Paşinyanı imtinaya sövq edən "güclü əl" Rusiyadır yoxsa ABŞ? - SİYASİ ANALİZ
Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Siyasi Birliyinin 4-cü sammiti çərçivəsində təklif edilən görüşdən imtina etməsi ciddi müzakirə edilir. Rəsmi Bakının Paşinyanın imtinasını sülh gündəmindən qaçmaq kimi qiymətləndirməsindən sonra dünyanın müxtəlif ölkələrində bu barədə müxtəlif fikirlər, ehtimallar, planlar proqnozlaşdırırlar.
Siyasətçilərin bildirdiyi kimi, görüşə Britaniya tərəfi təşəbbüs göstərib və təbii ki, Britaniyanın gündəliyinə uyğun görüş keçirilməli idi.
Britaniyanın təşəbbüsünü pozmağa Ermənistanı cürətləndirən Rusiya ola bilərmi?- Faktlar nə deyir?
Əvvəlcə qeyd edək ki, bir çox politoloqlar iddia edir ki, Ermənistanın bu imtinası bir başa Rusiyanın tələbidir. Məsələn, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov vurğulayır ki, bu tapşırığı Rusiya verib:” Bu dəqiqə Rusiyadan Paşinyana Qərb istiqamətində olan siyasi addımlarına görə güclü təzyiqlər var. Ermənilər bu addımla Rusiyaya göstərmək istəyirlər ki, ona sadiqdirlər” .
Zülfiqarovun düşünür ki, Fransa və ABŞ-a etibar etməyən Ermənistan Rusiyanı seçmək fikrinə düşüb.
Elə isə Zülfiqarova belə bir sual ünvanlayaq:” Əgər Rusiya Ermənistan üçün belə önəm kəsb edirsə, niyə cəmi 6 gün əvvəl – 13 iyulda Ermənistan KTMT-nin Tacikistanla Əfqanıstan arasında sərhədin möhkəmləndirilməsi proqramını imzalamadı?Bu günə qədər KTMT təlimlərinə qatılmağı donduran Ermənistan niyə öz ərazisini Qərbin və ABŞ-ın hərbi təlim meydanına çevirib?
Nəzərə alsaq ki, “Zəngəzur dəhlizi"nin açılması Rusiyanın marağındadır və orada nəqliyyat və kommunikasiya xətlərinə nəzarət etməyə planlaşdırır. Zülfiqarovun fikirləri ilə razılaşmamaq haqqımız var.
Deməli 2022-ci ilin sonu, 2023-cü ilin əvvələrində Azərbaycan tərəfi elan etdi ki, Zəngəzur dəhlizinin tezliklə açılmasında maraqlıdır və bu istiqamətdə işləri davam etdirir. Danışıqlar artıq Ermənistanla yox, birbaşa Rusiya tərəfi ilə aparılır. Həmin günlərdə Zəngəzur dəhlizi ilə bağlı önəmli mesajlar verən Prezident İlham Əliyev Ermənistanın asılı ölkə olduğunu, bu səbəbdən danışıqların Moskva ilə aparıldığını bəyan etdi.
“Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq”.
2020-ci ildən bu günə qədər Ermənistanın Rusiyanın əleyhinə atdığı addımları nəzərdən keçirin!
Yeri gəlmişkən, Ermənistanda isə siyasilər düşünür ki, Bakı ilə yüksək səviyyədə neft kontrakları imzalamış Böyük Britaniyanın tərəfləri yaxınlaşdırmaq istəyi mütləq Bakıya sərfedici olacaqdır.
Əslində Ermənistanın imtinasının səbəbkarı kimdir?
Atalardan qalma belə bir misal var. Deyir, çaqqallar var gödən dağıdır, canavarın adı bədnamdır.
Qafqazda olmağa artıq həvəs deyil, gələcək plan kimi baxan Fransa, xüsusən, ABŞ sizcə Ermənistanın Rusiyadan uzaqlaşmaq kimi addımlarına laqeyd qala bilərdimi?
Xeyir!
ABŞ-ın istənilən sahədə Ermənistana maddi və mənəvi yardım etməsi əslində Rusiyanın Qafqazda sıxışdırılmasına böyük bir təsirdir!ABŞ konqresində ard-arda Ermənistanın xeyri üçün həyata keçirilən qərarlar, bəyanatlar, tələblər əbəs yerə idimi?
ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Üzra Zeyanın Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin 4-cü sammitindən bir neçə gün əvvəl Ermənistana səfər etməsi təsadüf ola bilərmi?Təbii ki, Zeya təkcə Bayden Administrasiyasının Ermənistana, 16 milyon dollara yaxın vəsait ayırdığını deməyə gəlməmişdi. Onun dövlət və hökümət adamları ilə görüşləri Zeyanın Ermənistana “əliboş” gəlmədiyindən xəbər verirdi. Bir ay əvvəl ABŞ-ın Ermənistandakı səfirinin Mədəni Dəyərlərin Qorunması Fondu Ermənistandakı məbədlərin bərpa işlərinə, digər hissələrində isə gücləndirmə işlərinə 175 min dollar ayırmışdı. Maraqlıdır ki, yenidən 16 milyon dollara nə gərək vardı?
Üstəlik Ermənistanda 2-ci dəfə “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təliminin getdiyi bir dövrdə. Sayı açıqlanmayan ABŞ hərbçilərinin Kaliforniya ştatından olan amerikalı-erməni hərçilərdən ibarət olduğunu isə ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin açıqlamışdı. Xatırladaq ki, ABŞ administrasiyası 2025-ci maliyyə ilində Ermənistana 52 milyon dollar məbləğində yardım göstərməyi nəzərdə tutur. Ümumiyyətlə, 2025-ci ildə ABŞ Konqresində hələ də müzakirə edilməli olan maliyyə ili üçün büdcə layihəsində Bayden administrasiyası “Kreml aqressiyasına qarşı mübarizə” üçün 1,5 milyard dollar ayırmağı planlaşdırır.
Bir nüansı da unutmayaq ki, Rusiyadan dəstəklənən Keşiş Baqratın “Tavuş hərəkatı”nın qalib gəlməməsi, Paşinyan hakimiyyətinin devrilməməsinin də əsl səbəbkarı ABŞ –dır. Unutmayın ki, 3 ay davam edən etiraz aksiyaları dinc əhalinin polsi tərəfindən zorakılığa, döyülmə və həbsə məruz qalmasına həm Qərbdəki , həm də ABŞdakı insan azadlığını müdafiə edən təşkilatların hamısı susdu. Hətta bütün hesabatlarında Azərbaycana qarşı böhtanlar və iftiralar yağdıran "Freedom House" təşkilatı səsini çıxarmadı. Beləliklə, Ermənistanı kütləvi şəkildə bürümüş etiraz aksiyaları ABŞ-ın sayəsində nəticəsiz qaldı. Rusiya növbəti dəfə ABŞ-ın qarşısında “şah və mat” vəziyyətinə düşdü.
Bu arada ABŞ-ın Ermənistanda yeni AES tikməsi planının razılaşdırıldığını da gözardı etmək olmaz!
Bu proseslərin fonunda düşüncələrimizə bir proqnox əlavə etməyi özümüzə borc bilirik. Yaxın günlərdə, İrəvan şəhərinə yaxın bir ərazidə ABŞ hərbi bazasının açılması gerçəkləşəcək. ABŞ Rusiya ilə Ermənistanda səssizcə müharibəyə başlayır.Həm də “evin içində” oturaraq.
Bu addım isə nəinki Rusiyanın, öz torpaqlarını, sərhədlərini qorumaqamacı güdən Azərbaycana da, Qafqazda genişlənməyi nəzərdə tutan Türkiyəyə də, Qafqazı ABŞ-dan və Qərbdən qorumağa meyilli olan İranı da narahat edəcək.
Əntiqə Rəşid