Prezident Aytmatovun ailəsi ilə çay süfrəsi arxasında söhbət etdi - FOTOLAR
Xəbər verdiyimiz kimi, Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib.
Adalet.az-ın məlumtına görə, dövlət başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev muzeyinə gedib.
Prezident İlham Əliyev əvvəlcə ev muzeyi ilə tanış olub.
Məlumat verilib ki, muzey Bişkek yaxınlığındakı “Ala-Arça” dövlət iqamətgahında - 1986-cı ildən yazıçının ömrünün son 20 ilini yaşadığı evdə yerləşir. Qırğız xalqının böyük oğlunun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə burada yaşayırlar.
Ev muzeyi Çingiz Aytmatovun həyat yoldaşı Mariya Urmatovna, övladları Eldar və Şirinin təşəbbüsü ilə 2014-cü il dekabrın 12-də açılıb.
Çingiz Aytmatovun kiçik oğlu Eldar yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.
Evin ikinci hissəsində Eldar Aytmatov və ailəsi yaşayır. Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.
Daha sonra Prezident İlham Əliyev və Çingiz Aytmatovun ailə üzvləri birgə çay süfrəsi arxasında söhbət ediblər.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.