18 Sentyabr 2023 16:06
779
MƏDƏNİYYƏT

“Onsuz da hər gün üç litr su içirəm...”- Şeyx Əbdüldən Rasim Balayevə

“Mən onu müsahibəsindən sonra müdafiə elədim. Kino mühitində hər kəs bilir kim-kimdi. Onu artist kimi, məni isə ağsaqqal, söz sahibi kimi tanıyırlar. Bunlar nəfslərinə qul oldular və çaşdılar. Rüstəm İbrahimbəyovdan da istifadə etdilər. Amma hansı ki, Rüstəm İbrahimbəyov o vaxt bunların hamısını qovmuşdu”

Bunu Adalet.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül haqqında danışan aktyor Rasim Balayevə belə cavab verib:

“Sonradan ittifaq söhbətin ortalığa atdılar və mən kinonun maraqlarını müdafiə etməyə başladım. Çünki bu haqda danışan yoxdu. Mən bunların məqsədin, için də bilirəm. Uzun mübarizədən sonra o iki ittifaqın fəaliyyətini rəsmi dayandırdıq. Orda bunun mənim təşəbbüsümlə olduğu da qeyd olundu. Olmayan kinonun iki ittifaqı ola və dövlətdən pul ala bilməz. İnşallah qurultay da keçiriləcək. 

“Nizami” Kinoteatrında dedim ki, hörmətli Şəfiqə xanım, sizinlə 1962-ci ildə bir yerdə institutda bir yerdə oxumuşuq. Rasim müəllim, ilk dəfə kinonun qapısını üzünə mən açmışam, sonrakı fəaliyyətində bilavasitə iştirakım olub və mənim üç filmimdə baş rol oynamısan. Mən dostluqda da yerimdəyəm, yeganə mübarizəm odur ki, kinonun içində təsadüfi deyil, kinonun içində olan adamlar olmalıdır. Siz Azərbaycan kino cameəsin parçalamışdınız, ağlara-qırmızılara bölmüşdünüz. Mən bunun mübarizəsini edirəm. Biz çəkib sizi məşhur edib, aləmə tanıdırıq, amma bizləri heç kim tanımır. Adamın insafı olar. Rasim müəllim, haqqımda nə deyibsə çox sağ olsun. Onsuz da həkim məsləhəti ilə hər gün üç litr su içirəm. Həmin şeyi ona da məsləhət görürəm  və qurtum-qurtum oturaq vəziyyətdə içsin. Su xeyrdi. Mən belə sözlərdən incimirəm”.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyovun (Şeyx Əbdül) Baku TV-də yayımlanan "Qapqara” verilişində onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

R.Balayev   Ə.Mahmudbəyovun ondan inciməsi, küsülü olmaları barədə dediklərinə belə reaksiya verib: "İnciyib? Getsin su içsin...”

R.Balayev Ə.Mahmudbəyovun onun kinoya gəlişində xüsusi rol oynaması barədə dediklərinə isə - "heç nə demək istəmirəm”, - deyə cavab verib.

Vasif Əlihüseyn