Öldürülən doqquz müsəlmanın qisasını Qaçaq Əsgər xan aldı

Xəbər verdiyimiz kimi Adalet.az-ın əməkdaşı bir müddətdir ki, 1905-1906-cı illərdə erməni-müsəlman davasıyla bağlı silsilə yazılara start verib. Növbəti yazını təqdim edirik:
Qaçaq Əsgər xanın hadisəsi
1324-cü ilin rebius-sani ayında (may1906) dövlətin icazəsi ilə köçəri tərəkəmə müsəlman tayfaları çox rahatlıqla öz mal-qoyunları ilə birlikdə gəlib Qalanın ətrafındakı boş yerlərdə dayandılar. Bir gecə istirahət etdikdən və lazım olan ərzağı aldıqdan sonra Qalada erməni məhəlləsindən yuxarıdakı qapıdan çıxıb hər kəs öz yaylaqlarında olan yerlərinə getdi.
Beləliklə, tərəkəmə tayfaları bir-birinin ardınca əmin-amanlıqla gəlib-gedirdilər. Ermənilərdən də bunlara toxunmağa heç kəs cürət etmirdi. Tərəkəmə tayfalarının gəlib-getdiyi bir neçə gün ərzində çoxlu şənliklər və alış-veriş oldu.
Bir gün müsəlmanlar doqquz kəl arabası ərzağı Qalaya gətirib sahibinə verdikdən sonra geri qayıdarkən Ballıca kəndi yaxınlığında yolla gedərkən 30-40 nəfər erməni qulduru qəflətən arabaların üzərinə hücum edərək arabaçıları əsir aldılar, arabalardan isə kəlləri açıb qabağlarına qatıb apardılar.
Ermənilər hücum edərkən arabaçılardan iki nəfəri isə girov götürdülər. Silah gəzdirmək qadağan olunduğuna görə müsəlmanların heç birində müdafiə olunmaq üçün tüfəng və tapança yox idi.
Qalaya xəbər çatdıqdan sonra iş bilənlər teleqram vuraraq əhvalatı böyüklərə xəbər verdilər. Ermənilərin tutduqları doqquz nəfər müsəlmanı əzab-əziyyətlə kəndlərinə gətirərək orda öldürmək istəyəndə camaat mane oldu. Sonra həmin quldurlar tutduqları doqquz nəfəri meşəyə gətirərək zülm və əzabla öldürdülər.
Qaladan bir neçə nəfər erməni və müsəlman tutulmuş doqquz nəfəri azad etmək üçün həmin kəndə getdilər. Yerli ermənilər bəhanə ilə guya gedib bir bəhanə ilə axtardıqdan sonra gəlib qalalılara bildirdilər ki, onlar öldürülüblər.
Bu hadisə hamıya böyük təsir etdi. Xüsusən çöllərdə dolanan qaçaqlar bu əhvalatdan çox qəzəbləndilər. Qaçaq dəstələrindən birinin başçısı Əsgər xan öz yoldaşlarına bildirdi ki, bu günahsız adamların qanına əvəz almasam, namərdəm. Müsəlmanlar dövlətin nəzərində müqəssir olmasın deyə belə əməllərə yol vermirdik. İndi ki, onlar müqəssirdirlər, onların əvəzini çıxmalıyıq.
Əsgər xanın dəstəsi atlanaraq Yevlax yoluna gəldilər. Uzaqdan gördülər ki, bir neçə dilican arabası gedir. Onlar dilican arabalarına yaxınlaşaraq dayanmasını əmr etdilər. Qorxudan o dəqiqə arabaları da yandırdılar. Arabaları mühasirəyə alıb yoxlayarkən gördülər ki, orada bir qız, üç gənc gəlin, bir qoca arvad, 10 nəfər erməni, bir rus və bir neçə müsəlman vardır.
Müsəlmanlara toxunmayıb, rusdan sual etdilər:
- Bəlkə, sən də ermənisən
Müsəlmanlar şəhadət verdilər ki, bu polyak tayfasındandır. Müsəlmanlarla Qalada müştərək davaçat dükanı açır. İndi həmin dükan üçün davaçat aparır. Əsgər xan polyakdan üzrxahlıq edib o biri arabalarda əyləşmiş erməniləri və arvadları əşyaları ilə birlikdə arabadan düşürüb öz mənzillərinə gətirdilər. Ermənilər və arvadlar qorxudan əsirdilər.
Qaçaq Əsgər xan üzünü ermənilərə tutaraq dedi:
- Sizin ermənilərin namərdliklə tutub başına-gözünə vura-vur olmazın işgəncəsi və zülmü ilə apardığı doqquz doqquz nəfər müsəlman da sizin kimi canlı, ev v külfət sahibi idi. Məgər sizin içinizdə Allahdan qorxan və insaflı bir adam yoxdurmu ki, bundan sonra belə əzazilliyə, rəzilliyə cinayətə, nahaq qanların tökülməsinə bais olmağı və xalqın rahatlığını əlindən almağı sizin quldur, binamus və namərd qımdatlara nəsihət etsin?
İndi siz əyləşin, yeyib-için və rahatlanın. Əgər ermənilərin apardıqları 9 nəfər müsəlman salamatdırsa, siz də sağ və salamat öz əşyalarınızla çıxıb evlərinizə gedəcəksiniz. Yox əgər onlar öldürülmüş olsalar, siz də onların dalına gedəcəksiniz.
Nəhayət, bir neçə gündən sonra məlum oldu ki, ermənilərin apardığı 9 nəfər öldürülüb. Qaçqlar da 10 nəfər ermənini öldürüb dənf etdilər. Qadınlara isə toxunmadılar”.
Mənbə: Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı.
Vasif Əlihüseyn
Ardı var...