Prezident Azərbaycan qadınlarını TƏBRİK ETDİ
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.
Adalet.az xəbər verir ki, təbrik mətnində deyilir:
"Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.
Ölkəmizdə tarixən qadının cəmiyyət həyatında fəal iştirakına həmişə rəğbət və hörmətlə yanaşılmışdır. Azərbaycan qadınlarının bir çox qabaqcıl dünya ölkələri qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etmələri bu mütərəqqi münasibətin ifadəsidir. Ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe və nüfuz sahibi olmuş qadınlarımız təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində bu gün də uğurla çalışmaqdadırlar. Maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir.
Əminəm ki, qadınlarımız gənc nəslin Vətənə və milli ideallara sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizə yeni töhfələr bəxş edəcəklər.
Əziz xanımlar!
Bayramınız mübarək olsun!".
Digər Xəbərlər
06 Mart 2026 23:58
Ceyhun Bayramov BMT Baş katibinə məktub ünvanladı
06 Mart 2026 22:00
Prezident Babişə təşəkkür etdi
06 Mart 2026 17:55
"Sosial mediada İranın xain dron hücumu barədə manipulyativ fikirlər yayılır" - Komissiya
06 Mart 2026 17:49
Prezident Edi Ramaya təşəkkür etdi
06 Mart 2026 17:15
Azərbaycan bu ölkələrə TƏŞƏKKÜR ETDİ
06 Mart 2026 16:44
Belarusun XİN rəhbəri Ceyhun Bayramova zəng etdi
06 Mart 2026 15:35
Türk Dövlətləri Təşkilatı toplanır - Azərbaycana hücum masada
06 Mart 2026 14:15


Bakı -°C

