11 Iyun 2025 16:18
247
GÜNDƏM

"Onlara normal maaş verilməsi üçün imkanlar var" - Deputat

"Tibbinə güvəndiyimiz dünya ölkələrində əsas sütun rezident həkimlərdir. 2011-ci ildə təhsilin bir parçası olan rezidentura proqramı qüvvəyə minib, artıq 14 il keçib. Ölkəmizdə rezidentura təhsilinin milli təhsil standartlarında hansı mərhələdə olduğu hələ bilinmir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, "Ali təhsil haqqında" qanundakı arzu olunan dəyişiklik tam yerinə oturmadığı üçün rezidentura proqramının təhsilin neçənci mərhələsi olduğu sual altındadır:

"Məntiq göstərir ki, ali tibb təhsili baza tibb təhsili olaraq 6-cı səviyyə olaraq qəbul olunursa, rezidentura 7-ci səviyyə olaraq qəbul olunmalıdır. Bir sıra ölkələrdə rezidentura proqramları təhsilin 8-ci pilləsidir. Altıncı pillə dediyimiz bakalavr pilləsini bitirmiş həkim daha yüksək nəticə ilə işə başlayır. Qanunvericiliklə onun tədris alan tələbə, yoxsa həkim statusu olduğu tam aydın deyil. Belə olan halda bir çox sosial problemlər çıxır ki, insanlar bunun həllini xarici ölkəyə getməkdə görürlər. Bu, ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının bu günü və gələcəyi üçün risklər təşkil edir. Hazırda tələbə statusu kimi görünən rezident həkimlərin maaşı 400 manatdır. Bu, rezidentlərin xəstəxanalarda fəaliyyət göstərən alt kateqoriya işçilərdən aşağı maaş alması ilə nəticələnir. Ölkəmizdə onlara normal şəkildə maaş verilməsi üçün bəs qədər imkanlar var. Təhsilin ən üst mərtəbəsinə gəlmiş insaların problemlərini asan şəkildə həll etməliyik".