24 Iyun 2024 18:27
862
HADİSƏ

Polis serjantı Mirəli Heydərov Kürdəmirdə torpağa tapşırıldı - FOTOLAR

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərdən biri - polis serjantı Mirəli Heydərov ilə Kürdəmirin Cəyli kəndində vida mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, vida mərasimində Daxili İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri, eləcə də şəxsi heyət, həlak olan polisin doğmaları, rayon sakinləri, qazilər, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra polis serjantı Mirəli Heydərov Cəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, iyunun 24-də paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.