12 Noyabr 2024 17:09
282
SİYASƏT

Prezident bir sıra görüşlər keçirdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo ilə görüşüb.

***15:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez ilə görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez ilə görüşüb.

Prezident İlham Əliyev İspaniyada baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı başsağlığını çatdırdı.

Pedro Sançez göstərilmiş həmrəyliyə və başsağlığına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Dövlət başçısı dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə İspaniya Krallığı Hökumətinin Sədrinə təşəkkürünü ifadə etdi, onun ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu dedi.

Pedro Sançez COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. O, bu tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı.

Qonaq qeyd etdi ki, gələn il İspaniyada BMT-nin Davamlı İnkişafın maliyyəlləşməsinə həsr olunmuş böyük tədbirinin keçirilməsi planlaşdırılır və COP29-un nəticələri də onun uğurlu olması işinə xidmət edəcək.

Prezident İlham Əliyev COP29-un artıq səmərəli nəticələr verməyə başladığını məmnunluqla vurğuladı.

İspaniya Hökumətinin Sədri Azərbaycanın Sivilizasiyalar Alyansına göstərdiyi töhfəni yüksək qiymətləndirdi.

Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, bunun üçün birgə işçi qrupunun yaradılması və biznes forumların keçirilməsi barədə razılıq əldə olundu.

Söhbət zamanı ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, investisiyalar, infrastruktur layihələrinin icrası sahələrində böyük imkanların olduğu qeyd edildi, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda İspaniya universitetlərinin açılması perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***14:46

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah ilə görüşüb.

Adalet.az xəbər verir ki, Vəliəhd Şahzadə II Əl Hüseyn bin Abdullah atası - İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kral II Abdullah ibn Əl Hüseynə çatdırmağı xahiş etdi.

Qonaq COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

İlk dəfə Azərbaycanda olduğunu bildirən İordaniya Haşimilər Krallığının Vəliəhdi ölkəmizdə gördüyü inkişaf proseslərinin onda böyük təəssürat hissi yaratdığını dedi.

Söhbət zamanı Qəzzaya humanitar yardımların göstərilməsində Azərbaycanla İordaniyanın birgə əməkdaşlığı və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə də Fələstinə humanitar yardımları qeyd edildi.

***

***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.

Adalet.az xəbər verir ki, qonaq Prezident İlham Əliyevə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu çıxışına görə minnətdarlığını bildirdi.

O, dövlətimizin başçısının Azərbaycanla Küveyt arasında əməkdaşlığın inkişafına daim öz dəstəyini verdiyini vurğuladı.

Söhbət zamanı birgə iqtisadi komissiyanın fəaliyyətinin canlandırılması qeyd olundu, turizm sahəsində əməkdaşlığa toxunuldu, Küveytdən olan turistlərin Azərbaycana səfərlərindən məmnun qaldıqları vurğulandı.

Görüşdə ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah ilə görüşüb.