adalet.az header logo
  • Bakı 26°C
16 Iyun 2022 11:37
746
MARAQLI

Prezidentə sui-qəsd “üsulu”, Fransada “sevgi alması”: Pomidorun tarixi və faydaları

Artıq yaz ömrünü başa vurmaqdadır. Bu o deməkdir ki, bütün market və bazarlarda təbii yolla becərilən, əldə edilən meyvə-tərəvəzin mövsümü başlayıb. Həmin tərəvəzlərin başında isə pomidor dayanır.Çünki, pomidor elə bir tərəvəzdir ki, onu hər fəsildə yemək olar. Salatlarda, turşularda və müxtəlif yeməklərdə onlardan çox istifadə edilir.

Loğman nənələrin tanıdığı pomidor

Pomidorun elə faydaları var ki, onu vaxtı ilə heç bir tibbi savadı olmayan nənələrimiz- babalarımız bizə məsləhət görüb.

Məsələn, nənələrimiz ürək-damar xəstəliyi olan insana ət yeməyin ziyan olduğunu, daha çox tərəvəzdən hazırlanmış yeməklərin, xüsusən pomidordan istifadə etməyi məsləhət görərdilər. Sonralar loğmanların həkimlərin tibbi dərgilərdəki məlumatların oxuyub öyrəndik ki, pomidorda olan likopen maddəsi, C və E vitaminləri ürək-damar xəstəliklərinin qarşısını alır və hüceyrələri qoruyur. Yəni, nənələrimizi bilgiləndirən zaman-zaman möhkəmlənən insan təcrübələrin olub. Bu təcrübələr inanılıb və riayət olunub, sonda öz şəfasını göstərib.

Yəqin ki, siz kiçik yaşlarındaykən ananızın yaxud nənənizin əlinizə bir parça çörək, bir dənə də pomidor verib yeməyinizi tələb etdiyini də unutmamısınız. Deməli, bunun da öz məqsədi varmış. Sən demə, belə bir nahar sümüklərə çox faydalıymış. Bunu da araşdırmalar ortaya qoyub. Yavan çörəklə yediyimiz adi pomidor sümüklərimizin qüvvətlənməsinə, qorunmasına müsbət təsir göstərmiş.Hətta bu sadə nahar uşaq yaşlarından başlayaraq kitaba-dəftərə baxdığımız üçün gözümüzə öz xeyrini verirmiş. Göz yorulmurmuş, ağrımırmış...Hələ üstəlik evdə pomidor yeməkləri bişirilən zaman doğranmış pomidorun suyunu yəqin ki, zorla da olsa sizə içirdiblər.Sən demə, bəzən əsəbləşib içdiyimiz, bəzən könüllü içdiyimiz 1 stəkan pomidor suyu gündəlik A vitamini ehtiyacının təxminən 20%-ni təmin edirmiş. A vitamini isə gözün sağlamlığı üçün ən vacib vitaminlərdən biridir.

Böyüdükcə anladıq ki, evdəkilərin bəzən xoşluqla, bəzən zorla bizə yedirdiyi üçün pomidorların sağlamlığımız üçün faydası böyük imiş.

Prezidenti “zəhərləyəcək pomidor”un aqibəti

Fransızların "pom d‘amur" – "sevgi alması" dediyi qırmızı, çəhrayı və sarı rəngdən başqa Zaqatalada pomidorun Ukraynadan gətirilmiş toxumunun qara rəngi də becərilir. Qara pomidorun hətta satışı da həyata keçirilir

Adalet.az xəbər verir ki, vətəni Qalapaqos adaları və Cənubi Amerikanın Sakit okean sahilləri boyunca ensiz zolağı əhatə edən Çili, Peru və Ekvador ərazilər olan bu pomidordan Avropa botaniklərinin 1553–1554-cü illərdə xəbəri olub. Onu yetişdirən və qida məhsulu kimi istifadə edən hindilər bu bitkini "tumatl" adlandırırdılar.

Burda bir ağılsız aşpazın ağılsız bir hərəkətini sizə çatdırmasam “pomidor” yazım maraqlı olmaz: Deməli, XIX əsrin ortalarına qədər Amerikada bu bitki zəhərli hesab olunurdu. O qədər zəhərli hesab olunurdu ki, 1776-cı ildə Amerikanın azadlıq uğrunda mübarizəsi zamanı Corc Vaşinqtonun aşpazı pomidorla bişmiş ətlə onu zəhərləməyə çalışır. Ət yeməyinin içərisinə çoxlu pomidor əlavə edib Corc Vaşinqtonun süfrəsinə göndərir . Yeməyi göndərən kimi də gedib özünü asıb ki, onsuzda prezident yeməkdən sonra öləcək bunu tutub pis günə qoyacaqlar. Bu intihar edən zaman C. Vaşinqton yeməkdən zövq alıb, tomatların qeyri-adi dadına heyran qalıb, yeməyi çox dadlı və ləzzətli hesab edib. Xülasə, keçək “pomidorun faydaları”na...

Biz axı, bu pomidorun nəyinə vurulmuşuq? – Səbəblər “N” qədər...

Elmin verdiyi məlumata görə,xərçəngin riskini azaldan məhsulların arasında pomidor birinci yerlərdədir.

Araşdırmalar göstərib ki, onun tərkibində olan likopin maddəsi həqiqətən xərçəng və ürək-damar sistemi xəstəliklərinin inkişafından qoruya bilər.
Bu yaxınlarda Saglamolun.az-da pomidor haqqında bir yazıya rast gəldim.Nəşr yazırdı ki, pomidor arıqlamağa da kömək edir:” Bu məqsədlə diyetoloqlar arıqlamaq istəyən insanlara pomidordan hazırlanmış smuziləri tövisyə edir. Belə ki, tanınmış rusiyalı diyetoloq Marqarita Korolyova Komsomolskaya Pravda-ya müsahibədə çox faydalı smuzi reseptini təqdim edib.

3 orta ölçüdə "ətli" pomidor, 1 çimdik sarıkök götürülür. Pomidorun qabığı soyulur, blenderdən keçirilir, sarıkök əlavə olunur, qarışdırılır. Bu qarışığı hər gün yeməkdən 1 saat sonra içmək lazımdır.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı pomidor şirəsini içmək olmaz. Bu xəstəliklər arasında: mədə xorası, xolesistit və pankreatit (öd kisəsi və mədə altı vəzi iltihabı), öd daşı və böyrək daşı xəstəliyi, böyrək və sidik kisəsinin iltihablar.

“Doctor.az” isə yazır ki, pomidor əhval-ruhiyyəni yüksəldir. Pomidorun tərkibində olan serotonin isə əhval-ruhiyyənin yüksəlməsinə kömək edir.
Pomidor tromb formalaşmasının əleyhinə təsir edir. Amerikalı tibb işçiləri müəyyən ediblər ki, pomidorun tərkibində xüsusi maddə var və tədqiqatçılar bu maddəni P3 adlandırıblar. Bu maddə kifayət qədər faydalıdır. P3 qanı durulaşdırır və tromb formalaşmasına qarşı çıxır.

Pomidor böyrəkləri təmizləyir. Pomidor böyrək və sidik kisəsi xəstəlikləri zamanı diuretik rolunu oynayır. Çünki pomidorun tərkibinin 94 faizi sudan ibarətdir.
Pomidor dərini cavanlaşdırır. Tərkibində olan bol miqdarda olan B vitamin qrupu sayəsində pomidor üz dərisinin rəngini yaxşılaşdırmağa, qırışları azaltmağa və ümumi olaraq dərini cavanlaşdırmağa kömək edir.

Pomidor iştahı azaldır. Pomidorun aşağı kalorili olması və tərkibində xrom olması orqanizmin tez doymasına şərait yaradır və güclü aclığın qarşısını alır. Eyni zamanda bir çox pəhrizlərdə də menyuya pomidor əlavə edilir. Bəzən isə pəhrizlər əsasən qırmızı pomidora əsaslanır.

Pomidor qan təzyiqini normallaşdırır. Pomidorun tərkibində olan pektin maddəsi qan təzyiqini normallaşdırır və qanın tərkibindəki xolesterin miqdarını azaldır.

Qeyd edək ki, pomidor bitkisi Avropada 1554-cü, Rusiyada 1780-ci ildən mövcuddur. Hesab edirik, pomidor Azərbaycana daha əvvəl gəlib. Çünki, Azərbaycandan keçən Böyük İpək Yolu varlığı və hnidli tacirlərin hələ qədimdən ərazilərimizdə ticarət nöqteyi-nəzərindən mövcudluğu fikrimizi təsdiq edir.


Əntiqə Rəşid