikahoq edənlərin növbəti iftirası:" 60 ha meşəmizi..."

"Ağdam ilk gündən sona qədər döyüşdü, amma namərdlər çox idi"- Döyüşçü danışır
jpg-1747040745.jpg)
"PKK-nın ləğvi Türkiyə üçün 4 səbəbdən çox əhəmiyyətlidir" - MÜSAHİBƏ

Vitaminlər və minerallar nə dərəcədə vacibdir? - MÜSAHİBƏ

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Azər Badamov Rusiyadan deportasiyasından DANIŞDI - 4 saatdan sonra məni...
jpg-1746519948.jpg)