17 Dekabr 2024 14:30
345
MƏMLƏKƏT

Polkovnik: "Hər daşından separatizm tökülən o abidə sökülməlidir" 

Yenidən Ermənistanda “şüvənlik” , “məzlumluq” prosesinə start verilib.


Adalet.az xəbər verir ki, Xankəndi şəhərində 1967-ci ildə ucaldılmış Biz və bizim dağlarımız” adlı heykəlin (Əsl adı “tatik- patik”dir-red-Ə.R) söküləcəyi ilə bağlı Ermənistanın İctimai Radiosu məqalə dərc edib: “Azərbaycan təbliğat maşını yeni tezis irəli sürur ki, bu abidə Azərbaycan pulu ilə tikilsə də, “erməni separatizminin simvoluna çevrilib”, ona görə də sökülməlidir.
Təsdiq edə bilərik ki, Azərbaycan hökuməti Xankəndinə gələn öz sakinlərinə abidənin üzərini müxtəlif yazılarla örtməyi qadağan etmir, eyni zamanda abidənin sökülməsi ilə bağlı yenidən müzakirələrə təkan verir”.
Mövzu ilə bağlı «Əməkdar jurnalist» eyni zamanda polkovnik Hikmət Xudiyev fikirlərini Adalet.azla bölüşdü. O bildirdi ki, Xankəndinin girişində qoyulan “Biz və bizim dağlar” (“Tatik və papik”) abidəsinin baxmayaraqki, 1967-ci ildə Azərbaycanın büdcəsi hesabına tikilib, amma onun Azərbaycanla heç bir əlaqəsi yoxdur:" Erməni əsilli heykəltəraş Sarkis Baqdasaryan abidənin müəllifi olub. Qanlarında separatizm olan toplumun nümayəndəsi Baqdasaryan Azərbaycan ərazisində milli erməni geymində öz nənə babasını canlandırır. Bilmirəm siz , abidəyə diqqət etmisiniz ya yox, abidənin yarıdan çoxu torpaqdadır. Yən, Baqdasaryan bununla simvolik olaraq deyir ki, biz qədimdən bu torpaqda doğulmuşuq, buradan kök atıb böyümüşük. Yəqin o da sizə məlumdur ki, abidənin üzü Ermənistana tərəfdir. Həmin o erməni tatik –patik bu abidə ilə Ermənistandan imdad diləyir, birlik olmağı arzulayır.

Abidə sırf separatizm püskürür. Bir Xankəndi sakini olaraq hələ işğaldan əvvəl də o abidəni görən gözüm yox idi və indi də onu orada görmək istəmirəm. Elə gənclik çağımda bu abidəyə qarşı antipatiyam sonradan öz təsdiqini tapdı. Beləki, sonralar Qarabağdakı seperatçı-terrorçular abidəni özlərinin simvolu kimi qondarma "gerb"lərində təsvir etdilər. Bu gün o abidə artıq orada olmamalıdır. Çünki bu abidə ermənilərin “Qarabağ bizimdir” deməyə şərait yaradır, ermənilərin əraziyə 1918-ci ildə deyil, daha uzaq zamanlarda gəldiyini önə sürür. Sökülməsə, ermənilərin yersiz və mənasız iddiaları dünyaya sıçrayacaq, Azərbaycanı dünyada gözdən salmaq üçün o abidədən istifadə edəcəklər”-deyə H. Xudiyev vurğuladı.

Qeyd edək ki, ötən il bu məsələ ilə bağlı ermənilər haray-həşir salmış, Azərbaycanı “erməni isini” dağıtmaqda günahlandırmışdı. Həmin vaxt Xocalı sakini, Milli Məclisin deputatı Elman Məmmədov Pravda.az-a açıqlama verərək bildirmişdi ki, ermənilər dünyaya haray salırlar ki, guya biz onların “dini-tarixi abidələrini” dağıdırıq, məhv edirik və bu qətiyyən belə deyil:”Özünü tarixçi, alim adlandıran müxtəlif şəxslər mətbuata açıqlama verib yozurlar ki, “Baba-nənə” abidəsi guya qoşa dağlardır, özündə uzunömürlülüyü ehtiva edir. Qətiyyən belə deyil. Bu abidə ermənilər tərəfindən məqsədli qoyulmuşdu ki, həmin ərazi tarixən guya ermənilərə məxsus olub. Azərbaycan rəhbərliyi də həmin vaxt abidənin sökülməsi, o vaxtkı “Dağlıq Qarabağ” muxtar vilayətinin birinci katibinin cəzalandırılması ilə bağlı məsələ qaldırmışdı. Ancaq Moskva buna imkan verməmişdi. “Baba-nənə” erməni qoca kaftar kişi ilə qoca kaftar arvadını özündə əks etdirir. Ciddi şəkildə, qətiyyətlə təklif edirəm ki, mütləq abidə sökülməlidir. Çünki Azərbaycana, Azərbaycan millətinə, tarixinə, memarlığına heç bir aidiyyəti yoxdur. Yerində “Dəmir yumruq”, yaxud nə qoyulacağı isə artıq dövlət başçısının səlahiyyətində olan məsələdir. Mən bir Azərbaycan vətəndaşı, orada yaşamış sakin kimi münasibətimi bildirirəm. Ermənilər gördülər ki, bunlara dəyib-toxunan yoxdur, abidədən 100 metr aşağıda, Xankəndi şəhərinin girişindəki Dövlət Yol Polisi postunun yanında, düz yolun ortasında başqa bir abidə də ucaltdılar. Adını qoydular ki, guya açar formasındadır, amma xaç formasında idi. Bu da məqsədli idi. Artıq bununla o dövrdə proseslərə giriş başlamışdı”

 Əntiqə Rəşid