Sumqayıtın inkişafı və təklif olunan əsas prioritetlər
Sumqayıt ölkəmizin ən böyük sənaye mərkəzlərindən biri kimi sürətlə inkişaf edir və dövlət dəstəyi ilə şəhərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Sumqayıt şəhərinin Baş planının təsdiqlənməsi, təxminən on məhəllədə köhnə bina və yataqxanaların sökülərək müasir yaşayış kompleksləri ilə əvəzlənməsi şəhərin infrastruktur inkişafına və sakinlərin sosial rifahının yüksəldilməsinə mühüm töhfə verəcək.
Bu fikirləri Adalet.az-a 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Mehriban Vəliyeva bildirib.
Deputatın sözlərinə görə, şəhərin ən vacib tələblərindən biri olan kanalizasiya və yağış suları sistemi üzrə işlər ardıcıl şəkildə davam etdirilir: “Kanalizasiya və yağış suları sistemi üçün dövlət büdcəsindən 41,5 milyon manat ayrılıb. Hazırda “Acı dərə” boyunca yenilənmə işləri həyata keçirilir və yaxın zamanda bu proses yekunlaşacaq. Bu layihə Sumqayıtın ekoloji durumunun yaxşılaşmasına, həmçinin Yaşıl Dərə massivindəki problemlərin həllinə ciddi təsir göstərəcək.”
M.Vəliyeva qeyd edib ki, təxminən 600 hektar ərazini əhatə edən və 12 minə yaxın ailənin yaşadığı Yaşıl Dərə massivindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, ərazidə məktəb və bağça, tibb məntəqələri, ictimai və iaşə infrastrukturlarının yaradılması ilə bağlı təkliflər hökumətə təqdim olunub.
Deputatın sözlərinə görə, qeyri-neft sektorunun dövlət gəlirlərində payının 57 faizə çatması, sənaye və istehsal sahələrinin genişlənməsi peşə təhsilinin inkişafını daha da vacib edir:
“Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində mühüm nəticələr əldə olunub. Elm–təhsil–sənaye tərəfdaşlığı dövlət başçısı tərəfindən prioritet istiqamət kimi müəyyən edilib. Kimya Sənaye Parkındakı Peşə Təhsili Mərkəzi bu modelin uğurlu nümunəsidir. Sumqayıtda fəaliyyət göstərən Sənaye və Yüksək Texnologiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzinin də yenidən qurulması təklif olunur. Bu, həm infrastrukturun modernləşdirilməsini, həm də tədrisin müasir standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.”
Onun sözlərinə görə, şəhərin sənaye potensialı və mövcud təhsil infrastrukturu qeyri-dövlət sektorunun peşə təhsilinə daha fəal cəlb olunması üçün geniş imkanlar yaradır. Sumqayıtda iki böyük sənaye parkının mövcudluğu tələbat yönümlü kadr hazırlığını strateji zərurətə çevirir.
Deputat əlavə edib ki, bu məqsədlə aşağıdakı mexanizmlərin tətbiqi təklif edilir: sənaye parklarının rezidentlərinin təhsil prosesinə cəlb edilməsi; dövlət–özəl və təhsil–sənaye tərəfdaşlığının genişləndirilməsi; müəssisələrarası koordinasiya mexanizmlərinin yaradılması; praktik hazırlıq və istehsalat təcrübəsi proqramlarının təşkili; müəssisələr üçün vergi güzəştləri və təlim subsidiyalarının tətbiqi.
M.Vəliyeva vurğulayıb ki, bu addımlar gənclərin məşğulluğunu artıracaq, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığını təmin edəcək və Sumqayıtın sənaye potensialının daha səmərəli reallaşmasına şərait yaradacaq.
Digər Xəbərlər
21 Noyabr 2025 17:59
Əli Əsədov BTİ baş katibi ilə görüşüb
21 Noyabr 2025 17:43
Aygün Attar: “1918-ci ilin ruhu bu gün də yaşayır”
21 Noyabr 2025 17:17
Azərbaycan və Türkiyə parlamentləri arasında müzakirələr aparılıb
21 Noyabr 2025 16:58
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
21 Noyabr 2025 16:34
DTX ilə Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyi arasında saziş təsdiqləndi
21 Noyabr 2025 15:46
Rusiya Kiyevdə Azərbaycan səfirliyinin raket zərbəsinə məruz qalmasından təəssüflənib
21 Noyabr 2025 15:20
Gürcüstanın Baş naziri Azərbaycanın daxili işlər naziri ilə görüşüb - FOTO
21 Noyabr 2025 15:19


Bakı -°C

