Paşinyan KTMT-yə "od qoydu": “Dönüşü olmayan nöqtə...”
Ermənistanın baş naziri Nikol Paşinyanın qərbmeyilli siyasət aparması Rusiya ilə münasibətləri gündən günə pisləşdirir.
Paşinyan ABŞ, Fransa kimi Qərb dövlətləri ilə əlaqələri gücləndirdikcə Kremlin əsəbləri gərilir. Rusiya düşünür ki, İrəvan onu Qərbə satır, bununlada Rusiyanın Qafqazda genişlənməsi qismən məhdudlaşır.
Paşinyan hakimiyyətinin xüsusən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirlərindən imtina etməsi Rusiyanı və KTMT dövlətlərini əməlli-başlı narahat edib.
Onlar əvvəl bu münasibəti 44 günlük döyüşlər zamanı KTMT ordusunu sərhəddə yerləşdirmədiyi üçün inciyən Ermənistanın zamanla unudacağına inanırdılar .
Amma bu ilin İyun ayında parlamentdə çıxışı zamanı Paşinyan növbəti addımın KTMT-dən çıxmaq olacağını dedikdən sonra məsələnin ciddi olduğunu qəbullandılar.
Adalet.az xəbər verir ki, Nikol Paşinyan Ümumdünya Erməni Sammiti çərçivəsində keçirilən panel müzakirəsi zamanı növbəti dəfə KTMT dövlətlərinin gözləntilərini suya axıdıb. Beləki o çıxışında deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə “dönüşü olmayan nöqtə”yə yaxındır. Hətta baş nazirin sözlərindən belə çıxıb ki, KTMT Ermənistanın suverenliyinə təhdid yaratdığı üçün İrəvan bu təşkilatda iştirakını dondurub.
N.Paşinyan əminliklə qeyd edib ki, ölkə nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil.
Xatırladaq ki, bu ilin mayından Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) maliyyələşdirməkdən imtina edib.
Əntiqə Rəşid