19 Sentyabr 2023 14:53
1213
MARAQLI

Piçənisli kürdlərinin erməni tayfası ilə baş verən hadisəsi - İkinci yazı...

Xəbər verdiyimiz kimi Adalet.az-ın əməkdaşı 1905-1906-cı illərdə erməni-müsəlman davasıyla bağlı silsilə yazılara start verib. 

Piçənisli kürdlərinin erməni tayfası ilə baş verən hadisəsi

Əvvəli ötən sayımızda...

Paşa bəyin dəstəsi bir neçə gün istirahət etdikdən sonra atlanıb Cavanşir tərəfə hücum etdilər. Əvvəlcə 150 evdən ibarət olan Gülədik kəndinin üstünə gəldilər. Ermənilər əllərində silah onların qarşısına çıxdılar. Müsəlmanlar Ya Allah deyib ermənilərin üstünə töküldülər və bir neçə saat ərzində onlardan yüz nəfərini qətlə yetirdilər. Bununla bərabər, neçə-neçə yaralananları da var idi. 

Bundan sonra onlar 250 baş heyvan da qənimət götürüb evlərinə qayıtdılar. Müsəlman kəndləri həmin gecə istirahət etdikdən sonra səhərisi yenə də atlandılar. Bu dəfə onlar 60 erməni evi olan Damğalı kəndinə üz qoydular. Onların az olmasına baxmayaraq Paşa bəyin dəstəsinin qarşısına çıxaraq atışmağa başladılar. Müsəlmanlar onların üzərinə hücum edərək karıxdırıv və 90 nəfərəcən ermənini qətlə yetirdilər. Yaralananlar da çox idi. Bundan sonra onlar 200-ə yaxın qaramal və keçi qənimət götürərək geri qayıtdılar. Oradan Badara kəndinin üstünə  gəldilər. Bu qorxmaz dəstə orda da 16 nəfər erməni öldürdükdən sonra 60 baş qaramal qənimət götürərək kəndlərinə qayıtdılar. 

Gecə yatıb istirahət etdikdən sonra səhər durub atlarını yəhərləyərək atlandılar və Ballıca kəndinin üstünə hərəkət etdilər. Ermənilər onları hazır vəziyyətdə qorxulu qarşıladılar. Atışma başlandı. Hər iki tayfanın səs-küyü və nərələri dağa-daşa səs salmışdı. Bir qədər atışandan sonra müsəlmanlar 30 nəfər erməni öldürüb, neçəsini də yaraladıqdan sonra qənimət kimi 70 baş qaramal, 12 baş at və çoxlu miqdarda əşyalar əldə edərək geri qayıtdılar. 

Səhəri gün Paşa bəyin dəstəsi Xənəzək kəndinə hücum etdi, bu hücumdan əvvəl ermənilər öz ağaları Məmmədğa Ataxan oğluna nankorluq edərək evini dağıtmış, bağını qırıb, çobanlarını öldürmüşdülər. Dörd yüz baş qoyununu isə yığıb aparmışdılar. Buna görə də ermənilər yəqin etmişdilər ki, müsəlmanlar bunun əvəzini çıxacaqlar. Odur ki, kəndə Qaladan çoxlu silah və kömək gətirmişdilər. Müsəlmanların gurultusu eşidilən kimi onlar səngərə, övrət-uşaq isə gizli yerlərə çəkilib çığırışırdılar. Müsəlmanlar onları hər tərəfdən mühasirəyə alaraq gülləbaran etməyə başladılar”.

Mənbə: Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı. 
Vasif Əlihüseyn 
Ardı var...