Paşinyanın KTMT fikrinə hücum:" O, Rusiyanı da, erməni mahiyyətini gözdən salır”
Ermənistanın baş naziri Nikol Paşinyanın Ümumdünya Erməni Sammiti çərçivəsində keçirilən panel müzakirəsi zamanı bir çox Rusiya rəsmilərinin qəzəbinə səbəb oldu. Hətta o çıxışında dedi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə “dönüşü olmayan nöqtə”yə yaxındır. Baş nazirin sözlərindən belə çıxdı ki, KTMT Ermənistanın suverenliyinə təhdid yaratdığı üçün İrəvan bu təşkilatda iştirakını dondurub.
Paşinyanın fikirlərinə ilk reaksiya verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu bəyanatın sağlam düşüncəyə zidd olduğunu bildirdi:” “Mənə elə gəlir ki, bəyanatlar sağlam düşüncəyə və reallığa ziddir. Çünki əgər nəsə sizi, xüsusən də milli təhlükəsizliyi “təhdid edirsə”, o zaman Ermənistanın hələ də KTMT-də qaldığını deməyin nə mənası var?”
Zaxarova rəsmi İrəvanın Rusiyada xüsusi təlim keçən şəxslərin Ermənistanda hərbi çevriliş cəhdi ilə bağlı bəyanatına da aydınlıq gətirərkən Ermənistana ələ saldığını sərgiləməyə çalışdı:”Ümid edirəm ki, "Komedi Klub" (Comedy Club) buna görə bağlanmayıb”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Paşinyanın KTMT-ni qiymətləndirməsi ilə qəti şəkildə razılaşmadığını önə sürdü: “Cənab Paşinyanla qəti şəkildə razılaşmamalıyıq. KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz və gəlmir. Əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyinin keşiyində durur. Amma biz səbirlə bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağıq. Rusiya Ermənistanla əlaqələri davam etdirir və etdirəcək. Təbii ki, Ermənistan bizim yaxın tərəfdaşımızdır”.
Amma Paşinyana qarşı ən sərt mövqe sərgiləyən Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin oldu. Bilirsiniz ki, Zatulin də Putin kimi Qarabağın “itirilməsi”ndə Paşinyanı günahkar bilir və tez-tez bu məsələni qabardaraq erməniləri Paşinyana qarşı qoyur. Zatulin Paşinyana nifrətini elə KTMT məsələsində də ortaya qoydu. O, açıqlamasında bildirdi ki, Paşinyan təkcə Rusiya ilə münasibətləri yox, bütün erməni mahiyyətini gözdən salır”.
“Ermənistan baş naziri hesab edir ki, erməni xalqının qəhrəmanlıq mübarizəsi, erməni soyqırımının qurbanları unudulmalıdır”- deyən Zatulin növbəti dəfə ermənilərlə hakimiyyətin arasında dərin bir uçrum yaratmağa çalışıb:”Paşinyan erməniləri inandırmaq istəyir ki, hətta erməni xalqını dövlətçiliyin olmadığı bir vaxtda qoruyub saxlayan Ermənistan kilsəsi də Bizans imperiyası dövründən bəri xarici agent olub”.
P.S. Beləliklə, Rusiya rəsmiləri təhqiramiz şəkildə Paşinyanı gözdən salmağa çalışıblar. Yəqin ki, bu hücumdan sonra Paşinyan qərbyönümlü yeni bir addım atacaq... Düşünürük ki, Rusiyanın 102-ci bazasının Gümrüdən çıxarılmasını gündəmə gətirəcək.
Əntiqə Rəşid