Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
Afrika Futbol Konfederasiyası (CAF) 2027-ci ildə keçiriləcək Millətlər Kubokunun təşkili ilə bağlı alternativ variantları nəzərdən keçirir.
Adalet.az “Goal” nəşrinə istinadla xəbər verir ki, Keniya və Uqandanın infrastruktur layihələrində yaranan gecikmələr qitə futbolunun ali qurumunda narahatlıq yaradıb. Keniya, Uqanda və Tanzaniyanın birgə ev sahibliyi edəcəyi turnirin 2027-ci il iyunun 19-dan iyulun 17-dək keçirilməsi planlaşdırılır.
CAF-ın son yoxlamaları zamanı regionda stadionların hazırlığı, hotel infrastrukturu və digər logistika məsələləri ilə bağlı problemlər müəyyənləşib. Bu səbəbdən qurum mümkün alternativ ev sahibləri ilə ilkin təmaslara başlayıb.
Mərakeş, Cənubi Afrika Respublikası və Əlcəzair ehtiyat variantlar sırasında nəzərdən keçirilir. Kot d`İvuar və Misirin də alternativ ev sahibi kimi gündəmdə olduğu bildirilir.
Bununla belə, CAF prezidenti Patris Motsepe Şərqi Afrika üçlüyünün turnirə ev sahibliyi edəcəyinə əminliyini ifadə edib. O, eyni zamanda hazırlıq prosesinin başa çatdırılması üçün hələ görüləsi işlərin çox olduğunu vurğulayıb.
Qeyd edək ki, CAF son illər hazırlıqların vaxtında başa çatdırılmaması səbəbindən Afrika Millətlər Kubokunun ev sahibliyini bir neçə dəfə dəyişib. 2013-cü ildə turnir Liviya əvəzinə Cənubi Afrikada, 2015-ci ildə Mərakeş əvəzinə Ekvatorial Qvineyada, 2017-ci ildə Liviya əvəzinə Qabonda, 2019-cu ildə isə Kamerun əvəzinə Misirdə keçirilib. 2025-ci il turnirinin təşkili hüququ da ilkin olaraq Qvineyaya verilsə də, sonradan Mərakeşə həvalə olunub.


Bakı -°C

