“Peşmanlıq hissi üzümə şillə vururdu” - Əntiqə Kərimzadə yazır…
Xalq artisti Vidadi Həsənov haqqında “epizod”
Hələ uzun illər əvvəl tanıdığın (aktyor kimi mavi ekrandan) insanın sənin üçün yeni xüsusiyyətləri üzə çıxırsa, həmin adam sənə daha da maraqlı gəlir. Üstəlik bu xüsusiyyətlər müsbət müstəvidə canlanırsa, nə xoşbəxt sənin halına… Həmin xoşbəxtliyin ləzzətini heç nədən ala bilmirsən. Bir müddət əvvəl- yaxın keçmişdə hər zaman aktyor kimi gördüyüm əməkdar artist Vidadi Həsənovu şair kimi də tanıdım. Əslində rolları həmişə diqqətimi cəlb edirdi. Ancaq şeirlərini daha da diqqətlə dinlədim. Hər dinlədikcə içimdəki peşmanlıq hissi üzümə “şillə vururdu”. Aktyor-şairi dinləyəndə çox təəssüf etdim ki, niyə mən bu insanın poetik tərəfini daha əvvəl tanımamışam.
“Şair olmaq istəmirəm” desə də aktyorun şeirləri dəyərli şairlərin şeirlərindən heç də geri qalmır. Özü deyir ki, “İndi şairləri dilindən soyurlar, Dabanımın nə vecinə”. İlk olaraq hər kəsin ağlına Nəsimin edam səhnəsi gəlir. Doğrudur, elədir. Ancaq, bu, məsəlinin görünən tərəfidir. Bəs misraların alt qatı…? İndi deyəcəksiniz ki, onu şair yazıbsa bizdən daha yaxşı özü anlayır. Ancaq bir məqam da var- Vidadi müəllim anlayaraq yazdığını oxucuya-bizə anlatmaq istəyir . Bizi də düşüncədən qısır etmir.
Həmişə elə düşünürdüm ki, bu aktyor danışan kimi səsi ətrafı bürüyəcək. Ancaq sakit bir səslə danışmağı bütün fikrimi çilikləyirdi. Zahirən zəhmli görkəmi olan bu aktyorun xırıltılı səsindəki mərhmət hissi SÖZə hopur. Hələ aktyorun bir “dost”u da var. Boş vaxt tapan kimi yorğun qolları ilə sevimli gitarasına sarılır. Ötən illəri o gitara ilə xatırları, olanları o gitara ilə unudur və bəzən də yaşamaq həvəsini həvəslə ifa etdiyi o musiqi parçalarından alır.
Müsahibələrinin birində bədii rəhbəri olduğu “M-teatr” haqqında danışanda belə bir söz demişdi: “qarın da süfrə deyil ki, hər kəsə açasan”. Ancaq düşünürəm ki, istedadlı aktyor təkcə “M-teatr”la bağlı məsələlərə görə deyil, həm də bu günümüzün kino və teatr sənətinə görə “süfrəsini heç kəsə açmır”. Kimə açsın axı?! Atalar demiş, kor-kor gör-gör. Kimdən kimə şikayət etsin?!
Çox sevindirici haldır ki, “M-teatr” artıq daimi olaraq bir məkanda tamaşalarını nümayiş edir. Düşünürəm ki, “M-teatr”ın varlığı teatr sevənlərin müjdəsidir.
Bəzən düşünürəm ki, mükəmməl istedada malik olan bu aktyoru nə vaxta qədər “Adil”, “Musa” və ya “Yavər” kimi xatırlamalıyıq?!
Axı hər ay bir serial çəkildiyi bir ölkədə Vidadi Həsənov kimi aktyoru niyə 2-3 ildən bir kinolarda görməliyik?- demişdim ki, böyük tamaşaçı kütləsi olan “Ata ocağı”nda “Akif” olaraq gördüm.
Onun yaradıcılığı bənzərsizdir. Vidadi Həsənovun şeirlərindəki rəngarəngliyi sevirəm. O şeirlərdə yeni nəfəs, yeni fikir və bəzən də yeni idea tapmaq mümkündür.
Aktyorun özünəməxsus şəxsi keyfiyyətləri də var ki, insanın diqqətindən yayınmır. Bütövlükdə onun yaradıcılığını və şəxsi keyfiyyətlərini analiz edəndə bu qərara gəlirəm :
Bu ad Vidadi Həsənov kimi yazılır, şərəf, ləyaqət, istedad və vicdan kimi oxunur.